Arxiv
AMEA Botanika İnstitutunun Mikologiya laboratoriyasının əməkdaşları Lənkəran rayonunda ekspedisiyada olub
05.10.2020

Ətraf mühit müxtəlif amillərin təsirindən durmadan dəyişir və bu amillər arasında son illər təbii təsirlər və ya insanın sosial təkamülünün nəticəsi olaraq biruzə verən iqlim dəyişiklikləri bitki və göbələk aləminə təsirinə görə ön plana çıxır. Bitki-göbələk münasibətləri dramatik olaraq dəyişir, patogen göbələklərin bitkilərə neqativ təsirləri və bu təsirlərin coğrafiyasının genişlənməsi müşahidə edilir.  Bitkilərin zəifləməsi fonunda patogenlərin fəallaşması müşahidə edilir.

Botanika İnstitutunun Mikologiya laboratoriyasının əməkdaşları Lənkəran rayonunda ekspedisiyada olmuşlar. Laboratoriya əməkdaşları tərəfindən yabanı bitkilərin göbələk assosiasiyalarını öyrənmək məqsədilə meşə ekosistemlərində müxtəlif bitkilərlə assosiasiyada olan mikromiset və makromiset nümunələri toplanılmış və təyin edilmişdir. Onlardan yalançı unlu şeh (Albugo, Peronospora),  yarpaq ləkəsi törədicilərinə (Colletotrichum, Pestalotia, Septoria) aid altı patogen növ aşkar edilmişdir.

Laboratoriyanın əməkdaşları  həmçinin Botanika İnstitutu ilə Lənkəran Regional Elmi Mərkəzi (LREM) arasında  bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində sınaq sahəsində yetişdirilən yerli və introduksiya olunmuş sitrus bitkilərinə baxış keçirilmiş, yetişdirilmə şəraiti ilətanış olmuş, göbələk xəstəliklərinə nəzarət üçün müəyyən məsləhətlər vermiş və bir sıra göbələk simptomlarlu yarpaq nümunələri toplamışlar. Lakin ciddi narahatçılıq yaradacaq xəstəlik törədici aşkar edilməmişdir.