Arxiv
Akademik Ramiz Mehdiyevin Qarabağ həqiqətlərilə bağlı məqaləsi dünya erməniliyinin mərkəzlərindən biri olan Livanda tanınmış “Əl-Məyadin” telekanalının rəsmi saytında nəşr edilmişdir
27.10.2020

25 oktyabr 2020-ci il tarixində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin «Əcnəbi oxucunun diqqətinə Qarabağ həqiqətləri» adlı məqaləsi Livanın tanınmış “əl-Məyadin” telekanalının rəsmi saytında dərc edilmişdir.

Məqalədə müəllif Qarabağ tarixinin bütün dövrlərini xronoloji qaydada təhlil etmişdir. Qarabağın zəngin arxeologiyası haqqında bəhs edilən giriş hissəsindən sonra akademik bölgənin Qafqaz Albaniyası və Ərəb xilafəti dövründəki tarixinə geniş diqqət ayırmış, tanınmış xarici və azərbaycanlı alimlərin tədqiqatları əsasında uydurma erməni iddialarına münasibət bildirmişdir. Xristianlıq pərdəsi altında qədim alban irsinin mənimsənərək bütün dünyaya yanlış olaraq erməni tarixinin bir parçası kimi təqdim edilməsi məsələsi üzərində xüsusilə dayanan AMEA prezidenti ərəbdilli oxucuları bu təbliğata uymamağa çağırır.    

Məqalənin digər bir qismində isə akademik Ramiz Mehdiyev Qarabağın mədəni mərkəzi olan Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin və elminin tarixində oynadığı müstəsna rola toxunmuş, bu şəhərin yetişdirdiyi görkəmli şəxsiyyətlər haqqında məlumat vermişdir.

Yekunda isə müəllif Qarabağın hətta sovet dövründə belə Azərbaycanın tərkibində olduğunu və dünya birliyi tərəfindən yekdilliklə Azərbaycanın ayrılmaz parçası kimi qəbul edildiyini xatırladaraq erməni işğalına və iddialarına son qoyulması üçün çağırış edir.

Məlumat üçün qeyd olunmalıdır ki, “əl-Məyadin”  telekanalı Livanın Beyrut şəhərində yerləşir. “əl-Məyadin” ərəb dünyasında yayımlanan "əl-Cəzirə", "BBC News Arabic", "əl-Ərəbiyyə” və "Sky News Arabia" birlikdə 5 ən böyük televiziya kanalından biri hesab olunur. Kanalın 500-dən çox əməkdaşı və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən geniş müxbir şəbəkəsi var. “əl-Məyadin” kanalı ərəb ölkələrinin hamısında sərbəst şəkildə yayımlanmaqdadır.     

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Qarabağla bağlı məqaləsinin belə bir nüfuzlu informasiya resursunda dərc edilməsi, tarixi həqiqətlərin çoxmilyonluq ərəb dünyasına çatdırılması baxımından böyük əhəmiyyətə malikdir.

Oxucular buradan məqalənin mətni ilə tanış ola bilərlər.