Arxiv
AMEA Botanika İnstitutunun “Plant & Fungal Research” jurnalının növbəti nəşri hazırlanır
16.04.2020

AMEA Botanika İnstitutunun dövrü nəşri olan “Plant & Fungal Research” jurnalı 2018-ci ildə təsis edilmişdir. Jurnal əsasən Azərbaycan alimlərinin müasir elm aləminə beynəlxalq inteqrasiyasını təmin etmək və xarici ölkələrin aparıcı alimlərinin jurnalın formalaşması üzrə fəal iştiraka cəlb etmək məqsədini daşıyır. Bu məqsədə çatmaq üçün qarşıda duran əsas vəzifə ölkəmizdə bitki və göbələk sahəsində aparılan tədqiqatları müasir tələblərə uyğunlaşdırmaq, çap olunan elmi əsərlərin səviyyəsini yüksəltmək və beynəlxalq miqyaslı tədqiqat işləri sırasına əlavə etməkdən ibarətdir. Bu fəalliyyət AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramının müvafiq bəndlərinə tam cavab verir və yeni cağırışların həllinə yönəldilmişdir.
Jurnal bu yaxınlarda Azərbaycan Respublikası yanında AAK-ın Biologiya və Aqrar Elmləri üzrə elmi məqalələrin Azərbaycan Respublikasında dərc olunması tövsiyə edilən dövrü elmi nəşrlərin siyahısına daxıl edilmişdir. Həmçinin çox fərəhli haldır ki, jurnalın üç nəşr edilmiş sayında təqdim edilən məqalələr üçün Beynəlxalq Obyektin Rəqəmsal İdentifikatoru – DOI nömrələr alınmış və jurnalın internet saytına (www.plantfungalres.az) yerləşdirilmişdir.
Dünyada Koronovirus (COVID-19) təhlükəsinin miqyasının durmadan genişləndiyi və həmçinin respublikanın bu problemlə üzləşdiyi bir zamanda karantin rejimi şəraitində redaksiya heyətinin üzvləri həm yerli, həm də beynəlxalq səviyyədə əməkdaşlığı yüksək əzmkarlıqla davam etdirirlər. Artıq jurnalın 2020-ci ilin iyun ayı üçün nəzərdə tutulan növbəti 4-cü sayının tərtibatına başlanılmışdır. Qeyd etmək lazımdır ki, beynəlxalq tələblərə uyğun rəsmi təsdiq edilmiş sözügedən jurnala məqalələr ingilis dilində və yalnız elektron formada birbaşa internet saytı üzərindən ilboyu göndərilə bilər. Jurnalın internet saytında yer almış məqalələr texniki baxışdan keçirildikdən sonra rəy alınması üçün müvafiq xarici mütəxəssislərə göndərilmiş və hazırda onların bir sırasına dair rəylər redaksiyaya daxil olmuşdur.