Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, hörmətli akademik Ramiz Mehdiyev!
Biz, SSRİ dövründə Azərbaycan universitetlərini bitirmiş livanlı məzunlar - həkim, mühəndislər və digər peşələrin mütəxəssisləri olaraq Azərbaycan xalqını Qarabağ müharibəsində böyük və tarixi qələbə, torpaqların azad edilməsi münasibətilə təbrik etməkdən böyük məmnunluq və şərəf hissi duyuruq.
Azərbaycanda bizə elmin sirlərini öyrətmiş müəllimlərimizi, Azərbaycanın bütün elm ictimaiyyətini sizin timsalınızda xüsusi olaraq təbrik edirik. Bizim hər birimiz istər Livanda, istərsə də xarici ölkələrdə qazandığımız uğurları ilk növbədə azərbaycanlı müəllimlərimizə borclu olduğumuzu heç zaman unutmuruq. Onları həqiqətən də öz vətənlərinə və bütün bəşəriyyətə xidmət etmiş gerçək ziyalılar olaraq hər zaman hörmətlə xatırlayırıq.
Qeyd etmək istəyirik ki, sizin Qarabağ həqiqətlərilə bağlı dünya ictimaiyyətinə etdiyiniz müraciətin Livanın “Əl-Məyadin” telekanalının saytında ərəb dilində dərc edilməsi Qarabağda baş verənlərlə bağlı təhriflərin və qərəzli iddiaların ifşa olunmasında mühüm rol oynadı, Livan ictimaiyyəti üçün bir çox məsələləri aydınlaşdırdı.
Diqqətinizə çatdırmaq istəyirəm ki, Azərbaycanın öz müdrik siyasi rəhbərinin, qəhrəman xalqının və ordusunun əzmi nəticəsində qazandığı qələbə bizim hər birimizin qəlbində böyük iftixar duyğuları oyatmış, sevinc hissimizi şölələndirmişdir. Bu tarixi qələbəyə Azərbaycan alimlərinin də töhfə verdikləri bizə yaxşı məlumdur.
Biz, Azərbaycan universitet və institutlarının livanlı məzunları olaraq Böyük və Qüdrətli Allahdan dövlətimizin qələbə və uğurlarının bundan sonra da davam etməsini diləyir, işğalçıları ölkəsindən qovan Azərbaycan xalqına daim başucalığı və çiçəklənmə arzulayırıq.
Dərin hörmətlə,
Azərbaycan universitetlərinin livanlı həkim və mühəndis məzunları birliyinin
Koordinatoru, doktor Əkrəm Tərhini
Beyrut 27/11/2020