Azərbaycan dövləti və şanlı ordumuz ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə doğma Qarabağ torpaqlarını erməni işğalçılarından azad edərək özünün zəfər tarixini yazır. Prezident çoxsaylı çıxışlarında bu savaşın əsl məqsədini bir neçə cümlədə aydın ifadə etmişdir: "... Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”.
Bütün bunlarla yanaşı, biz həm də regionun talan edilərək məhv olmaq təhlükəsinə məruz qoyulmuş qiymətli biomüxtəlifliyini xilas etmiş oluruq.
Hazırda bütün Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək cəbhədə ordumuzun qələbələrinə öz töhfəsini verir. Belə birlik qarşısında Ermənistanın sınıq-salxaq hərb maşınının çox duruş gətirə bilməyəcəyi şəksizdir. Ona görə də bu gün dövlətimiz və xalqımız kimi, elmi ictimaiyyət də artıq müharibədən sonrakı dövrə köklənmişdir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında da postmüharibə dövrü geniş müzakirə mövzusudur.
Bildiyimiz kimi, Qafqaz və o cümlədən Azərbaycan dünyanın ən zəngin biomüxtəliflik regionlarından biri, əksər flora və fauna elementlərinin ilkin əmələgəlmə, bəzi kənd təsərrüfatı bitki və heyvanlarının ilkin və ikinci mədəniləşdirmə və əhliləşdirmə mərkəzlərindəndir. Bu mərkəzin ən önəmli hissələrindən olan Qarabağ bölgəsi həmçinin digər yeraltı və yerüstü sərvətləri, çox qədim tarixi, unikal maddi və mədəniyyət abidələri ilə də seçilir. Dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarasının, eləcə də bir neçə min illik əkinçilik mədəniyyətini, dövlətçilik ənənələrini əks etdirən arxeoloji qazıntı yerlərinin, antik memarlıq nümunələrinin mövcudluğu Qarabağ bölgəsinin çoxşaxəli multidissiplinar tədqiqatlar üçün dəyərini bir qədər də artırır.
Tədqiqatların xarakterinə və istiqamətlərinə təsir edəcək amillərdən biri də ermənilərin işğal etdikləri ərazilərdə terror və dağıdıcılıq siyasəti aparmalarıdır. Onlar beynəlxalq hüququn norma və prinsiplərinə, ümumbəşəri dəyərlərə zidd olaraq işğal etdikləri ərazilərdə tarixi və mədəni irsimizi tamamilə məhv etmiş, yaşayış məntəqələrinə qondarma adlar qoymuş, Ermənistandan və Yaxın Şərqdən gətirilmiş erməniləri ərazilərimizdə yerləşdirmişlər.
Prezident İlham Əliyev dəfələrlə bildirmişdir ki, işğaldan azad edilmiş ərazilər tam şəkildə yenidən qurulacaq, müasir, abad yaşayış məntəqələri və infrastruktur yaradılacaq, kənd təsərrüfatı, müxtəlif sənaye sahələri bərpa və inkişaf etdiriləcək. Təbii ki, yenidənqurma və inkişaf mərhələsinə qədəm qoyan Qarabağda elmimizin, xüsusən Milli Elmlər Akademiyasının da görməli olduğu işlər çoxdur. Bölgənin tarixi, mədəniyyəti, arxeologiyası, etnoqrafiyası və təbii ehtiyatları, geoloji və coğrafi xüsusiyyətləri tədqiqat obyektləri olmalıdır. AMEA Rəyasət Heyətinin iclasında bu istiqamətlərdə kompleks tədqiqatların yenidən təşkili ilə bağlı qərar qəbul edilmişdir. Qərarda AMEA-nın Qarabağ Regional Elmi Bölməsinin yaradılması məsələsinin AMEA-nın Ümumi iclasına çıxarılması, işğaldan azad olunmuş ərazilərdə elmi-tədqiqat işlərinin bərpası ilə əlaqədar təkliflərin hazırlanıb müzakirəsinin aparılması öz əksini tapmışdır. Təbii ki, bütün bu işlərə 30 il ərzində bədnam qonşularımız tərəfindən işğal edilmiş ərazilərdə törədilmiş ekoloji fəlakətin miqyasının qiymətləndirilməsindən başlanılmalıdır.
