Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik İnstitutunun direktoru Faiq Xudayev, direktor müavini b.ü.f.d. Nizami Hümbətov, Otlaqlar laboratoriyasının müdiri Rasib Zeynalov AMEA Botanika İnstitutunda olublar. Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə görüş zamanı qonaqlara İnstitutun müasir elmi-tədqiqat istiqamətləri, beynəlxalq aləmə inteqrasiyası barədə məlumat verib. Xatırladıb ki, müasir çağrışları və dövlət maraqlarını nəzərə alaraq ötən ildə Kənd Təsərrüfatı Nazirliyinin bir sıra institutları ilə müqavilə imzalanıb, hazırda onların tənzimlənməsinə ehtiyac var. Aqrar sahənin inkişafı üzrə İnstitutun alimlərinin apardıqları səmərəli elmi-tədqiqat işlərindən bəhs edən akademik rəhbərlik etdiyi institutun müxtəlif dövlət qurumları ilə əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, İnstitutda 2016-cı ildən başlayaraq “ərzaq təhlükəsizliyinin qorunması və kənd təsərrüfatının inkişafında elmin yaxından iştirakının təmin edilməsi” üzrə elmi-praktiki nəticələrin alınması və məhsuldarlığın yüksəldilməsinə xidmət edən elmi-tədqiqat işləri yerinə yetirilir.
İki elmi müəssisə arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələrdə İnstitutun elmi işlər üzrə direktor müavini, professor Eldar Novruzov, Etnobotanika laboratoriyasının müdiri, professor Səyyarə İbadullayeva öz təkliflərini təqdim ediblər. Gənc doktorant Xatirə Qasımova təqdimatla ilə çıxış edərək təsərrüfat əhəmiyyətli bitkilərə dair alınan nəticələrdən danışıb. Quraqlığa və duza davamlı yabanı və mədəni yem bitkilərinin becərilməsi istiqamətində təkliflər təqdim olunub. Nəticədə təklif olunan 3istiqamət üzrə işlərin birgə aparılması, müqavilələrin genişləndirilməsi, layihələndirilməsi və bu sahələrdə gənclərin fəal iştirakı qərara alınıb.