Arxiv
AMEA-da 2 fevral – Azərbaycan Gəncləri Günü qeyd olunub
01.02.2022

Fevralın 1-də AMEA Rəyasət Heyətində AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbiri keçirilib.

Tədbirdə AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov, Rəyasət Heyəti aparatın idarə və şöbə rəhbərləri, eləcə də AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri və gənc tədqiqatçılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov açaraq Gənclər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, gənclərin hər bir dövlətin gələcəyi, cəmiyyətin aparıcı qüvvəsi olduğunu bildirib. Qeyd edib ki, bu əlamətdar günün məqsədi gənclərə diqqət və qayğı göstərməklə yanaşı, onların problemlərinin həlli istiqamətində də mühüm işlərin görülməsidir.

Akademik Arif Həşimov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxdığını bildirib. Əlavə edib ki, Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib, həmin vaxtdan etibarən Azərbaycan gəncliyinin yeni erası başlayıb və gənclərin fəaliyyəti daim dövlətin diqqət mərkəzində olub.

“Akademiyada gənclərinin peşəkar mütəxəssis kimi yetişmələri üçün əlverişli iş şəraiti formalaşmışdır”, - deyə qeyd edən Arif Həşimov gənc mütəxəssislərin tədqiqat və araşdırmalarını müasir səviyyədə həyata keçirmələri üçün mühüm addımların atıldığını diqqətə çatdırıb.

O, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə bu elm ocağında gənclərin fəaliyyətinin stimullaşdırılması üçün əhəmiyyətli tədbirlərin görüldüyünü bildirib. Qeyd edib ki, bu yaxınlarda akademiyada 35 yaşadək elmlər doktoru elmi dərəcəsini almış gənc alimə pul mükafatının təqdim olunması AMEA-da gənclərə göstərilən diqqətin bariz nümunəsidir.

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. O, XXI əsrdə Azərbaycanın firavan gələcəyinin təmin olunmasında gənclərimizin üzərinə böyük vəzifələrin düşdüyünü bildirib.

Gənclərin millətin inkişafının təməl daşı, müstəqilliyimizin qorunub-saxlanılmasında gələcəyimizin qarantı olduğunu deyən vitse-prezident Azərbaycanda gəncliyin inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinin ölkə siyasətinin prioritetlərindən olduğunu qeyd edib. Akademik İradə Hüseynova gənclərin hərtərəfli inkişafının ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqəli olduğunu bildirərək, ölkədə dövlətin müstəqilliyinin möhkəmləndirilməsinin intellektual səviyyəli kadrların hazırlığından asılı olduğunu vurğulayıb.

“Ölkəmizdə dövlət gənclər siyasəti sahəsində əldə olunan uğurlar gənclərin aparıcı qüvvəyə çevrilməsinə şərait yaradır”, - deyən İradə Hüseynova bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğı nəticəsində bu gün Azərbaycanda intellektual, milli düşüncəyə sahib gənclər formalaşır və onlar ölkənin ictimai-siyasi həyatında böyük rol oynayırlar.

Ümummilli Lider Heydər Əliyevin gənc kadrların yetişdirilməsinə hər zaman böyük əhəmiyyət verdiyini deyən vitse-prezident XX əsrin 70-ci illərindən etibarən Ulu Öndərin dəstəyi ilə bu istiqamətdə zəruri maddi-texniki bazanın formalaşdırıldığını, yüzlərlə gəncin SSRİ-nin aparıcı ali təhsil müəssisələrinə təhsil almağa göndərildiyini və oradan yüksəkixtisaslı mütəxəssislər kimi qayıdaraq ölkəmizin inkişafına öz töhfələrini verdiklərini diqqətə çatdırıb.

Akademik, həmçinin Azərbaycan dövləti tərəfindən gənclərin potensialının gücləndirilməsi, innovativ fəaliyyətinin dəstəklənməsi, onların elmə cəlb olunması istiqamətində görülən tədbirlərdən, eləcə də ölkə başçısının qəbul etdiyi sərəncamlardan, gənclərin xarici ölkələrdə təhsil alması üçün qəbul edilən dövlət proqramlarından bəhs edib.