Azərbaycan dünyanın ən qədim yaşayış məskənlərindən biridir. İlkin mənbələrdə hələ 1300 il bundan əvvəl işlənmiş və tarixi coğrafi anlayış kimi konkret məkanı bildirmiş "Qarabağ” sözü sonralar Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir. Tanrının cənnət məkanı kimi yaratdığı Qarabağ zonası özünün flora və fauna müxtəlifliyinin zənginliyi, yeraltı və yerüstü sərvətləri, bərəkətli torpaqları, kəhriz və müalicəvi bulaqları, min bir dərdin dərmanı olan şəfalı suları ilə həmişə seçilmişdir. Burada çoxsaylı, o cümlədən Azərbaycanın "Qırmızı Kitab”ına daxil edilmiş qiymətli bitki və heyvan növləri, qoruq və yasaqlıqlar mövcud olmuş, mədəni bitkilərin Azərbaycan xalqı tərəfindən yaradılmış seleksiya nümunələri geniş şəkildə becərilmişdir.
Özünün iqlim və landşaft müxtəlifliyi ilə seçilən bu ərazilərdə 2500-ə qədər bitki, o cümlədən 460 növdən çox yabanı ağac və kol bitkisi vardır. Azərbaycan Respublikasının "Qırmızı Kitabı”nın I nəşrinə (1989) daxil edilmiş 140 adda nadir və nəsli kəsilmək təhlükəsində olan bitkinin bir çoxu Qarabağdan təsvir edilmişdir. Burada yabanı halda bitən növlərdən 21-i Azərbaycan, 82-si Qafqaz üçün endem olmaqla, onlara dünyanın heç bir yerində rast gəlinmir. Daş səhləbi (xarı bülbül), Şuşa gəvəni, qaraçöhrə, Qarabağ dağ laləsi, məryəm noxudu, Şuşa xaşası, azad ağacı, ştrenbergiya kimi təbiət incilərimiz bu yurda həmişə şöhrət gətirmişdir. "Qırmızı kitab”ın II nəsrində (2013) 8 Qarabağ endemi haqqında məlumat verilmişdir. Yeri gəlmişkən, bu nəşr hazırlanan zaman Qarabağın işğal altında olan ərazilərində yayılan bitkilər barədə heç bir yeni məlumatlar əldə etmək mümkün olmamışdır.
İşğalda olan meşə ərazilərimiz barədə də məlumatlar yox dərəcəsindədir. İşğala qədər Qarabağın meşə fondu 160 min hektardan çox olmuşdur. Bəsitçay Dövlət Təbiət Qoruğu Zəngilan rayonunda Bəsitçay dərəsində, 100 hektarını Avropada yeganə təbii çinar meşəsi tutan bir ərazidədir. Qaragöl Dövlət Təbiət Qoruğu Laçın rayonunun yüksək dağlıq ərazilərini əhatə edir. Burada işğaldan öncə 100-dən artıq bitki qorunurdu. Yasaqlıqlardan ən yaddaqalanı qırmızı (qızılı) palıdın mühafizə olunduğu Laçının Hacışamlı meşəsidir. Qubadlı və Laçın ərazisində yaradılmış digər qorunan ərazi isə qırmızı palıdın, qoz ağaclarının, vələs, ağcaqayın, yemişan, ardıc və s. bitdiyi Qubadlı Dövlət Təbiət Yasaqlığıdır.
Dağlıq Qarabağda və ətraf rayonlarda mövcud olan qoruq və yasaqlıqların bir çoxu ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdı.
