Böyük alim və ictimai-siyasi xadim, Azərbaycanda biologiya elminin müasir istiqamətlərinin və çoxsaylı yüksək məhsuldar sortların yaradılmasında əvəzolunmaz xidmətləri olan akademik Cəlal Əliyevin vəfatından altı il ötür.
Bu münasibətlə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun və Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun kollektivləri, Cəlal Əliyev elmi məktəbinin nümayəndələri onun Fəxri xiyabandakı məzarını ziyarət edərək məzarı önünə əklil və tər çiçəklər düzüb, müəllimləri haqqında xoş xatirələrini bölüşüblər.
AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova akademik Cəlal Əliyevin həyat yolundan, elmi yaradıcılığından, Azərbaycan və dünya elminə verdiyi töhfələrdən söz açaraq, onun fotosintezlə bağlı əldə etdiyi elmi nəticələrin dünyanın bir çox ölkələrində uğurla tətbiq olunduğunu vurğulayıb. O qeyd edib ki, biologiyanın müasir istiqamətlərindən olan molekulyar biologiya, molekulyar genetika, riyazi biologiya, bioinformatika, gen və hüceyrə biotexnologiyası, gen mühəndisliyi sahələri Azərbaycan elmində ilk dəfə olaraq məhz Cəlal Əliyevin uzaqgörənliyi və məqsədyönlü fəaliyyətləri sayəsində inkişaf etdirilib, onun rəhbərliyi ilə bu elmlərin güclü kadr bazası formalaşdırılıb. Məhz onun təşəbbüskarlığı nəticəsində respublikamızda ilk dəfə biologiya və kənd təsərrüfatının bir çox nəzəri və praktiki məsələlərinin həlli riyazi metodlardan, informasiya və kompüter texnologiyalarından istifadə etməklə mümkün olub. Azərbaycan elminin dünyada tanınmasında, təbliğində və beynəlxalq elmi təşkilatlarla əlaqələr qurulmasında misilsiz xidmətləri olan akademik Cəlal Əliyev eyni zamanda xalqın və dövlətçiliyin naminə söz deməyi bacaran cəsarətli bir şəxsiyyət olub.
Sonra çıxış edən Rizvan Vahabov isə alimin mübarizələrlə zəngin, hamıya örnək ola biləcək fərqli bir ömür yaşadığını vurğulayıb, onun təkcə alim kimi deyil, həm də bir insan, bir dost olaraq insanlığın zirvəsində dayandığını qeyd edib. Onun sözlərinə görə, Cəlal Əliyevin böyük alim kimi yüksək nüfuzu və nümunəvi vətəndaş mövqeyi ölkəmizin ictimai-siyasi həyatındakı coşqun fəaliyyəti ilə həmişə qırılmaz vəhdət təşkil edib.
Sonra akademik Qərib Məmmədov, AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev, biologiya elmləri doktorları Səyyarə İbadullayeva, Tofiq Allahverdiyev, biologiya üzrə fəlsəfə doktoru Cavanşir Təlai, aqrar elmlər üzrə fəlsəfə doktorları Faiq Xudayev, Sevda Hacıyeva və digərləri çıxış edərək akademik Cəlal Əliyevin Azərbaycan elminin inkişafında çoxillik zəngin və məhsuldar fəaliyyətindən, ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanmasında böyük xidmətlərindən, alimin əməyinin xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyindən bəhs edərək, elmə dəyərli töhfələr vermiş böyük alimin əziz xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıblar.