Arxiv
Müqəddəs savaşın möhtəşəm Zəfəri
10.11.2021

Dünyanın böyük xalqlarının tarixində elə mühüm dönüş nöqtələri, elə məqamlar olur ki, bu zaman baş verənlər həmin xalqların adının qarşısında “böyük” epitetinin həkk olunmasına haqq qazandırır. Azərbaycan xalqının da tarixində onun böyük xalq olduğunu bütün dünyaya sübut edən bu cür dönəmlər, anlar az olmayıb. Otuz ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın təcavüzkar Ermənistanın quldur ordusundan azad edilməsi ilə tarixi ədalətin bərpası uğrunda Azərbaycan xalqının apardığı 44 günlük Vətən müharibəsini, bu müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və qəhrəman Azərbaycan Ordusunun şücaəti sayəsində qazanılmış möhtəşəm Qələbəni xüsusi qeyd etmək lazımdır.

44 günlük müharibə və onun məntiqi yekunu olan Zəfər Günü müstəqil dövlətçiliyimizin, ərazi bütövlüyümüzün, milli mənliyimizin xilası oldu, Azərbaycan dövlətinin və xalqının əbədi qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldı.

Bu tarixi Qələbə taleyüklü məsələlərlə bağlı bir çox şeyi dəyişdi: millətin özünüdərkindən doğan arzuları gerçəkləşməyə, 1-ci Qarabağ davasındakı acıları sönməyə, əyilmiş qəddi düzəlməyə başladı.

Ulu Öndərin siyasi, iqtisadi və hərbi siyasətini uğurla davam və inkişaf etdirən dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, millətin vahid amal uğrunda dəmir yumruq kimi birləşməsi dənizdən-dənizə Ermənistan ideyasını yerlə yeksan etdi, Ermənistan adlı vassal qurumun müstəqil dövlət şəkildə mövcudluğunu belə sual altına saldı.

Azərbaycan bu böyük Qələbəyə doğru uzun bir hazırlıq yolu keçib. İlk növbədə ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin və iqtisadiyyatının möhkəmləndirilməsi, ordu quruculuğu, silahlı qüvvələr üçün hərbi kadr hazırlığı sahələrində strateji və taktiki qərarlarını, ölkəmizin beynəlxalq əlaqələrinin və imicinin yaxşılaşdırılması istiqamətində gördüyü tədbirləri, atdığı uzaqgörən addımları qeyd etmək lazımdır. Ümummilli Liderin yolunun layiqli davamçısı, görkəmli dövlət xadimi Prezident İlham Əliyev nəinki bütün bu fəaliyyətləri uğurla davam etdirib, həmçinin Azərbaycanın Silahlı Qüvvələrini regionun ən güclü ordusuna çevirə bilib.

Ümummilli Liderin inamını tam doğrultmuş Azərbaycan Prezidenti torpaqlarımızın düşmən tapdağı altında qalmasına dözməyəcəyimizi ən müxtəlif səviyyələrdə dəfələrlə bildirmişdi. O, hərb meydanlarında qazanılmış uğurlarımızı ötən illər ərzində siyasi və hərbi strateq kimi xüsusi ustalıqla hazırlamışdı. Müzəffər Ali Baş Komandanın torpaqlarımızın azad olunması istiqamətində göstərdiyi iradə və qətiyyət, müxtəlif beynəlxalq tədbirlərdə, o cümlədən BMT-nin tribunasından etdiyi çıxışlar, verdiyi sərt bəyanatlar, dünya ölkələrinin liderləri, məsul şəxsləri, səfirləri ilə görüşlərindəki mesajları düşmənə endiriləcək zərbəyə hazırlığın təməl daşları olmuşdu. Dövlətimizin başçısı xalqa müraciətində dediyi “... biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik” həqiqətini dəfələrlə hər kəsə çatdırmış, Ermənistanın haqsız olduğunu, işğalçı dövlətin havadarlarının riyakarlığını isbat edə bilmiş və düşmənə sarsıdıcı hərbi cavabdan xeyli öncə informasiya və diplomatiya müharibəsində qələbəmizi təmin etməklə dünyanı baş verəcək hadisələrə hazırlamışdı. O, mücadilənin əsil məqsədini bir neçə cümlədə aydın ifadə etmişdi: “... Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa etdik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra etdik”.