Qarabağ zonasında təsadüf edilən 15 heyvan növü Azərbaycan Respublikasının "Qırmızı Kitabı”nın II nəşrinə (2013) daxil edilmişdir. Qarabağ və onun ətraf rayonları çox zəngin onurğasız heyvanlar aləminə malikdir. Burada işğala qədər yayılmış növlər (4500-5000 növ) Azərbaycan üzrə ümumi buğumayaqlıların 20 faizə qədərini təşkil etmişdir. İşğal olunmuş ərazilərdə həşəratlar faunasının 56 növü nadir, endemik və nəsli kəsilmək təhlükəsindədir. Dağlıq Qarabağ və onun ətraf rayonları ərazilərində faydalı cücülərdən brakonidlər, xalsidlər, ixnevmonidlər və arıkimilər geniş yayılmışdır.
Azərbaycanın bu ərazilərində təsadüf edilən döşüdişli uzunbığ, Alp rozaliyası, Qafqaz ilbizyeyən fişqırdanı, qəşəng böcək, yarpaqyeyən böcək, ağnöqtəli andrena, tamara alacası, şəfəqsaçan, Alp sarıcası, Qafqaz sarıcası, kəlləşəkilli haf, anaxoreta sovkası, yaşıl Alp sovkası, gəşəng yaşıl sovka, məlikə ayıca, kaya ayıcası növləri "Qırmızı kitab”ın II nəşrinə daxil edilmişdir.
Qarabağın daxili su hövzələrində 12 növ balıq yayılmışdır ki, onlardan 7-si "Qırmızı kitab”ın II nəşri ilə yanaşı, Beynəlxalq Təbiəti Mühafizə Təşkilatının (IUSN) qırmızı siyahısına da daxil edilmişdir.
Respublika daxilində Kiçik Qafqazın böyük hissəsini yovşanlı-şoranotlu və şoranotlu yarıkolluq bitki qruplarının üstünlük təşkil etdiyi düzənlik yarımsəhralar tutur. Sürünən növlərinin və yarımnövlərinin əksəriyyəti (herpetofaunanın 54,7 faizi) burada cəmləşmişdir. İşğala qədər Qarabağ ərazisində 4 növ amfibi, 28 növ reptili (Azərbaycanda 11 növ amfibi və 63 növ reptili) yayılmışdır. Sürünənlərdən 6 növ Azərbaycan Respublikasının "Qırmızı Kitabı”nın II nəşrinə daxil edilmişdir. Qarabağ ərazisində reptililər üzrə tısbağalardan 3, kərtənkələlərdən 17, ilanlardan 15 növ yayılmışdır. Sürünənlərdən 6 növ "Qırmızı kitab”ın II nəşrinə daxil edilmişdir.
Kiçik Qafqazda quşlar faunası daha da zəngin olmuşdur. 1993-cü ilə qədər Qarabağ ərazisində 16 dəstəyə, 57 fəsiləyə daxil olan 288 növ (Azərbaycan ərazisində 19 dəstəyə, 65 fəsiləyə mənsub 407 quş) qeydə alınmışdır. Bunlardan 50 növ "Qırmızı kitab”ın II nəşrinə daxil edilmişdir.
Dağlıq Qarabağ ərazisində həşəratyeyənlər dəstəsinin 8, yarasalar dəstəsinin 20, dovşankimilər dəstəsinin 2, gəmiricilər dəstəsinin 19, yırtıcılar dəstəsinin 11, cütdırnaqlılar dəstəsinin 4 növü məskunlaşmışdır.
Dünyada 4675, Azərbaycanda 115, o cümlədən Qarabağ ərazisində işğala qədər 6 dəstəyə mənsub 63 məməli növü qeydə alınmışdır. Burada "Qırmızı kitab”a daxil edilmiş safsar, çay samuru, qonur ayı, zolaqlı kaftar, qamışlıq pişiyi, çöl pişiyi, vaşaq, Qafqaz bəbiri, nəcib maral, cüyür, Bezoar keçisi kimi nəsli tükənmək təhlükəsində olan orta və iriölçülü nadir məməlilər də az deyil. Bunlardan bəziləri Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına (IUSN) da daxil edilmişdir.
