Arxiv
Botanika İnstitutunun əməkdaşları Azərbaycanın şimal-şərq rayonlarında ibtidai bitkilərin monitorinqini aparıblar
23.06.2020

Təbiətdə müşahidə edilən biomüxtəlifliyin azalmasın və növlərin itmə təhlükəsinin qarşısın alınması üçün məqsədyönlü mühafizə strategiyalarınıın düzgün tətbiq edilməsi olduqca vacibdir. Bu istiqamətdə sistematik monitorinqlərin keçirilməsi məqsədəuyğundur. Cari ilin iyun ayında AMEA Botanika İnstitutun Algologiya və lixenobriologiya laboratoriyasının əməkdaşları alqoflorasının  öyrənilməsi və meşə  ekosistemlərinin lixenobrioloji qiymətləndirilməsi üzrə Şabran rayonunda geniş monitorinqlər aparıblar.

Monitorinqin əsas məqsədi regionda antropogen təsirə məruz qalan çaylarda, göllərdə yosunların  vəziyyəti və kontinental sututaralarında yayılması, regional alqofloraların ayrı-ayrı sistematik qruplarının müasir metodlarla öyrənilməsi və bioekoloji xüsusiyyətlərinin  müəyyən edilməsi, həmçinin bitki müxtəlifliyinin vəziyyətinin qiymətləndirilməsi olmuşdur. Şabran rayonuna təşkil edilmiş ekspedisiya zamanı 12 marşrut üzrə lixenofloristik və brioloji tədqiqat işləri aparılmışdır.

Algologiya və lixenobriologiya laboratoriyasının müdiri b.ü.f.d. Şəkər Muxtarova, b.ü.f.d. Sevda Alverdiyeva və b.ü.f.d., Aygun Məmmədova tərəfindən Şabran rayonunun Gilvar, Sincanboyat, Gələgah, Gülənli, Budiq, Cimi, Taxtalar, Dağbirci, Zöhrami, Pirəbədil və s. kəndlərindən alqoloji, lixenoloji və brioloji nümunələr götürülüb. Nəticədə 72 nüsxə lixenoloji herbari nümunələri toplanmışdır. Herbari nümunələriı müxtəlif tipli: vələs-palıdlı, palıd-vələsli və qarışıq meşələrdə(vələs, palıd, yemşan, göyrüş, zoğal, alma, fındıq, böyürtkən) ağac və kollarında  müşahidə edilmişdir. Həmçinin, 78 nüsxə brioloji herbari nümunələri toplanmışdır. Bioekoloji cəhətdən epifit, epilit, epigey qruplara aid növlər müşahidə edilmişdir. Məlum olub ki, Zeyvə çayında və Sərin, İstisu, Gilvar bulaqlarında Clorophyta, Cyanophyta şöbəsinin növləri üstünlük təşkil edir. Bu növlər çox müxtəlif təqdim olunduğuna baxmayaraq, fitoplanktonda onların əksər hallarda sporadik şəkildə tək-tək saplı individumlar kimi rast gəlindiyi göstərilmişdir. Həmçinin, 26 yosun nümunələri ümumi qəbul edilmiş metodika ilə yığılmış və identifikasiya olunmaq üçün laboratoriyaya gətirilmişdir. Əldə olunan nəticələr Azərbaycanın dəniz, su, quru ekosistemlərində yayılma yollarını müəyyən edılməsində, alqoloji və lixenobrioloji növlərin inventarlaşmasında və herbari fondunun zənginləşdirilməsində mühum rol oynayır.