Arxiv
Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası ilə bağlı tarla seminarı keçirilib
25.10.2021

Oktyabrın 22-də Tərtər rayonunun Şıxarx qəsəbəsində Zəfər Gününə həsr olunmuş “AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün yaradılmış buğda va arpa sortlarının toxumçuluğunun təşkili məsələləri” mövzusunda tarla seminarı keçirilib.

Seminar AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və Genetik Ehtiyatlar İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdən əvvəl Tərtər rayon İcra Hakimiyyətinin qarşısında ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi tədbir iştirakçıları tərəfindən ehtiramla yad edilib.

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsi dövründə Tərtər şəhərində ermənilərin təcavüzkar siyasəti nəticəsində zərər görmüş şəxsi mülk və ictimai iaşə obyektləri barədə məlumat verib. Onun sözlərinə görə, həmin hadisələr zamanı Tərtər şəhərinə 16 277 raket və top, minaatan mərmisi, 21 ədəd isə qadağan olunmuş “Smerç” raketi atılıb. Bu müddətdə rayon ərazisində olan 16 məktəb, 11 bağça, 10 mədəniyyət və 10 səhiyyə obyekti, 1 peşə məktəbi və 30 inzibati bina zərər görüb.

Daha sonra Şəhidlər Xiyabanında Qarabağın işğaldan azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Tərtər rayonunun işğaldan azad edilmiş ərazilərində elmi tədqiqatların aparılmasına dəstək verilməsi” mövzusunda çıxış edib.

İcra başçısı Azərbaycan Respublikasının şanlı tarixinə qızıl hərflərlə yazılmış böyük Qələbənin 1-ci ildönümünü ərəfəsində Qarabağ iqtisadi rayonunun Tərtər rayonunda elmi və ictimai-siyasi əhəmiyyəti olan tarla seminarının keçirilməsini mühüm hadisə kimi qiymətləndirib, seminarın işinə uğurlar arzulayıb.

Tərtər əhalisinə bütün dövrlərdə dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük diqqət göstərildiyini deyən M.Məmmədov kənd təsərrüfatı rayonu olan Tərtərdə ölkə rəhbərliyinin göstərişlərinə əsasən son 5 ili əhatə edən tədbirlər nəticəsində əhalinin pambıq, şəkər çuğunduru yetişdirilməsinə marağının yüksəldiyini vurğulayıb. O, son 15 ildə Tərtər rayonunda 191 subartezian quyusu qazıldığını qeyd edib: “Ümumilikdə rayonda 592 subartezian quyusu mövcuddur ki, bu da rayon əhalisinin bütün istiqamətlər üzrə tələbatını ödəmək imkanı deməkdir”.

M.Məmmədovun sözlərinə görə, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasında yumşaq və bərk buğda növləri, eləcə də arpa sortlarının gələcək regionlaşması üçün münbit şərait yaradılacaq.

İcra başçısı bugünədək Tərtər Elmi-Tədqiqat İnstitutunun hazırladığı 141 adda buğda və arpa sortlarının genefonda təhvil verildiyini deyib: “Əminəm ki, yaxın zamanda Qarabağ Elmi-Tədqiqat Bazasında buğda və arpa sortlarının sayı daha da artırılacaq. Bu torpaqların abadlaşdırılmasının təmin edilməsi, əhalinin ərzaq təminatının yaxşılaşdırılması hər birimizin vəzifəsidir”.

İşğal nəticəsində uzun müddətdir ki, Sərsəng və Suqovuşan su anbarlarından istifadə etməyin mümkün olmadığını vurğulayan icra başçısı artıq bir ilə yaxındır ki, Suqovuşan su anbarı vasitəsilə ərazilərimizin suvarılmasının həyata keçirildiyini bildirib. Əlavə edib ki, ölkə başçısının ötən il imzaladığı müvafiq Sərəncamla hazırda Sərsəng və Suqovuşan su anbarlarından gələn suyun idarə olunması üçün Xan arxının tamamlanması işləri aparılır.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova “Qarabağ va Şərqi Zəngəzur iqtisadi rayonlarında aqrar elmin inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Akademik AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin dəstəyi ilə Qarabağda baş tutan, ölkə elmi və aqrar sahənin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən seminarın AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin işğaldan sonra qədim Qarabağ torpağında keçirilən ilk tədbiri olduğunu qeyd edib.