Qarabağın mağaraları, xüsusən Azıx mağarası BMT-nin Ətraf Mühit Proqramı Miqrasiya edən Heyvanların Konvensiyası çərçivəsində EUROBATS (Avropa Yarasa Populyasiyalarının Mühafizəsi) Razılaşması ilə beynəlxalq statusla mühafizə olunan nadir yarasa növlərinin sığınacağıdır.
1970-ci illərdə AMEA Biologiya Bölməsinin müvafiq institutları tərəfindən hazırlanmış layihə əsasında Kəlbəcər rayonunun Sarıyeri adlanan ərazisində çəmən-bataqlıq bitkiləri üçün 30 min hektar sahə ayrılmışdı ki, burada nadir və nəsli kəsilməkdə olan alp, su-bataqlıq bitkilərinin çoxaldılması istiqamətində böyük işlər aparılırdı.
Kiçik Qafqazın böyük ərazisinin Ermənistan tərəfindən işğalı, burada aparılan hərbi əməliyyatlar və işğalçıların qadağan edilmiş silahlardan istifadəsi nəticəsində bir sıra beynəlxalq konvensiyalara (Orxuskaya - 1951, QAAQ - 1965, Ramsar - 1971, Pan-Avropa (Bolqarıstan) - 1995, BMT-də Biomüxtəlifliyə dair Beynəlxalq Konvensiya - 1992, Bern - 1999 və s.), BMT-nin Davamlı İnkişaf Məqsədlərinə, digər beynəlxalq sənədlər və qanunvericilik aktlarına zidd olaraq bu unikal bölgənin biomüxtəlifliyinə, tarixən formalaşmış fauna və florasına ciddi ziyan vurulmuşdur. 26 min hektar meşə ərazisində qiymətli fıstıq, cökə, vələs, palıd ağacları (xüsusən nadir ayıfındığı və qırmızı palıd ağacları mebel, sonuncu həmçinin spirt istehsalı, çinar və s. tikinti materialı, yüngül, daşınması asan və daha çox istilik verən tozağacı meşələri yanacaq məqsədilə) talan edilərək Ermənistana daşınmış, təbii bitkiliklər (burada Şuşa şəhərinin ətraf ərazilərində meşələrin söndürülməsi mümkün olmayan və qadağan olunmuş ağ fosfor maddəsindən istifadə olunmaqla qəsdən yandırılması da xüsusi qeyd edilməlidir) dəfələrlə yandırılmışdır. Tozağacı meşələrinin qırılması nəticəsində buranın sakinləri olan endemik növlər - Qafqaz tetrası və Xəzər uları yaşayış yerlərindən məhrum olmuşlar.
Torpaqlar, su mənbələri, o cümlədən kəhrizlər və suvarma sistemləri düşmən tərəfindən dağıdılmış, bilərəkdən kimyəvi maddələrlə çirkləndirilmişdir. Zəbt olunan sahələrdə yanğınlar torpağın üst münbit qatının sıradan çıxmasından əlavə, burada məskunlaşan heyvanların yanmasına, quş yumurtalarının, balalarının tələfatına, növlərin və ya onların fərd sayının kəskin azalmasına gətirib çıxarmışdır. Yarasaların və digər canlıların toplandığı mağaralar silah anbarlarına çevrilmişdir. Bütün işğal altında olan ərazilər üzrə minalanmış sahələrdə iri heyvanlar minaya düşərək şikəst olmuş və ya ölmüşdür. İşğal həmçinin Avropadan Afrika və Asiyaya, əks istiqamətdə quşların vacib trans-Qafqaz miqrasiya yollarına da mənfi təsir etmişdir. İşğal dövründə meşələrin qırılması və daşınması, eləcə də hərbi məqsədlərlə ağır texnikadan istifadə olunması çəmənlik və otlaqlara ziyan vurmuş, torpaq eroziyasını gücləndirmişdir. Cəbhə xəttindən kənarda yerləşən rayonların mütəmadi artilleriya atəşinə tutulması nəticəsində, hətta Ağgöl və Göygöl milli parkları kimi qorunan ərazilərə və oranın canlı aləminə ciddi ziyan dəymişdir.
