AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının Mikrobiologiya İnstitutunun Elmi şurası ilə birgə iclası keçirilib.
Tədbir Mikrobiologiya İnstitutunun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunub.
Yığıncaqda AMEA-nın vitse-prezidenti, BTEB-in Elmi şurasının sədri, akademik İradə Hüseynova və sözügedən bölmənin Elmi şurasının üzvləri iştirak ediblər.
Öncə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri akademik İradə Hüseynova açaraq, Mikrobiologiya İnstitutunun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatın təqdimatı üçün sözü müəssisənin baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradova verib.
P.Muradov Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və sərəncamlarının, Dövlət proqramlarının icrası ilə əlaqədar institutda görülən işlər barədə məlumat verib. O, hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın 2-4-cü bəndinə müvafiq olaraq, institutun “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın hazırlanması işində fəal iştirak etdiyinə diqqət çəkib.
Məruzəçi bildirib ki, 2021-ci ilin mövzu planına uyğun olaraq, institutda 2 problem və 8 mövzu üzrə 9 iş 19 mərhələdə yerinə yetirilib. Hesabat dövründə yerinə yetirilən mövzular üzrə tədqiqatlar Azərbaycan Respublikasının müxtəlif, o cümlədən işğaldan azad olunmuş ərazilərindəki su, torpaq və meşə ekosistemlərinin, eləcə də qapalı mühitlərin mikro və miko-biotasının müxtəlif aspektlərdə qiymətləndirilməsinə həsr edilib.
Hesabat dövründə Mikrobiologiya İnstitutunda bir neçə təşkilatla təsərrüfat hesablı müqavilə əsasında tədqiqatlar aparılıb. Qeyd edib ki, institutda Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu ilə “Pomidor və xiyar sortlarının istixana üçün yüksək məhsuldar, əsas xəstəliklərə davamlı nümunələrinin seçilməsi və onların becərilməsi üçün innovativ metodların işlənib hazırlanması” mövzusunda layihə həyata keçirilib.
AMEA-nın müxbir üzvü Pənah Muradov hesabat ilində institut əməkdaşlarının 47 elmi əsərinin dərc olunduğunu bildirib. Onlardan 32-si elmi məqalə, 1-i kitab, digərləri isə konfrans materialı və tezisdir. 26 elmi məqalə (9-u yüksək indeksli jurnallarda), 1 kitab və 6 tezis xaricdə dərc edilib. Ümumilikdə elmi işçilərin əsərlərinə hesabat ilində 68 istinad edilib.
Sonra hesabat ətrafında geniş müzakirələr aparılıb, yığıncaq iştirakçıları hesabata müsbət münasibətlərini bildiriblər.
Müzakirələrə yekun vuran akademik İradə Hüseynova əldə edilən elmi nəticələri və elmi təşkilati fəaliyyəti qənaətbəxş qiymətləndirərək, öz tapşırıq və tövsiyələrini verib.