Bu gün tanınmış torpaqşünas alim, “Şərəf nişanı” ordenli, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası laboratoriyasının müdiri, akademik Məhərrəm Babayevin 85 yaşı tamam olur.
Məhərrəm Pirverdi oğlu Babayev 13 yanvar 1937-ci ildə Bərdə şəhərində anadan olub. 1961-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini bitirib.
Məhərrəm Babayev 1967-ci ildə “Torpaqşünaslıq” ixtisası üzrə namizədlik (Bakı) və 1981-ci ildə doktorluq (Moskva) dissertasiyalarını müdafiə edib, 2001-ci ildə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilib.
Məhərrəm Babayev 1961-1981-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. O, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunun direktoru (1981-1985), Azərbaycan Aqrar Sənaye Komitəsinin elmi təminat üzrə sədr müavini (1986-1989), Elmi Tədqiqat Tərəvəzçilik İnstitutunda laboratoriya müdiri (1989-1994), АМЕА-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru (2001-2014) vəzifələrində işləyib. Hazırda AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası laboratoriyasının müdiridir.
Alim Torpaqşünaslıq və Aqrokimya İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının sədri (2001-2008, 2011-2014), Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Biologiya və kənd təsərrüfatı elmləri üzrə Ekspert komissiyasının sədri (2009-2011) olub.
Akademik Məhərrəm Babayevin elmi fəaliyyəti Azərbaycan torpaqlarının genezisi, təkamülü, milli və beynəlxalq təsnifatı, nomenklaturası, taksonlar sistemi, coğrafi yayılması, xəritələşdirilməsi, torpaq deqradasiyası, onların bərpası və kənd təsərrüfatında səmərəli istifadəsi, torpaq-coğrafi informasiya bazasının yaradılması məsələlərini əhatə edir. O, Azərbaycan və rus dillərində çap olunmuş (Moskva, 1991, miqyas 1:600 000) torpaq xəritəsinin, Respublika Dövlət Torpaq Xəritəsinin (1987, miqyas 1:100 000) müəlliflərindən biridir.
Akademik Məhərrəm Babayev 300-dən çox elmi əsərin, o cümlədən 9 monoqrafiya, 15 kitab, 14 tövsiyə, 11 patent və 5 xəritənin müəllifidir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 18 fəlsəfə və 4 elmlər doktoru hazırlanıb.
Məhərrəm Babayev Ümumdünya və Rusiya Torpaqşünaslar cəmiyyətlərinin Rəyasət Heyətinin üzvüdür. O, 1986-cı ildə “Şərəf nişanı” ordeni, 1987-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, 1997, 2006 və 2021-ci illərdə AMEA-nın Fəxri fərmanları ilə təltif edilib, 2017-ci ildə AMEA-nın Həsən bəy Zərdabi adına mükafatına layiq görülüb.
Akademik Məhərrəm Babayevi şərəfli yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və elmi fəaliyyətində daha böyük uğurlar arzulayırıq.