Erməni təcavüzünə məruz qalmış qoruqlar (Qaragöl və Bəsitçay qoruqları) talan edilmiş, dövlət yasaqlıqları (Qubadlı, Arazboyu, Daşaltı və Laçın) antropogen amillərin mənfi təsirinə məruz qalmışdır. Onu da qeyd edək ki, Şuşa və Xocalı ərazisində vaxtilə mövcud olmuş Daşaltı Dövlət Təbiət Yasaqlığı və Zəngilan rayonunun İranla sərhədində Arazboyu Dövlət Təbiət Yasaqlığının son durumu barədə məlumatlar çox azdır. Hesab edirik ki, bu qoruq və yasaqlıqlar da yeni elmi-tədqiqat obyektlərinə çevrilməlidir.
Araz və Kür çaylarının qolları olan Oxçuçay və Ağstafaçayın Ermənistan tərəfindən ən ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda da canlı aləmin həyatı üçün böyük təhlükə yaranmışdır.
İşğalçı Ermənistanın yuxarıda qeyd edilən əməllərinə ekoloji terrordan başqa bir ad vermək mümkün deyildir. Bir məsələyə də diqqət çəkmək istərdık ki, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin alim və mütəxəssisləri tərəfindən Azərbaycan Respublikasının "Qırmızı Kitabı”nın 3-cü nəşri ilə bağlı işlər həyata keçirilir. İnanırıq ki, işğaldan azad edilmiş ərazilərimizdə aparılacaq tədqiqatlar nəticəsində nadir və arealı daralan növlər barədə "Qırmızı kitab”a yeni məlumatlar daxil etmək və onların qorunması qayğısına qalmaq mümkün olacaqdır.
Artıq 30 ilə yaxındır ki, alimlərimiz Qarabağ bölgəsinin təbii bioloji müxtəlifliyi ilə yanaşı, torpaq və su ehtiyatlarının, aqrobiomüxtəlifliyinin tədqiqi ilə də məşğul olmaq imkanından məhrumdurlar. İşğal nəticəsində ümumən kənd təsərrüfatı sisteminə və regionda aparılan aqrar tədqiqatlara ciddi ziyan dəymiş, mövcud imkan və resurslardan xalqımızın rifahı və bölgənin inkişafı naminə istifadə etmək mümkün olmamışdır.
İşğaldan əvvəl Dağlıq Qarabağı əhatə edən 7 rayon üzrə torpaqların ümumi sahəsi 791432 ha, o cümlədən kənd təsərrüfatına yararlı sahə 344357 ha olmuşdur. Bundan 88060 ha birillik və ikiillik, 30757 ha çoxillik (bağlar) əkinlər üçün, 13577 ha biçənək kimi istifadə olunmuşdur. Həyətyanı sahələr 3154 ha-dan çox sahə (Ağdam və Füzuli rayonlarını istisna etməklə) tutmuşdur. Bildiyimiz kimi, Kiçik Qafqazın dağ landşaftlarının bir hissəsi, xüsusən Qarabağ vulkanik yaylası da daxil olmaqla, subalp və alp çəmənlikləri tarixən heyvandarlıqda (əsasən, qoyunçuluqda) yay otlaqları kimi istifadə olunurdu. Burada yay otlaqlarının təqribi sahəsi 145591 ha olmuşdur. Həmin rayonlar üzrə meşə sahələri 97936 ha, digər ərazilər 294716 ha təşkil etmişdir. Göründüyü kimi, uzun illər işğal altında olmuş rayonlarımız torpaq ehtiyatlarının zənginliyi və müxtəlifliyi ilə seçilmişdir.