AMEA-nın vitse-prezidenti Qarabağın təbiəti, landşaft örtüyü, torpaqları, iqlim şəraiti, əlverişli su təminatı, coğrafi mövqeyi kənd təsərrüfatının inkişafı üçün hər zaman böyük imkanlar yaratdığını bildirib, işğaldan əvvəl regionda təqribən 140 min hektar əkin sahəsinin istifadə olunduğunu diqqətə çatdırıb.

Akademik Qarabağ Elmi Tədqiqat Bazası haqqında məlumat verərək qeyd edib ki, 1950-1989-cu illərdə təqribən 1700 hektar torpaq sahəsində yaradılmış baza tərəfindən mədəni bitkilərin və kənd təsərrüfatı heyvanlarının region üçün səciyyəvi genetik ehtiyatlarının, yerli ənənəvi xalq seleksiyası nümunələrinin toplanması, öyrənilməsi, seleksiyada istifadəsi, yeni bitki sortları və heyvan cinslərinin ilkin toxumçuluğunun və damazlıq işinin təşkili və yayılması həyata keçirilib.

“Aqrar elmin inkişafında xüsusi rolu olan bu regional mərkəzdə Azərbaycanın korifey alimləri, akademiklər - Cəlal Əliyev, İmam Mustafayev, İlyas Abdullayev, Ələkbər Quliyev və digər mütəxəssislər səmərəli fəaliyyət göstərməklə elmin inkişafına və alınan nəticələrin istehsalata tətbiqinə öz töhfələrini vermişlər”, - deyə İ.Hüseynova bildirib.

Məruzəçi hazırda Qarabağın davamlı inkişafının təmin edilməsi üçün Azərbaycan elminin bütün resurslarını səfərbər etmək, regionda müxtəlif istiqamətlərdə multidissiplinar elmi tədqiqat fəaliyyətlərinin bərpasına və intensivləşdirilməsinə nail olmaq istiqamətində tədbirlər görüldüyünü deyib.

Akademiyanın vitse-prezidenti “AMEA-nın “2020-2025-ci illər üzrə inkişaf strategiyasında” və “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında” tədbirlər planında Qarabağın torpaq və su resurslarının, fauna və florasının öyrənilməsi, aqrar tədqiqatların bərpası və intensivləşdirilməsi məsələlərinin nəzərdə tutulduğunu diqqətə çatdırıb, AMEA, o cümlədən akademiyanın Biologiya və Tibb Elmləri Bölməsinin işğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı inkişafı ilə bağlı bir sıra təkliflərlə çıxış etdiyini deyib. Əlavə edib ki, bu təkliflərin arasında Qarabağ Elmi Tədqiqat Bazasının bərpası məsələsi də xüsusi yer tutur: “Azərbaycanda elmin koordinatoru funksiyasını yerinə yetirən AMEA-nın Qarabağda Elmi-Tədqiqat Bazası ən müasir tələblərə uyğun qurulmalı, burada aparılacaq elmi-tədqiqat işlərinin səviyyəsi dünya standartlarına cavab verməli, innovativ yanaşmalar tətbiq olunmalı, o cümlədən yüksəkixtisaslı kadr potensialı formalaşdırılmalıdır”.

Çıxışının sonunda akademik Qarabağ Elmi-Tədqiqat Bazasının qısa müddətdə bərpa ediləcəyinə, bazanın bölgədə aqrobiomüxtəlifliyin öyrənilməsi, saxlanılması, eləcə də yeni bitki sortları və heyvan cinslərinin yaradılması istiqamətində aparıcı elmi-tədqiqat mərkəzinə çevriləcəyinə, regionda kənd təsərrüfatının davamlı inkişafına real töhfələr verəcəyinə əminliyini ifadə edib.

