Molekulyar bioloqlar siçanlarda Hantinqton xəstəliyinin bəzi əlamətlərini aradan qaldırıblar.
Bunun üçün alimlər kimyəvi siqnalların sinir sonluqlarına ötürülməsində mühüm rolu olan PRMT6 fermentinin işini normallaşdırıblar.
Tədqiqatın müəlliflərindən biri, Trento Universitetinin dosenti Manuela Bassonun sözlərinə görə, PRMT6 fermenti hantinqtin zülalının (onun mutasiyası səbəbindən Hantinqton xəstəliyi yaranır) molekullarını işarələyir. Məlum olub ki, bu işarələr sinir hüceyrələrinin daxilində siqnalların ötürülməsində iştirak edən zülal zəncirinin normal işi üçün vacibdir.
Hantinqton xəstəliyi HTT genində mutasiyanın meydana gəlməsilə bağlı olan ağır sinir sistemi xəstəliyidir. DNT-nin bu hissəsinin insan orqanizmində rolu hələ ki məlum deyil, lakin orada həddən çox genetik təkrarlar toplanarsa, 30-50 yaş arasında beyinin neyronları məhv olmağa başlayır. Hər şeydən əvvəl bu proses beyinin zolaqlı cismində baş verir. Nəticədə beyinin koqnitiv funksiyaları pozulur.
Basso və onun həmkarları HTT geninin strukturundakı dəyişikliklərin aksonların (neyronları bir-biri və ya digər hüceyrələrlə əlaqələndirən uzun sinir sonluqları) daxilində kimyəvi siqnalların ötürülməsini nə üçün ləngitdiyni öyrənməyə çalışıblar. Bunun üçün bioloqlar hantinqtin və aksonlar daxilində siqnal mübadiləsinə cəlb olunduğu güman edilən digər zülalların qarşılıqlı təsirlərini izləyiblər. Məlum olub ki, bu prosesdə PRMT6 fermenti çox mühüm rola malikdir. O, kimyəvi proseslərin ötürülməsi mərhələlərindən birində, informasiya aksondan sinir hüceyrəsinin nüvəsinə daşınarkən hantinqtinlə qarşılıqlı əlaqədə olub.
Daha sonra Basso və onun həmkarları aydınlaşdırıblar ki, bu ferment hantinqtinə xüsusi işarələr qoşur. Həmin işarələr hüceyrəyə aksonlardan daxil olan və ya onlar tərəfə yönələn siqnalları ayırd etməyə kömək edir. Hər iki zülalın strukturundakı pozulmalar səbəbindən hüceyrə daxil olan və çıxan siqnalları seçib-fərqləndirə bilmir. Bunu öyrənən molekulyar bioloqlar siçanların hüceyrələrində PRMT6 fermentini süni şəkildə blokladıqda və ya onun yaranmasını sürətləndirdikdə nə baş verdiyini yoxlayıblar. Birinci hal sinir hüceyrələrinin məhv olmasını kəskin şəkildə sürətləndirib, ikinci hal isə xəstəliyin əlamətlərinin meydana gəlməsini xeyli dərəcədə ləngidib.
Alimlər analoji nəticələri drozofil milçəyi ilə bənzər təcrübələr zamanı da əldə ediblər. Onlar gələcək eksperimentlərdə bu xeyirli təsirə Hantiqton xəstəliyindən əziyyət çəkən insanların hüceyrələrində nail olmağın yolunu araşdıracaqlar.