Qarabağ tam azad edildikdən və dinc quruculuq işlərinə başlanıldıqdan sonra, ilk növbədə, qeyd edilən torpaqların yeni uçotu aparılmalıdır, yəni əkin, örüş, biçənək və otlaq sahələrinin konturları müəyyənləşdirilməlidir. Daha sonra kənd təsərrüfatının bərpasını, torpaqların təmizlənməsini, yaxşılaşdırılmasını, meliorasiya və irriqasiya sistemlərinin quraşdırılmasını nəzərdə tutan elmi əsaslı tədbirlər planı işlənib hazırlanmalıdır.
Qeyd etmək lazımdır ki, Qarabağ su ehtiyatlarının (xüsusən yeraltı suların) da böyük potensialı ilə fərqlənmişdir. Məsələn, Azərbaycanda rəsmi dövlət qeydiyyatında olan 623 kəhrizdən 332-si işğal altında qalmışdır. Bu kəhrizlərin əksəriyyəti dağıdılmış, su quyuları qəsdən çirkləndirilmiş və ya torpaqla doldurulmuşdur. Regionda böyük potensiala malik olan yeraltı sular elmi cəhətdən düzgün istifadə edilərsə, yüksək səmərə verə bilər. Hesablamalara görə, işğaldan azad olmuş ərazilərdə kəhrizlər vasitəsilə 58-60 mln. m3 su əldə etmək mümkündür. Tək Cəbrayıl rayonu ərazisində olan 111 kəhrizin il ərzində verdiyi suyun həcmi 34,7 mln.m3-ə bərabərdir.
Regionda kənd təsərrüfatı bitkilərinin və onların yabanı əcdadlarının öyrənilməsi üzrə son ekspedisiya tədqiqatları ötən əsrin 80-ci illərinə təsadüf etmişdir. Həmin dövrdə toplanmış bir sıra qiymətli nümunələr isə o zaman respublikanın elmi müəssisələrində lazımi mühafizə şəraiti olmadığından ya Ümumittifaq Bitkiçilik İnstitutuna (hazırda Ümumrusiya Bitki Genetik Ehtiyatları İnstitutu - VİR) təhvil verilmiş, ya da itib-batmışdır. Yüzilliklər ərzində xalq tərəfindən yaradılmış ənənəvi bitki sortlarının əksəriyyəti işğal nəticəsində məhv olmuş, bir qismi isə ermənilər tərəfindən özününküləşdirilmişdir. Eyni sözləri yerli qoyun, keçi və ev quşları cinsləri haqqında da demək olar. Bu mənada zona üzrə genetik ehtiyatların bərpası, toplanaraq mühafizəsinin təşkili də mühüm önəm daşıyır.
1950-1989-cu illərdə Ağdərə bölgəsində AMEA Genetik Ehtiyatlar İnstitutunun 1694 hektar torpaq sahəsi olan Qarabağ Elmi Tədqiqat Bazası mövcud olmuşdur. Burada mədəni bitkilərin və kənd təsərrüfatı heyvanlarının region üçün səciyyəvi genetik ehtiyatlarının, yerli ənənəvi xalq seleksiyası nümunələrinin toplanması, öyrənilməsi, seleksiyada istifadəsi, yeni bitki sortları və heyvan cinslərinin ilkin toxumçuluğunun və damazlıq işinin təşkili və yayılması həyata keçirilirdi.
