Arxiv
AMEA GAMŞ-ın sədri Gənclər və idman nazirinin gənclər təşkilatlarının nümayəndələri ilə görüşündə iştirak edib
27.01.2022

Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarının bir qrupu ilə görüş keçirib.

Görüş zamanı çıxış edən gənclər nazirə təşkilatlarının fəaliyyəti, həyata keçirilən layihələr, qarşılaşdıqları çətinliklər, gələcək planları barədə məlumatlar veriblər.

Tədbirdə AMEA-nın Gənc Alim və Mütəxəsislər Şurasının (GAMŞ) sədri Elmir Babayev da iştirak edib. O, Şuranın yaranma tarixi və fəaliyyət istiqamətlərindən bəhs edib.

Elmir Babayev Şuranın öz fəaliyyətini Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı əsasında, eləcə də ölkə başçısının digər Fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, həmçinin AMEA-nın Nizamnaməsi, Rəyasət Heyətinin qərarları və şuranın nizamnaməsinə uyğun qurduğunu diqqətə çatdırıb.

AMEA-da ölkənin ictimai, sosial və mədəni həyatında intellektual gəncliyin çəkisinin yüksəldilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini deyən sədr Akademiyada aparılan islahatların gənc alimlərin dünya elminə inteqrasiyasına geniş imkanlar açdığını deyib.

Şura sədri Gənclər və İdman Nazirliyinin və Gənc Alim və Mütəxəsislər Şurasının birgə həyata keçirdiyi layihələrdən bəhs edib. O, bir çox dünya ölkələrindən gənc alimlərin iştirakı ilə Azərbaycanda baş tutan beynəlxalq forum və konfransların təşkilində, AMEA gənclərinin beynəlxalq elmi mərkəzlərdə təlim, konfrans və sinpoziumlarda iştirak xərclərinin qarşılanmasında Gənclər və İdman Nazirliyi tərəfindən böyük dəstək göstərildiyini vurğulayıb. 

“Hər il 2 fevral - Gənclər Günü münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılan gənclər arasında AMEA-nın gənc alimləri də yer alır”, - deyə qeyd edən E.Babayev gələcəkdə nazirliklə birgə həyata keçirilməsi üçün yeni layihələrə dair təkliflərini səsləndirib.

Tədbirdə çıxış edən gənclər təşkilatlarının rəhbərləri maraqlı və səmimi görüş üçün nazir Fərid Qayıbova minnətdarlıqlarını bildiriblər.