“Qarabağ Elmi-Tədqiqat Bazasının bərpası, tədqiqat imkanları və perspektivləri” mövzusunda AMEA Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov 40 ilədək nümunəvi elmi tədqiqat fəaliyyəti göstərən Qarabağ Elmi-Tədqiqat Bazasının 1989-cu ildə erməni işğalına qədər 1694 ha əraziyə malik olduğunu deyib. Bildirib ki, bazada 30-dan çox yüksək məhsuldar sort və yüzlərlə hibrid yaradılaraq Qarabağ bölgəsində və ölkənin digər iqtisadi rayonlarının təsərrüfatlarında geniş ərazilərdə becərilib, bu, kənd təsərrüfatının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərib.

İllərlə toplanmış zəngin genefondun, bütün əmlakın erməni işğalı nəticəsində talan edilərək, məhv olduğunu təəssüf hissi ilə bildirən Z.Əkpərov 1992-ci ildə aparılan əks hərbi əməliyyət tədbirləri nəticəsində torpaq sahələrinin bir hissəsinin geri alındığını, lakin nümunəvi bazanın bütün infrastrukturunun məhv edildiyini diqqətə çatdırıb.

Məruzəçi bildirib ki, 2003-cü ildən bazanın əməkdaşları Tərtər rayonunda fermer təsərrüfatında öz tədqiqat işlərini davam etdirməyə başlayıb və torpaqların işğaldan azad olunmasından sonra istehsalata tətbiqi istiqamətində işlər aparıblar. Onun sözlərinə görə, bölgəyə aid aparılan tədqiqat işləri nəticəsində 7 yeni buğda və 2 arpa sortu Dövlət Sort Sınağı Komissiyasına təqdim edilib.

Z.Əkpərov əlavə edib ki, II Qarabağ müharibəsi böyük Qələbə ilə başa çatdıqdan sonra AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Tərtər Rayon İcra Hakimiyətinin başçısı Müstəqim Məmmədovun dəstəyi ilə bazanın ərazisində 1 ədəd subartezian quyusunun qazılaraq istifadəyə verilməsi tədqiqat işlərinin başlanılmasına, rayonlaşdırılmış sortların ilkin toxumçuluğunun təşkilinə və genişləndirilməsinə imkan verəcəkdir.

“Hazırda qarşımızda duran ən mühüm vəzifə Qarabağ Elmi-Tədqiqat Bazasının yenidən bərpası və keçmiş ənənəsini, şöhrətini özünə qaytarmaqdır”, deyən AMEA-nın müxbir üzvü Qarabağ Elmi-Tədqiqat Bazasının ağıllı texnologiyalar əsasında yenidən bərpa edilməsinin önəminə toxunub, bazanın bərpasının ən azı keçmiş ənənələrinə uyğun müasir səviyyədə həyata keçirilməsinin vacibliyini qeyd edib.

Tədbirdə, həmçinin Kənd Təsərrüfatı Nazirliyi Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Rəqabətqabiliyyətli sortların yaradılmasında müasir innovasiyaların rolu”, AMEA Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri, b.ü.f.d., dosent Xanbala Rüstəmov və Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri, AMEA Genetik Ehtiyatlar İnstitutunun aparıcı elmi işçisi a.ü.f.d., dosent Abidin Abdullayevin həmmüəllifi olduqları “Qarabağ iqtisadi rayonunda ərzaq təhlükəsizliyinin təmin edilməsində taxıl bitkilərinin seleksiyası və toxumçuluğunun rolu” mövzusunda məruzələri təqdim edilib.

Daha sonra Qarabağ Elmi-Tədqiqat Bazasının fəaliyyətinin təşkili, gələcək istiqamətlərin müəyyənləşdirilməsi, yeni sortların yaradılması, elektron interaktiv xəritələrin hazırlanması və digər tədbirlərlə bağlı müzakirələr aparılıb, bir sıra təkliflər səsləndirilib. Müzakirələrdə akademik Qərib Məmmədov, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, “Aqro Daily” MMC-nin icraçı direktoru Vahid Hacıyev iştirak ediblər.

Sonda Qarabağ bölgəsi üçün yaradılmış taxıl sortlarının sərgi nümunələri ilə tanışlıq olub və ilk toxumlar torpağa səpilib.