Acı həqiqətdir ki, 1828-ci ildə bağlanmış “Türkmənçay” müqaviləsi ilə Azərbaycan torpaqları iki hissəyə bölünmüş, 1918-ci ildə İrəvan, 1920-ci ildə Zəngəzur ermənilərə verilmişdir. 1918-1920-ci illərdə ərazisi 114 min kvadrat kilometr olan Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə bolşevik Rusiyası tərəfindən süquta uğradılmasından sonra Azərbaycanın qədim Zəngəzur, Göyçə, Dilican, Şərur-Dərələyəz ərazilərinin Ermənistana verilməsi, Dağlıq Qarabağ və ətraf ərazilərin 1991-1994-cü illərdə ermənilər tərəfindən işğal edilməsi ilə tarixi faciələrimiz davamı etmişdir.

Beləliklə, 2-ci Qarabağ müharibəsində qazanılmış böyük Zəfər sayəsində son iki əsrdə ilk dəfədir ki, Azərbaycan itirilmiş ərazilərini geri qaytarmağa müvəffəq olmuşdur.

Müharibənin gedişində oktyabrın 4-də Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı və noyabrın 8-də Qafqazın sənət məbədi, Azərbaycan musiqisinin beşiyi, ölkəmizin mədəniyyətinin paytaxtı hesab edilən Şuşa şəhəri işğaldan azad edilmişdir. “Xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim!”, - deyən Prezident İlham Əliyevin bu barədə Azərbaycan xalqına verdiyi məlumat müasir Azərbaycan tarixinin ən həyəcanverici anları idi desək, yanılmarıq. Noyabrın 10-da Moskvada imzalanan müqavilə Azərbaycanın böyük Qələbəsini və Ermənistanın birmənalı məğlubiyyətini, kapitulyasiyasını təsbit etdi. 2020-ci il noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları düşmən caynağından qoparılaraq Böyük Vətən torpaqlarına birləşdirildi.

Qeyd etmək lazımdır ki, tarixi Zəfər sayəsində regionda davamlı sülh və əməkdaşlığın, inkişaf və tərəqqinin təmin edilməsinə zəmin yaranıb, Azərbaycan təkcə Qafqazın deyil, bütün Yaxın və Orta Şərqin aparıcı qüvvələrindən birinə çevrilib. Bütün bu məsələlər Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalında Müzəffər Ali Baş Komandanın bütün dünyaya verdiyi mesajlarda da öz əksini tapıb.

Qələbənin təməl daşlarından biri Azərbaycan xalqının dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə Ali Baş Komandanla yanaşı dayanması, iqtidar-xalq birliyinin sarsılmazlığı olub. Müstəqillik illərində vətənpərvərlik ruhunda tərbiyə alaraq böyümüş Azərbaycan gəncləri, qanları ilə bayrağımıza al rəng vermiş şəhid və qazilərimiz, arxa cəbhədə çalışan fədakar insanlarımız Liderin bir çağırışı ilə ayağa qalxdılar, əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirməklə millətin namusunu təmizlədilər.

Böyük Qələbənin qazanılmasının daha bir təməl daşı isə Türkiyə dövləti və xalqının Azərbaycanın haqq işinə mənəvi dəstəyi oldu. Müharibənin ilk günündən Türkiyə Respublikası Prezidentinin bütün dünyaya mesajları, açıq, birmənalı və sərt açıqlamaları Azərbaycana əlavə güc verdi, birliyimizin, qardaşlığımızın əbədiliyinin daha bir təzahürü oldu.

Bütün Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasındakı müttəfiqlik münasibətlərini yeni səviyyəyə qaldırdı.

Vətən müharibəsindəki tarixi Zəfərdən dərhal sonra Qarabağda İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı bərpa işlərinə, kənd təsərrüfatının və müxtəlif sənaye sahələrinin təşəkkülünə start verildi, erməni barbarlığının əyani sübutu olan xarabalıqların abad yaşayış məskənlərinə çevrilməsi istiqamətində böyük quruculuq fəaliyyətlərinə başlanıldı. Ardıcıl planlaşdırılan və gerçəkləşdirilən infrastruktur, ağıllı kənd və şəhər layihələri, strateji əhəmiyyət daşıyan avtomobil və dəmir yollarının çəkilişi, bir hava limanının istifadəyə verilməsi və digər ikisinin tikintisinin sürətlə davam etdirilməsi, torpaqların minalardan təmizlənərək əkin dövriyyəsinə qaytarılması, ağıllı kənd üzrə ilk pilot layihənin reallaşdırılması regionun simasını sürətlə dəyişdirməkdə, Qarabağ bölgəsi gülüstana çevrilməkdədir. Regionun iqtisadi inkişafında, bütün Türk dünyasının yerüstü kommunikasiyalar vasitəsilə əlaqələndirilməsində mühüm rol oynayacaq Zəngəzur dəhlizinin açılması və fəaliyyəti üçün müvafiq addımlar atılır.

