Arxiv
Botanika İnstitutu 2021-ci ildəki elmi-təşkilati fəaliyyəti haqqında hesabat verib
21.12.2021

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və Botanika İnstitutunun Elmi şuralarının birgə iclası keçirilib.

Yığıncaq institutun 2021-ci ildəki elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunub.

İclasa sədrlik edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Botanika İnstitutunun 2021-cı il üçün elmi və elmi-təşkilati fəaliyyəti barədə məruzəsini təqdim etmək üçün sözü institutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayevaya verib.

Səyyarə İbadullayeva Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə Dövlət proqramlarının icrası ilə əlaqədar tapşırıqların yerinə yetirilməsi haqqında məlumat verib. O, bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə Strateji Yol Xəritələri”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”ndakı tapşırıqlar əsasında tədqiqatlar aparılıb.

Daha sonra baş direktor institutun elmi-tədqiqat işlərinin mövzu planına müvafiq 2 istiqamətə uyğun 2 problem çərçivəsində 10 mövzunu əhatə edən 17 işin 37 mərhələsi üzrə elmi tədqiqat işlərinin yerinə yetirildiyini qeyd edərək, şöbə və laboratoriyalarda il ərzində əldə olunmuş 15 nəticəni təqdim edib.

Məruzəçi nəşriyyat fəaliyyətini diqqətə çatdıraraq, hesabat ilində institut üzrə 99 elmi əsərin, 1 kitab, 2 kitab fəslinin (“Springer” nəşriyyatında olmaqla, hər 2-i xaricdə), 51 məqalə (44-ü xaricdə, 27 məqalə nüfuzlu elmi dərgilərdə) və 43 tezisin (12-i xaricdə) işıq üzü gördüyünü və cari ildə əməkdaşların əsərlərinə 242 istinad edildiyini bildirib.

Professor Səyyarə İbadullayeva daha sonra kadr hazırlığı, magistratura, doktorantura və dissertantura təhsili, ali məktəblərlə əlaqələr, elmlə təhsilin inteqrasiyası, elektron elmin vəziyyəti, beynəlxalq əlaqələr, layihələr üzrə işlər, xarici ölkələrə elmi səfərlər, yerli və beynəlxalq səviyyəli konfrans və digər tədbirlərdən ətraflı şəkildə bəhs edib. O, cari ildə mövcud pandemiya problemi ilə əlaqədar həmin tədbirlərdə onlayn iştirak edildiyini və əsasən gənc əməkdaşların çoxsaylı sertifikatlara layiq görüldüklərini də iclas iştirakçılarının diqqətinə çatdırıb.

Məruzəçi sonda institutun dayaq məntəqələrində aparılmış işlər, maddi-texniki təchizat və sosial məsələlərlə bağlı müvafiq məlumatları təqdim edib.

Daha sonra hesabat ətrafında geniş müzakirələr aparılıb, məruzəçiyə ünvanlanan suallar ətraflı cavablandırılıb.

AMEA-nın müxbir üzvləri Zeynal Əkbərov, Novruz Quliyev, Pənah Muradov, a.e.ü.f.d. Ələddin Eyvazov və başqaları çıxış edərək Botanika İnstitutunun hesabatının qənaətbəxş olduğunu və qəbul edilməsini təklif ediblər. İnstitutun əməkdaşları b.e.d. Naibə Mehdiyeva, b.e.d. Dilzarə Ağayeva, b.ü.f.d. Xuraman Xəlilova, b.ü.e.d. Ələddin Qədimov, b.ü.f.d. Pərvanə Qaraxani, b.ü.f.d. Şəkər Muxtarova və b.ü.f.d. Rəşad Səlimov görülən işlər, gələcək planlar barədə fikirlər söyləyiblər.

Sonda akademik İradə Hüseynova müzakirələrə yekun vuraraq bir sıra məsələlər üzrə tapşırıq və tövsiyələrini verərək, institutun fəaliyyətini müsbət qiymətləndirib.