“Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq İttifaqın (İUCN) son versiyalarına uyğun olaraq dünya florasında itmək təhlükəsində olan bitkilər tədqiqatçılar tərəfindən öyrənilir. Rusiya, Orta Asiya, Qafqaz, o cümlədən Azərbaycan artıq regionlara məxsus “Qırmızı kitab”ların yazılması istiqamətində əməli təkliflər irəli sürüb və ya kitablar yazılaraq təqdim edilib. Biz də öz növbəmizdə hər 10 ildən bir Azərbaycanın “Qırmızı kitab”nı hazırlayırıq”.
Bunu APA-ya AMEA-nın Botanika İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru, professor Səyyarə İbadullayeva deyib.
Direktor bildirib ki, hazırda botaniklər bu istiqamətdə bölgələr üzrə nadir, endemik, subendemik və itməkdə olan növlərin siyahılarını hazırlayırlar:
“Onu deyə bilərəm ki, 100-dən çox növ yeni siyahıya əlavə ediləcək. Bunlar respublikada yeganə yayılma yerləri ilə tanınır. Məsələn, Naxçıvan Muxtar Respublikası ilə məhdudlaşan 39 növ, Kiçik Qafqazın şimal şərqindən 28 növ, ayrı-ayrı mütəxəssislər tərəfindən hazırlanmış yeni siyahılar da var ki, müzakirə edilir. Professor Aydın Əsgərov Azərbaycan florasına aid 140 endemik, 228 subendemik (yəni sərhəd ölkələrdə rast olan) bitki qeyd edir, onlardan cəmi 53 növ “Qırmızı kitab”ın II nəşrinə daxil edilib. Endemik bitkilərin hər birinin, xüsusilə ot bitkilərinin qorunmaya ehtiyacı var. Bəzi ağac və kollar meşə yaratdığı üçün endemik də olsa qırmızı siyahıya salınmaya bilər.
Həmçinin kitabın II nəşrindən 4 növün çıxarılması tövsiyə olunur. Bunlar Salsola tragus, Solenanthus circinnatus, Pyrus salicifolia, bir də yalnız Naxçıvanın Şahbuz rayonunda geniş yayılmış Smyrniopsis aucheri növüdür”.
S.İbadullayeva yeni nəşrə daxil ediləcək bitkilərin sayının hələ dəqiq olmadığını qeyd edib:
“Bu say hələ dəqiq deyil, amma onu deyə bilərəm ki, I nəşrdən 39 növ daxil edilməyib. Bundan başqa, Gəncə-Qazax ərazisindən 33 növün, yeganə yayılma mərkəzi Qarabağla məhdudlaşan nadir növlərin də yeni nəşrə salınması gözlənilir. Sözsüz ki, hələlik Qarabağ ərazisini təftiş edə bilmirik, lakin minalardan təmizləndikdən sonra bu ərazilərə təkrar baxılmalıdır. Hər halda yeganə yayılma mərkəzi olan unikal floralara aid növlər qorunmalıdır. Aparılan çoxillik tədqiqatlar, müxtəlif botaniklər tərəfindən ərazidən toplanmış herbari materialları, bu sahəyə dair əsərlər, xüsusən monoqrafiyalar və şəxsən tərəfimizdən toplanmış herbari materiallarının kameral analizi nəticəsində bu say tam dəqiqləşəcək. III nəşrə daxil ediləcək bitki sayı təxminən 2 dəfə artacaq”.
Direktor bildirib ki, Qarabağda olan 121 növ bitki “Qırmızı kitab”ın nə I, nə də II nəşrinə daxil edilməyib: “İlk dəfə olaraq yeni nəşrə bu növlərin, həmçinin son illər Naxçıvanda yalnız 1 ərazidə rast gəlinən Thymus hymalis, Helosciadium nodiflorum və s. kimi növlərin daxil edilməsi planlaşdırılır”.
Onun sözlərinə görə, “Qırmızı kitab”la bağlı akademik İradə Hüseynovanın rəhbərliyi altında işlər aparılır:
“İşçi qaydasında bir neçə dəfə toplanmışıq, həm Botanika İnstitutunun əməkdaşları, həm AMEA-nın digər botanika sahəsində çalışan İnstitutları, həm də bölgələrdə fəaliyyət göstərən botanik alimlər tərəfindən müzakirələr aparılır. Hər bir mütəxəssis özünün seçdiyi növləri təqdim edib. İbtidai bitkilər üzrə AMEA-nın müxbir üzvü Vaqif Novruzov, mikologiya üzrə Dilzarə Ağayeva, lixinologiya üzrə Sevda Alverdiyeva, Bakı Dövlət Universitetində AMEA müxbir üzvü, professor Elşad Qurbanov, Naxçıvan MR üzrə akademik Tariyel Talıbov və professor Əliyar İbrahimov, ağac və kollar üzrə AMEA Dendrologiya və Mərkəzi Nəbatat Bağının əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən nazir müavini Vüqar Kərimov və başqalarının bu sahədə gördüyü işlər var. Hər bir növ ümumi toplantıda müzakirəyə qoyularaq kitab hazırlanacaq. Onu da qeyd edim ki, I nəşrdə xüsusi xidməti olan professor Aydın Əsgərov III nəşrə daxil ediləcək mamır növlərinin nəinki Azərbaycan, o cümlədən Qafqaz florası üçün qırmızı siyahısını da tərtib edib. Artıq ilkin oxunuşda siyahıları hazır etmişik. Qeyd etmək istəyirəm ki, Botanika İnstitutunun əməkdaşları, o cümlədən mən 2 ildir dayanmadan çöl tədqiqatları və ekspedisiyalar aparmışıq. Tərəfimizdən bitkilərin müasir vəziyyəti qiymətləndirilib. Həmçinin beynəlxalq siyahı üzrə qiymətləndirilmələr aparılıb, yeni fotoşəkillər hazırlanıb və xəritələr tərtib edilib".
Qeyd edək ki, "Qırmızı kitab"ın III nəşri 2023-cü ildə çap olunacaq.