Bu baza 1989-cu ilin iyulunda erməni təcavüzkarları tərəfindən zəbt edilmiş, orada olan torpaq sahələri, yaşayış, inzibati - təsərrüfat binaları, toxumtəmizləmə zavodu, anbarlar, ferma, artezian quyuları, transformator stansiyaları, çoxlu miqdarda kənd təsərrüfatı texnikası, cins mal-qara sürüləri (200 baş iribuynuzlu cins heyvan, camış hibridləri, 500 baş cins qoyun), meyvə, üzüm, subtropik bitkilərin genofond bağları (500 meyvə sortu), dənli bitkilərin dünya və yerli kolleksiya nümunələri, 200 mindən çox qiymətli seleksiya materialları və s. zəbt edilərək mənimsənilmişdir.
Əminliklə demək olar ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün ərazilərimizin, torpaq və su ehtiyatlarımızın, qoruq və yasaqlıqlarımızın, Sarıyeri kimi tədqiqat sahələrinin, eləcə də Qarabağ Elmi Tədqiqat Bazasının tam şəkildə işğaldan azad edilməsi ilə bölgədə boyük bərpa işləri ilə yanaşı, geniş həcmdə elmi tədqiqatların aparılması mümkün olacaqdır.
Bu gün Ermənistanla aparılan müharibə ilə yanaşı, dövlətin təhlükəsizliyini və əhalinin sağlamlığını təhdid edən çoxsaylı amillər mövcuddur. AMEA Biologiya və Tibb Elmləri Bölməsinin alim kollektivinin ciddi fəaliyyəti və əldə etdikləri nailiyyətlər ətraf mühitin və bioloji müxtəlifliyin qorunmasında, ərzaq təhlükəsizliyinin təmin olunmasında, əhalinin sağlamlığı uğrunda aparılan mücadilədə mühüm rol oynayır. Mən xüsusilə qlobal bir problemə çevrilməkdə olan biotəhlükəsizlik məsələlərinə diqqət çəkmək istərdim. Yaxın illərdə müxtəlif bioloji və kimyəvi silahlardan terror və təhdid vasitəsi kimi istifadə təhlükəsi ilə üz-üzə qala bilərik. Su resurslarının əksər hissəsinin transsərhəd çaylar vasitəsilə, xüsusən də Ermənistan ərazilərindən daxil olduğu bu problem Azərbaycanda xüsusilə aktuallıq kəsb edir. Azad edilən ərazilərdən geri çəkilən düşmən qüvvələrinin torpaq və sularımızda hansı izlər buraxacağı da təhlükə mənbəyidir və ciddi tədqiqat mövzusu olmalıdır.
Bütün qeyd edilənləri nəzərə almaqla işğaldan azad edilmiş ərazilərdə planlaşdırılan elmi fəaliyyətlərin əsas istiqamətlərini aşağıdakı kimi qruplaşdırmaq mümkündür:
- Regionun bioloji müxtəlifliyinin işğaldan əvvəlki vəziyyətlə müqayisəli kompleks tədqiqi, Azərbaycan Respublikasının "Qırmızı Kitabı”nın hazırlanması ilə bağlı prosesə Qarabağ regionunun cəlb edilməsi, introduksiya və reintroduksiya tədqiqatlarının aparılması;
- Regionda kənd təsərrüfatının bərpasının elmi əsaslarının işlənməsi, torpaqların mövcud vəziyyətinin və çirklənmə səviyyəsinin müəyyənləşdirilməsi, bərpa edilərək əkin dövriyyəsinə qaytarılması və yaxşılaşdırılmasına dair təkliflərin verilməsi;
- Regionun kənd təsərrüfatı sistemində hansı bitkilərin və onların sortlarının əkilməsinin məqsədəmüvafiqliyi ilə bağlı tədqiqatların aparılması, seçilmiş sortların toxumçuluq və tingçiliyinin təşkilinə elmi dəstək göstərilməsi, toxum və ting materiallarının biotexnoloji metodlarla çoxaldılması;
- Regionun yeraltı su ehtiyatlarının, çay, bulaq, quyu, su tutumları şəbəkəsinin, vaxtilə mövcud olmuş kəhriz sisteminin tədqiqi, bərpası və səmərəli istifadəsinin elmi əsasları;
- Bütün regionun torpaq və su (həm yerüstü, həm də yeraltı) ehtiyatlarının mikrobioloji, toksikoloji və biokimyəvi tədqiqi;
- Qarabağ Elmi Tədqiqat Bazasının və burada tədqiqat fəaliyyətlərinin bərpası, regionun genetik ehtiyatlarının burada toplanması, öyrənilməsi və mühafizəsi ilə bağlı fəaliyyətlərin həyata keçirilməsi.
