AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər doktoru, professor Fərman Quliyev, fəlsəfə doktorları Xalıqverdi Babayev və Natiq Mirzəyevin həmmüəllifliyi ilə “Çay bitkisinin qidalanması və məhsuldarlığı” mövzusunda monoqrafiyası işıq üzü görüb.
348 səhifəlik kitabda mineral və üzvi gübrələr haqqında ümumi məlumat, xüsusilə çay plantasiyalarında tətbiq olunan mineral, üzvi gübrələrin vegetasiya müddətində dəyişkən və ya birlikdə verilməsinin bitkiyə təsiri, səmərəliliyinin yüksəltmək yolları, dozalarının optimallaşdırılması metodları, gübrələrin tərkibindəki qida maddələrinə görə onların şərti vahidlərlə və fiziki çəkiyə görə hesablanması və s. həlli vacib məsələlərə həsr edilib.
Çayçılıq haqqında Dövlət Proqramında nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsinə töhfə olan monoqrafiyada, həmçinin ərzaq təhlükəsizliyinin təminatında və çayçılığın inkişafında sahibkarlığın rolu, yaşıl çay istehsalında maya dəyərinin aşağı salınması və çayçılıqda iqtisadi səmərəliliyin yüksəldilməsi yolları göstərilib, çay plantasiyalarında suvarma rejiminin müəyyən edilməsi, mikroiqlim şəraiti, çay bitkisinin fizioloji və məhsuldarlıq göstəricilərinə dair materiallar öz əksini tapıb.
Kitabın elmi redaktoru Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyevdir
Vəsait ali təhsil müəssisələrinin “Aqronomluq”, “Torpaqşünaslıq”,“Aqrokimya” və digər ixtisaslarında təhsil alan tələbələr, magistrantlar, doktorantlar üçün nəzərdə tutulub.