AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev ilə görüşüb.
Görüş zamanı Əlövsət Quliyev “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd təsərrüfatının inteqrə edilmiş inkişafı” layihəsində BMqT ilə birgə əməkdaşlıq fəaliyyətindən bəhs edib.O, qeyd edib ki, BMqT Bakı ofisinin tərkibində Naxçıvan Muxtar Respublikasında mövcud olmuş kəhrizlərin tədqiqi, xəritəşdirilməsi, onların yenidən bərpası işlərində məsləhətçi alim kimi 10 ildən çox fəaliyyət göstərib. Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kəhrizlərin araşdırılması, qarşıda duran əsas məsələlərdən biridir. Nəticədə monitorinq aparılmasına, lazımi işlərin görülməsinə ehtiyac var. Ə.Quliyev bu məqsədlə BMqT və digər təşkilatların dəstəyinin əhəmiyyətini və vacibliyi qeyd edib.
Görüşün sonunda Əlövsət Quliyev öz “Azərbaycan kəhrizləri” adlı kitabının ingilis dilində nəşrini Vladimir Qyorqiyevə təqdim edib.V.Qyorqiyev alimin bu sahədə elmi fəaliyyətini, araşdırmalarını yüksək qiymətləndirdiyini qeyd edərək öz təşəkkürünü bildirib.
Qeyd edək ki, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev 2005-ci ildən UNESCO-nun “Qədim hidravlik sistemlər - kəhrizlər” üzrə dövlətlərarası idarə heyətinin üzvüdür. Hazırda UNESCO tərəfindən Azərbaycan və Orta Asiya respublikalarında (Qazaxıstan, Özbəkistan və Türkmənistan) kəhriz sistemlərinin tədqiqatı ilə məşğul olur.