Arxiv
Botanika İnstitutunun aliminin Beynəlxalq Biologiya Olimpiadasında uğurlu fəaliyyəti
07.09.2020

Son illərdə Azərbaycanın elm və təhsilin uzlaşdırılmasında, bu sahədə əldə edilənən mühüm yeniliklərdə beynəlxalq səviyyədə keçirilən tədbirlərdə iştirak mühüm rol oynayır. Bu istiqamətdə məktəblilərin beynəlxalq fənn olimpiadalarında nailiyyətlərinin artırılması məqsədi ilə elmi tədqiqat müəssisələrinin, o cümlədən orada çalışan alim və mütəxəssislərin cəlb olunması üzrə mövcud əməkdaşlıq, işgüzar münasibətlər ümumilikdə təhsil sisteminə olduqca müsbət təsir göstərir.

Bu sahədə uğurlu fəaliyyət kimi cari ildə Yaponiyanın Naqasaki şəhərində keçirilməsi nəzərdə tutulan, lakin mövcud pandemiya şəraitinə görə virtual formatda baş tutan Beynəlxalq Biologiya Olimpiadasında ölkəmizi təmsil edən şagirdlərimizin tarixi uğurunu qeyd etmək olar.

Beynəlxalq Biologiya Olimpiadası Azərbaycan üzrə koordinatoru, AMEA Botanika İnstitutunun  şöbə müdiri, dos. Rəşad Səlimov olimpiadaya hazırlıq prosesi və tərəfdaş qurumların fəaliyyəti haqqında məlumat verib. Qeyd edibki, 1990-cı ildən etibarən dünyanın müxtəlif ölkələrinin ev sahibliyi etdiyi beynəlxalq olimpiadanın məqsədi şagirdlərin biologiya elminə və müasir bioloji təfəkkürün formalaşmasına maraqlarını artırmaqdır. Onun sözlərinə görə, 1994-cü ildən etibarən bu mötəbər yarışda iştirak edən milli komandamızın bilik yarışına istər nəzəri, istərsə də praktik hazırlığında Botanika İnstitutu da özünəməxsus töhfəsini vermişdir.

Xatırladaq ki, 07-12 avqust tarixlərində 52 ölkədən 200-dən çox şagirdin iştirak etdiyi 31-ci Beynəlxalq Biologiya Olimpiadasında Rəşad Səlimovun rəhbərliyi altında alim və mütəxəssislərin elmi dəstəyi ilə 1 qızıl və 3 gümüşlə böyük uğura imza atan məktəblilərimiz Yaponiya və Sinqapur məktəbliləri ilə yanaşı 5-7-ci yerləri paylaşırlar (https://ibo2020.org/en/ibo-challenge-2020/results/).