Biz hələ müharibənin gedişində və Qələbədən dərhal sonra Azərbaycan alimlərinin Böyük Qayıdış və Böyük Dirçəlişə öz töhfələrini verməyə hazır olduqlarını bəyan etmişdik. Artıq deyə bilərik ki, Qarabağa elmin də böyük qayıdışına başlanılıb. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası, elmi kollektivlərimiz bərpa proseslərində fəal iştirak edirlər.

Hələ 2021-ci ilin yanvarında Milli Elmlər Akademiyasında qəbul edilmiş “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Fəaliyyət proqramı və Tədbirlər planı haqqında” qərar və bu qərara əlavə edilmiş “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılacaq elmi tədqiqat işləri, elmtutumlu bərpa və quruculuq layihələri üzrə AMEA-nın Fəaliyyət Proqramı” və “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Tədbirlər Planı” yerinə yetirilməkdədir. Qarabağın yeraltı və yerüstü, canlı və cansız, təbii və mədəni sərvətlərinin, mövcud bioloji və ekoloji durumunun, gələcək inkişaf perspektivlərinin öyrənilməsi üzrə ciddi multidissiplinar tədqiqatlar aparılır.

Akademiyanın müvafiq institutları və alimləri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun, eləcə də digər işçi qrupların işində, müvafiq fəaliyyət proqramlarının icrasında, region üzrə bioloji və redioekoloji monitorinqlərin aparılmasında, Ermənistanın Qarabağda törətdiyi ekoloji terrorun miqyasının qiymətləndirilməsində fəal şəkildə iştirak edirlər.

Azərbaycan Milli Elmlər Akademiyasında cari il mayın 20-21-də “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bu günü və gələcəyi” mövzusunda keçirilmiş konqres bu sahədə çalışan alim və mütəxəssisləri vahid virtual məkanda toplamaqla müvafiq fəaliyyətlərlə bağlı yol xəritəsinin müəyyənləşdirilməsi baxımından önəmli hadisə oldu. AMEA-nın “Həyat elmləri və biotibb” jurnalının bu günlərdə ingilis dilində çapdan çıxacaq xüsusi nömrəsi Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatlarının tədqiqinə həsr edilib.

Oktyabrın 22-də Tərtər rayonunun Şıxarx qəsəbəsində Zəfər Gününə həsr olunmuş “AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün yaradılmış buğda və arpa sortlarının toxumçuluğunun təşkili məsələləri” adlı tarla seminarı və seminardan sonra Bazanın işğaldan azad edilmiş və minalardan təmizlənmiş ərazilərində əkin işlərinin aparılması regionda aqrar tədqiqatların bərpası istiqamətində atılmış ciddi addım oldu.

Qarabağ Elmi-Tədqiqat Bazasının smart texnologiyaların tətbiqi ilə bərpası mədəni bitkilərin və kənd təsərrüfatı heyvanlarının region üçün səciyyəvi genetik ehtiyatlarının, yerli ənənəvi xalq seleksiyası nümunələrinin, yabanı əcdad bitkilərin toplanması, öyrənilməsi, seleksiyada istifadəsi, yeni bitki sortlarının ilkin toxumçuluğunun və heyvan cinslərinin damazlığının təşkili istiqamətlərində mühüm nailiyyətlərin qazanılmasına və beləliklə də, regionda aqrar sahənin inkişafına real töhfələr verəcək.

Eyni zamanda, alimlərimiz tərəfindən regionun su ehtiyatlarının radioekoloji və mikrobioloji tədqiqi üzrə xeyli iş görülüb və müvafiq fəaliyyətlər intensivləşdirilir.

Bir daha ərazi bütövlüyümüzün təmin edilməsinə, müqəddəs torpaqlarımızın işğaldan azad olunmasına və bununla da Qarabağda tədqiqatların aparılması üçün tarixi şansın yaradılmasına görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk. Bütün xalqımızı əmin edirik ki, Azərbaycanın elmi ictimaiyyəti olaraq bu şansı ən yüksək səviyyədə dəyərləndirəcək, Qarabağın çiçəklənməsi istiqamətində bütün qüvvələrimizi səfərbər etməklə bundan sonra da yorulmadan çalışacağıq.

Uca Tanrı bu haqq yolunda Azərbaycan xalqının və onun liderinin daim yardımçısı olsun.

İradə HÜSEYNOVA, AMEA-nın vitse-prezidenti, akademik

AzərTac