Arxiv
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Akademiya əməkdaşlarına təbriki
19.10.2021

Hörmətli həmkarlar!

Azərbaycan xalqı bəşər tarixində bir əsr ərzində öz dövlət müstəqilliyini iki dəfə əldə etməyə nail olmuş nadir xalqlardan biridir. XX əsrin əvvəllərində həm Qafqazda, həm də beynəlxalq arenada Birinci Dünya müharibəsinin yaratdığı gərgin ictimai-siyasi şəraitdə tarix boyu davam edən dövlətçilik ənənəsini yenidən diriltməyə və istiqlaliyyətini elan etməyə nail olan xalqımız 70 il SSRİ-nin tərkibində yaşamasına baxmayaraq, öz azadlıq ideallarından əl çəkməmiş, müstəqillik arzusunu əsrin sonlarına doğru canı-qanı bahasına da olsa, əldə etmişdir.

1988-ci ildən etibarən başlayan xalq hərəkatı 1990-cı ilin Qanlı Yanvar hadisələri ilə özünün pik həddinə çatmış, xalqımızın müstəqillik eşqini daha da gücləndirmişdir. Məhz ulu öndər Heydər Əliyevin həmin dövrdə Naxçıvanda həyata keçirdiyi demokratik təşəbbüslər – Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Cümhuriyyətin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi, dahi liderin Kommunist Partiyasının sıralarını tərk etməsi və SSRİ-nin qorunub saxlanılmasını istəyənlərə kəskin etirazını bildirməsi və digər qərarları Azərbaycanın dövlət müstəqilliyinin bərpasında mühüm rol oynamışdır.

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etməyə nail olan Azərbaycan xalqı ölkədə siyasi hərc-mərcliyə, həmçinin Ermənistanın işğalçılıq siyasətinə son qoymaq, canı-qanı bahasına əldə etdiyi istiqlaliyyətini qoruyub saxlamaq üçün yeganə çıxış yolunu ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etməsində görürdü və 1993-cü ildə xalqın təkidilə ümummilli liderin hakimiyyətə qayıtması nəticəsində respublikamızın qaranlıq günlərinə son qoyuldu.

Ölkəni vətəndaş müharibəsinin astanasından xilas edən dahi rəhbər qısa müddətdə Ermənistanın cəbhədə təcavüzünü sonlandırdı, respublikada siyasi sabitlik yaratdı, məhz bu günlərə hesablanmış “Əsrin müqaviləsi” ilə Azərbaycan iqtisadiyyatının dirçəlişinin təməlini qoydu, xarici sahibkarlarda inam yaradaraq respublikaya investisiya qoyuluşunu gücləndirdi, ordu quruculuğu, elm, təhsil, mədəniyyət və digər sahələrdə bir çox uğurlu islahatlar həyata keçirildi.

Ötən 18 il ərzində isə ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən nəinki dövlət müstəqilliyimizin gücləndirilməsi, eləcə də Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, ölkəmizin beynəlxalq arenada söz sahibinə çevrilməsi istiqamətində mühüm uğurlar qazanılıb.

Məhz dövlət başçımızın müasir güclü ordu quruculuğuna verdiyi önəm, siyasi uzaqgörənlik və yüksək komandanlığı sayəsində Azərbaycan müstəqilliyinin bərpasının 30-cu ildönümünü ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.

Bu günlərdə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilmiş və qəbul olunmuş “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd edildiyi kimi: “... Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir”.

Dəyərli Akademiya əməkdaşları, Sizi əlamətdar gün münasibətilə təbrik edir, qalib bir ölkənin vətəndaşı kimi cansağlığı və elmi-tədqiqat işlərinizdə uğurlar arzulayıram.

Ramiz MEHDİYEV,

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik