Son vaxtlar AMEA-da aparılan struktur dəyişiklikləri, ölkə elminin beynəlxalq aləmə inteqrasiyası ilə bağlı tədbirlərin genişləndirilməsi, mövcud problemlərin həllinə dair müzakirələrin təşkili, xüsusən də elmi nailiyyətlərin ölkə iqtisadiyyatına tətbiqi istiqamətində görülən işlər elm adamları qarşısında ciddi vəzifələr qoyur.
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi də fəaliyyətini yeni istiqamətdə qurmaq üçün mühüm tədbirlər həyata keçirir. Mərkəzin əsas elmi mövzularından biri Lənkəran bölgəsi üçün xarakterik olan çayçılıq və sitrusçuluqla bağlıdır. Məlumdur ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə əlaqədar bir sıra mühüm qərarlar qəbul edilib, həmin qərarlara əsasən əhəmiyyətli tədbirlər həyata keçirilib. AMEA Rəyasət Heyətinin 11 dekabr 2019-cu il tarixində baş tutan Ümumi yığıncağı və cari ildə akademiyada Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və Kənd Təsərrüfatı naziri İnam Kərimovla görüş zamanı AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bildirib ki, dövlət başçısının ölkəmizin hərtərəfli inkişafı üçün apardığı islahat və yenilənmə xəttinə fəal şəkildə qoşulmaq, ona dəstək vermək hər bir vətəndaşın, xüsusilə alimlərimizin mənəvi borcudur.
Son dövrlər əldə edilən elmi nəticələrin ölkə iqtisadiyyatına tətbiq edilməsi respublikamızda çayçılığın inkişafının daha da sürətlənməsinə təkan verib. Belə ki, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə birgə apardığı tədqiqatlara əsasən yaradılan 4 yüksək məhsuldar və keyfiyyətli çay sortunun 2019-cu ildə Dövlət Sort Sınağından uğurla keçərək qeydə alınması buna əyani sübutdur.
Bununla yanaşı, mərkəzdə yeni yaradılan çay sortlarının artırılması və çayçılıqla məşğul olan təsərrüfatlara təklif edilməsi məqsədilə əməli tədbirlər görülür. Ötən ilin payızında ilk dəfə olaraq yeni sortlardan ibarət məhdud ərazidə anaclıq çay plantasiyası salınıb. Həmçinin həmin ərazidə yaşıl çay çiliklərini yetişdirmək üçün sadə dumanyaradıcı qurğunun təşkilinə nail olunub.
Elmi Mərkəz tərəfindən həyata keçirilən işlər elmi nəticələrin praktiki olaraq təsərrüfatlarda tətbiqinə yönəlib. Mərkəzin direktoru, professor Fərman Quliyev bildirib ki, fevral ayında təcrübə çay plantasiyasında məhdud miqdarda ağır budama aparılıb. Əldə olunan yenicə rayonlaşdırılmış yüksək məhsuldar sortlar gələcəkdə nümunəvi çay plantasiyasının salınmasına, keyfiyyətli çay əkin materiallarının praktiki nümayişinə imkan verəcək.
Professor F.Quliyev mərkəzdə sitrusçuluq sahəsində də bir sıra nailiyyətlərin əldə olunduğunu bildirib. Onun sözlərinə görə, yeni yaradılan daha məhsuldar “Lənkəran meyeri” limonu və “Karlik tezyetişən” naringi sortları 2018-ci ildə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilib. Hazırda bu bitkilərin sınağı uğurla davam etdirilir. Bundan əlavə, mərkəzdə bölgə üzrə ilk dəfə introduksiya olunmuş tropik-suptropik bitki olan quayava üzərində aparılan tədqiqat işləri başa çatmaq üzrədir.
Lənkəran Regional Elmi Mərkəzində AMEA rəhbərliyinin apardığı islahat və yenilənmə xəttini, eləcə də çayçılıq və sitrusçuluq üzrə Dövlət Proqramlarını əsas götürərək multidissiplinar tədqiqatların aparılması, mərkəzin fəaliyyət istiqamətlərinin daha da genişləndirilməsi nəzərdə tutulur.