Azərbaycan mətbuatında Prezident Administrasiyasında işlədiyim dövrün bəzi hadisələri haqqında yazılan məlumatlar həqiqəti əks etdirmir. Əvvəla, həmin yazıların müəlliflərinin bir çoxu müxalif mövqedə olan, bəziləri isə müxtəlif səbəblərdən hakimiyyətdən uzaqlaşdırılmış və ya hakimiyyətdə yenidən mövqe qazanmaq istəyən şəxslərdir ki, Ramiz Mehdiyev mövzusu onlara bu və ya digər şəkildə niyyətlərinə çatmaq üçün əlverişli bir vasitədir. Yazılanların hamısı birtərəfli qaydada təhrif edilərək təqdim olunan, şəxsi məqsədlərə xidmət edən uydurma və böhtanlardan ibarətdir.
Bildirmək istəyirəm ki, ölkəmizə uğurla rəhbərlik etmiş Ümummilli lider Heydər Əliyevin və yeni tarixi mərhələnin lideri İlham Əliyevin siyasətinə daim sədaqətlə xidmət etmişəm, ölkə rəhbərinin xalqımızı böyük çətinliklərdən qurtararaq bugünki inkişaf mərhələsinə çıxaran müdrik və uzaqgörən idarəçilik fəlsəfəsinin həyata keçirilməsinə sidqi-ürəklə xidmət etmişəm.
Müxtəlif dövrlərdə Vəzirovun, Mütəllibovun, Xalq Cəbhəsinin, haqsız, iddialı və narazı qrupların təzyiqlərinə, təhqirlərinə, hədə-qorxularına baxmayaraq Heydər Əliyev – İlham Əliyev yoluna sadiq qalmışam, gənclik dövründən bu günə qədər heç vaxt öz əqidəmdən dönməmişəm. Fəaliyyətimin başlıca amalını həmişə Ümummilli liderin, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan müstəqillik və azərbaycançılıq siyasətinin məsuliyyətlə icrasına sərf etməkdə görmüşəm.
Möhtərəm Prezident İlham Əliyevin “Ölkəmizin uğurlu və hərtərəfli inkişafında sizin çox böyük və danılmaz rolunuz var. Siz həmişə dövlətçiliyi hər şeydən üstün tutmusunuz” sözləri mənim üçün hər şeydən daha yüksəkdə dayanan bir qiymətdir.
AMEA-nın prezidenti kimi də ölkəmizin rəhbəri İlham Əliyevin elmimiz qarşısında qoyduğu vəzifələri ləyaqətlə və məsuliyyətlə həyata keçirməyi, cənab Prezidentin məni təyin etdiyi bu vəzifədə dövlət başçısına həmişə olduğu kimi bütün sahələrdə köməklik göstərməyi özümə borc bilirəm.
AMEA prezidenti, akademik Ramiz Mehdiyev