Arxiv
Biologiya elmləri doktoru İnna Qurbanovanın anadan olmasından 85 il ötür
04.02.2022

Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun baş elmi işçisi, bitkilərdə fotosintez prosesinin biofizikası, fiziologiyası və biokimyası üzrə mütəxəssis kimi respublikada və onun hüdudları xaricində tanınmış alim, biologiya elmləri doktoru İnna Musa qızı Qurbanovanın anadan olmasının 85 ili tamam oldu. Sağ qalsaydı, bu tarixi günü böyük təntənə ilə qeyd edərdik...

 

Ancaq nə etməli... Bu da bir tale yazısı imiş... İnna xanımın simasında biz yüksək insani və intellektual keyfiyyətlərə, aydın düşüncə tərzinə malik, daxili mədəniyyətə sahib, xeyirxah, təvazökar, insanları qəlbən duyan, hamı ilə ünsiyyət tapmağı bacaran, mehriban rəftarlı, son dərəcə həssas, xoş niyyətli, həyatsevər bir şəxsiyyəti itirdik...

İnna Musa qızı Qurbanova 1937-ci il yanvar ayının 26-da Şamaxı şəhərində  ziyalı ailəsində anadan olmuşdur. 1962-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini  bitirdikdən sonra Botanika İnstitutunda elmi fəaliyyətə başlamışdır.

1963-1965-ci illərdə İ.M. Qurbanova Moskva şəhərinə təcrübəçi kimi ezam edilmiş və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakültəsinin biofizika kafedrasında və A.N.Bax adına Biokimya İnstitutunun təkamül biokimyası laboratoriyasında tədqiqat işi aparmışdır. 1965-1968-ci illərdə AMEA Botanika İnstitutunun aspiranturasında təhsil almışdır. 1972-ci ildə namizədlik, 1992-cı ildə isə doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etmişdir. 1990-cı ildən “biofizika” ixtisası üzrə dosentdir. Uzun illər ərzində İnstitutun “Hüceyrə biofizikası” laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. İ.M.Qurbanovanın rəhbərliyi ilə yerinə yetirilmiş tədqiqat işlərinin nəticələri beynəlxalq elm aləmində çoxsaylı istinadlar qazanmış və dəfələrlə mühüm nəticələr sırasına daxil edilmişdir. Fotosintetik aparatın bitkilərin davamlılığını təyin edən əsas amil olması fikri ilk dəfə alim tərəfindən irəli sürülmüş və 1993-cü ildə Soros Beynəlxalq elm fondunun fərdi qrantı ilə mükafatlanmışdır. Əksəriyyəti beynəlxalq səviyyəli nüfuzlu dərgilərdə nəşr olunan 150-dən çox elmi əsərlər onun məhsuldar elmi fəaliyyətinin nəticəsidir. Elmi ideyaları və onların uğurla həyata keçməsi həmişə diqqət mərkəzində olmuş, “Əmək veteranı” medalı, AMEA Rəyasət Heyətinin Fəxri Fərmanları ilə dəyərləndirilmişdir.

Kadr hazırlığı sahəsində də onun xidmətləri olmuşdur. Elmi rəhbərliyi altında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3 dissertasiya işi və çoxsaylı magistr işləri müdafiə olunmuş, 1 elmlər doktoru və 2 fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya işləri isə müdafiə üçün hazırlanmışdır.

İnna Qurbanova bir neçə il Fotosintez və Fotobiologiya problemləri Elmi Şurasının elmi katibi kimi çalışmış və həyatının sonuna qədər Botanika İnstitutu Elmi Şurasının və İnstitutun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü olmuşdur.

Haqq dünyasına qovuşanları xatırlayan, səslərini, simalarını yadda saxlayan insanlar durduqca, onlar birdəfəlik yox olmurlar...  Azərbaycan elmində əvəzsiz xidmətləri olan İnna Qurbanovanın da xatirəsi onu tanıyanların, sevənlərin qəlbində daim yaşayacaqdır. Onun yeri həmişə görünəcək, sağ ikən qazandığı hörmətlə ürəklərdə yad ediləcəkdir...

Rahat yatın, hörmətli və əziz həmkar, qayğıkeş pedaqoq, təvazökar, mehriban və sədaqətli dost… Ruhunuz qarşısında hamımız baş əyirik. Allah Sizə rəhmət etsin, qəbriniz nurla dolsun, yeriniz behişt olsun. Amin.

 

 

AMEA Botanika İnstitutunun

baş direktoru,                                                          b.e.d., prof. S.C.İbadullayeva

 

AMEA Botanika İnstitutunun

elmi katibi,                                                               b.ü.f.d., dosent X.C.Xəlilova