AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev Avropa Komissiyasının COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) Assosiasiyasının nümayəndələri – Judit Litjens və Kjistof Qulda ilə görüşüb.
Görüşdə akademik İbrahim Quliyev qonaqlara AMEA-da geologiya, fizika, kimya, informasiya texnologiyaları, paleontologiya, humanitar və ictimai elmlər sahələrində aparılan tədqiqatlar, o cümlədən palçıq vullkanları, neft və qaz yataqlarının öyrənilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Akademiyada elm və təhsilin inteqrasiyasına ciddi diqqət yetirildiyini deyən alim Yüksək Texnologiyalar Parkının fəaliyyəti, elmi nəticələrin istehsalatda tətbiqi və elmin kommersiyalaşması sahələrində həyata keçirilən işlərdən danışıb.
Birinci vitse-prezident Akademiyanın dünyanın bir sıra nüfuzlu elm mərkəzləri ilə sıx əməkdaşlıq etdiyini deyərək, ölkə alimlərinin müxtəlif beynəlxalq proqram və layihələrdə fəallıq göstərdiyini bildirib. Vurğulayıb ki, elmin prioritetlərindən biri də Azərbaycan alimlərinin xarici həmkarları ilə birgə meqalayihələrdə iştirakıdır.
Səmimi qəbula görə akademik İbrahim Quliyevə minnətdarlığını bildirən Judit Litjens AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil olunan COST proqramının fəaliyyəti üzrə məlumatlandırma seminarının əhəmiyyətini qeyd edib. O, seminar çərçivəsində alim və mütəxəssislərə COST proqramında iştirak imkanları və layihələrə qoşulmaq üçün müraciətlərin hazırlanması qaydaları barədə məlumatların verildiyini deyib. Ali təhsil müəssisələri ilə akademik qurumlar arasında sıx əməkdaşlığa yönələn layihə haqqında danışan COST Assosiasiyasının nümayəndəsi qurumun AMEA ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Görüşdə, həmçinin COST proqramı üzrə Milli əlaqələndirici şəxs, Azərbaycan Milli Antidopinq Agentliyinin Elm şöbəsinin müdiri İlham Hümbətov və AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva da iştirak ediblər.