Eyni zamanda oxucuların bir neçə vacib məsələyə diqqətini çəkmək istərdik. Regionun işğaldan əvvəlki, mövcud və bərpadan sonrakı vəziyyətini, burada aparılan elmi tədqiqatların nəticələrini əks etdirən fotoalbomların, müxtəlif dillərdə bukletlərin, videoçarxların hazırlanaraq yayılmasını vacib hesab edirik. Düşünürük ki, dağıdılmış, talan edilmiş landşaft elementləri, tarixi, mədəni, mənəvi əhəmiyyət daşıyan tikililər konservləşdirilərək açıq səma altında muzeylər yaradılmalıdır. Ermənilər tərəfindən talan edilmiş, dağıdılmış, saxtalaşdırılmış tarixi-mədəni abidələr, muzeylər, onların eksponat və artefaktları araşdırılmalı, müvafiq məlumatlar toplanıb sistemləşdirilərək nümayiş etdirilməlidir. Tarixi abidələrdə yerləşən və gələcək arxeoloji qazıntılardan əldə olunan bütün materiallar, xüsusən arxeobioloji qalıqlar müvafiq şəkildə analiz olunmalıdır.
İşğal nəticəsində Azərbaycanın biomüxtəlifliyinə, landşaft örtüyünə, tarixi-mədəni və təbii abidələrinə, yeraltı və yerüstü sərvətlərinə vurulmuş ziyanlara, eyni zamanda regionun bərpasında elmin iştirakına həsr edilmiş silsilə beynəlxalq konfrans və "dəyirmi masa”ların təşkil edilməsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm rol oynaya bilər.
Bu gün İlham Əliyevin yenilməz sərkərdə və müdrik Prezident kimi rəhbərliyi ilə Azərbaycanın ən yeni şanlı tarixi yazılır. Onun 17 il ərzində apardığı uzaqgörən daxili və xarici siyasət, peşəkar diplomatiya və müdrik rəhbərliyi sayəsində haqq müharibəmiz böyük bir Qələbə ilə başa vurulacaq, dövlətimizin ərazi bütövlüyü bərpa ediləcək, işğaldan azad olunacaq torpaqlarımızın hər bir guşəsində üçrəngli Azərbaycan bayrağı fəxarətlə dalğalanacaq.
Artıq Azərbaycan Böyük Qayıdış və Böyük Dirçəliş ərəfəsindədir. Bu dirçəliş və inkişaf planlarının gerçəkləşdirilməsi istiqamətində Azərbaycan elminin, Milli Elmlər Akademiyasının, alimlərin üzərinə də böyük vəzifələr düşür. Elmi cəmiyyət bu vəzifələrin öhdəsindən gəlməyə səfərbər edilmişdir. Azərbaycan alimləri uzun illər dövlətimizin nəzarətindən kənarda qalmış Qarabağımızın təbiətinin, landşaft örtüyünün, flora və fauna aləminin, yeraltı və yerüstü sərvətlərimizin tədqiqi, mühafizəsi, viran edilmiş torpaqlarımızın bərpası, yaxşılaşdırılması və səmərəli istifadəsi üçün əllərindən gələn hər şeyi etməyə hazırdırlar!
Qarabağ Azərbaycandır!
İradə HÜSEYNOVA, AMEA-nın vitse-prezidenti, akademik
"Azərbaycan" qəzeti