İradə Hüseynova qeyd edib ki, hazırda AMEA-nın 25 gənc tədqiqatçısı Avropanın müxtəlif ali məktəblərində doktorantura təhsili alır və bu gənclərin böyük əksəriyyəti AMEA-nın magistraturasının məzunlarıdır. 

Sonra AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev “Gənc Alim və Mütəxəssislər Şurasının AMEA-nın və ölkənin elmi gəncliyinin inkişafında rolu” mövzusunda məruzə ilə çıxış edib. O, Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, AMEA-nın 42 elmi təşkilat və müəssisəsində fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şurası təxminən 2500 gənci əhatə edir.

Elmir Babayevin sözlərinə görə, rəhbərlik etdiyi şura elmin ölkə üzrə gənclər arasında populyarlaşdırılması, istedadlı gənclərin elmə cəlb edilməsi məqsədilə son illər ərzində paytaxt və regionlarda yerləşən ümumtəhsil ocaqlarında elmi-əyləncəli-öyrədici müsabiqələr təşkil edib, böyüməkdə olan gənc nəslin Azərbaycanın milli-mənəvi irsinə qarşı münasibətində doğmalıq hisslərinin gücləndirilməsinə dəstək olub.

“Bu gün Azərbaycanın elmi potensialını müəyyənləşdirən cəmiyyət AMEA-da fəaliyyət göstərir”, - deyə bildirən məruzəçi həmin cəmiyyəti təşkil edən alimlərimizin, o cümlədən gənclərimizin Azərbaycan elmini dünyanın ən qabaqcıl elm mərkəzlərində baş tutan beynəlxalq konfranslarda təmsil etdiklərini diqqətə çatdırıb.

Şura sədri əlavə edib ki, AMEA-da elm və təhsilin vəhdət şəkildə inkişafı istiqamətində atılan mühüm addımların nəticəsidir ki, bu gün magistraturaya qəbul imtahanlarında ən yüksək bal toplayan gənclərin seçimi məhz Azərbaycan Milli Elmlər Akademiyası olur.

O, akademiyanın fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə həyata keçirilən işlər və əldə olunan nəticələr baxımından da ön planda olduğunu vurğulayıb. Məruzəçi son illərdə gənc alimlərin məqalələrinin yüksək istinad indeksli beynəlxalq jurnallarda dərc olunmasının artıq ənənəyə çevrildiyini bildirib.

Şura sədri AMEA gənclərinin bu gün Azərbaycanın elmi-mədəni həyatında böyük rola malik olduğunu deyərək, onların ölkəmizin taleyüklü məsələlərinin həll olunmasında yaxından iştirak etdiklərini qeyd edib.

Elmir Babayev çıxışının sonunda AMEA rəhbərliyinə, xüsusən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə gənclərin fəaliyyətini dəstəklədiyinə və yaradılan əlverişli  iş şəraitinə görə minnətdarlığını bildirib.

Daha sonra AMEA-nın Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev “Milli özünüdərk prosesində gənclərin rolu”, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova “Region gənclərinin elmi fəaliyyətinin səmərəli təşkilinin aspektləri”, A.Bakıxanov adına Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Leyla Babazadə “Elm və gənclik”,  İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aysən Fərəcova “Gənclər gələcəyimizdir” mövzusunda məruzələrlə çıxış ediblər. Çıxış edənlər 44 günlük Vətən müharibəsindən, Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbədə gənclərin rolundan, ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən, eləcə də region gənclərinin fəaliyyətindən, beynəlxalq qrant layihələrində, elmi tədbirlərdə gənclərin fəal iştirakından bəhs ediblər. 

Tədbirdə səmərəli elmi fəaliyyətlərinə görə  bir qrup gənc alimə AMEA-nın Fəxri diplomları təqdim olunub.

Sonda Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məlikli və digər təltif olunan gənclər onlara göstərilən diqqətə görə təşəkkür edib, ölkə başçısı tərəfindən uğurla həyata keçirilən dinamik inkişafın davamlılığını təmin etmək üçün üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışdıqlarını bildiriblər.