“…Təbiətin bizə bəxş etdikləri çox böyük sərvətdir. Biz ölməz H.Ə.Əliyevin ənənələrini davam etdirməli, gözəllikləri yaşatmalıyıq. Çünki bu gözəlliklər bizimdir, sizindir və gələcək nəsillərindir. Gəlin, özünə qarşı etik və qayğılı münasibətdən başqa bizdən heç nə istəməyən ana təbiətin nəvazişinə nəvazişlə cavab verək, onu sevək və qoruyaq...”
Vahid Hacıyev
14 fevral 2022-ci il tarixində görkəmli geobotanik alim, əməkdar elm xadimi, b.e.d., professor, “Şöhrət” Ordeni laureatı, Azərbaycan Mili Elmlər Akademiyasının həqiqi üzvü, 1988-ci ildən 2008-ci ilə qədər 20 il ərzində AMEA Botanika İnstitutuna rəhbərlik etmiş Vahid Cəlal oğlu Hacıyevin anadan olmasının 94 ili tamam olur.
V.C.Hacıyev 1928-ci ildə Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərində dünyaya göz açmışdır. 1943-cü ildə Tərtər şəhərində orta məktəbi bitirdikdən sonra Gəncə şəhərində Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Kənd Təsərrüfatı Akademiyası) tarlaçılıq fakultəsinə daxil olmuşdur. Tələbəlik illərindən başlayaraq botanikaya, xüsusilə geobotaniki tədqiqatlara maraq göstərən V.C.Hacıyev tələbə elmi cəmiyyətinlərində də fəal iştirak edirdi. İnstitutu bitirdikdən sonra (1947) o, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində geobotanik kimi fəaliyyətini davam etdirir. Gənc mütəxəssis burada respublika otlaqlarının bir sıra elmi və praktiki problemləri ilə, xüsusən ayrı-ayrı bitki növlərinin və formasiyalarının əmələ gəlməsinə, onların formalaşmasına dair geniş tədqiqat işləri ilə məşğul olur.
Elmi tədqiqatlarını daha dərindən davam etdirmək arzusu onu 1949-cu ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki keçmiş SSRİ EA-nın V.L.Komarov adına Botanika İnstitutunun aspiranturasına istiqamətləndirir. Burada o, geobotanikanın nəzəri problemlərini hərtərəfli öyrənərək məşhur florist, b.e.d., professor Y.Q.Bobrovun elmi rəhbərliyi altında Azərbaycan flora və bitki örtüyünə dair eksperimental tədqiqatlar aparır və 1952-ci ildə “Azərbaycanın quraqlığa davamlı paxlalı yem bitkiləri və onlardan qış otlaqlarında istifadə imkanları” mövzusunda namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək Azərbaycana qayıdır. Respublika ərazisində yüksək dağ çəmənlərinin geobotaniki tədqiqatının çox səthi və aşağı səviyyədə olduğunu dərk edən V.C.Hacıyev geobotanikanın məhz bu sahəsini əsaslı surətdə öyrənməyi və inkişaf etdirməyi qət edir. Gərgin elmi axtarışlar öz bəhrəsini verir. 1966-cı ildə o, “Böyük Qafqazın yüksək dağ bitkiliyi (Az.SSR daxilində), onun dinamikası və təsərrüfat əhəmiyyəti” mövzusunda müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə edir.
V.C.Hacıyevin elmi-təşkilati fəaliyyəti çoxpilləli olmuşdur. O, 1952-1957-ci illər ərzində Azərbaycan EA-nın Botanika İnstitutunda kiçik və daha sonra baş elmi işçi vəzifələrində çalışmışdır. Hələ gənc ikən gözəl təşkilatçılıq bacarığını nəzərə alaraq ona 1957-1958-ci illərdə Botanika bağının direktoru vəzifəsini icra etmək həvalə olunmuşdur. Artıq çəmənçilik üzrə yeganə mütəxəssis və geniş diapozonlu tədqiqatçı kimi tanınan V.C.Hacıyev Azərbaycan respublikası Kənd Təsərrüfat Nazirliyi tərəfindən 1972-1973-cü illərdə Botanika İnstitutunda əsasını qoyduğu Geobotanika şöbəsinin müdiri vəzifəsində qalmaq şərti ilə Yemçilik və Otlaqlar elmi-tədqiqat institutuna direktor təyin edilir. Vahid Hacıyev 1958-1972-ci və daha sonra 1978-1988-ci illərdə Azərb.SSR EA-nın Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. Uzun illərdən bəri həmin vəzifədə çalışması və işlədiyi müddətdə botanika elminin respublikada hərtərəfli inkişafına xüsusi diqqət yetirməsi akademik V.C.Hacıyevi bacarıqlı və yaxşı elmi təşkilatçı kimi səciyyələndirməyə əsas vermişdir. Alimin elmi səviyyəsi, gözəl təşkilatçılıq bacarığı EA Rəyasət Heyətinin nəzərindən yayınmamış və 1988-ci ildə İnstitutunun direktoru vəzifəsinə yüksəlməsinə təkan vermişdir. Onun rəhbərlik etdiyi müddət ərzində İnstitutda aparılan elmi-tədqiqat işləri daha müasir istiqamət almış və bu da öz növbəsində yeni ixtisaslar üzrə laboratoriyalar açılmasını zəruri etmişdir. Akademikin rəhbərliyi və bilavasitə iştirakı ilə 1992-ci ildə yenidən hazırlanmış və sonrakı illərdə rus və ingilis dillərində nəşr edilmiş “Azərbaycanın bitki örtüyü” xəritəsi respublikanın bitki örtüyünün, bitkiliyinin və qismən florasının tam aynasıdır.
Müxtəlif vəzifələrdə fəaliyyət göstərdiyi həmin illərdə V.C.Hacıyev paralel olaraq elmi işlərini də davam etdirir, yüksək dağ çəmənlərinin flora və bitki örtüyünə dair tədqiqatlara diqqət yetirirdi. Artıq Azərbaycanda deyil, eyni zamanda keçmiş Ümumittifaq səviyyəsində məşhur mütəxəssis hesab olunan V.C.Hacıyev elmi fəaliyyətinin əhatə dairəsini genişləndirərək Böyük Qafqazın, hətta Kiçik Qafqaz və Talışın yüksək dağ çəmənlərini hərtərəfli və dərindən öyrənməyə başlayır. Tədqiqatlarında geobotanikanın klassik metodları, həmçinin müasir metodlardan, o cümlədən, bitki örtüyünün aerokosmik və məsafə metodlarından istifadə etməklə öyrənilməsinə geniş yer verən görkəmli alimin bilavasitə elmi rəhbərliyi və iştitrakı ilə Azərbaycanın qış (1,5 mln. ha) və yay (0,5 mln. ha) otlaqlarının ən müasir geobotaniki tədqiqi və pasportlaşdırılıması aparılmiş və indi də aparılmaqdadır. Həmin tədqiqatların nəticələri əsasında Azərbaycan Kənd Təsərrüyatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Yem sahələrinin geobotaniki tədqiqi metodikası” tərtib olunmuşdur. Direktiv orqanlarının göstərişlərinə əsasən, V.C.Hacıyev biyan köklərinin sənaye ehtiyatlarının, eyni zamanda Azərbaycanda kağız-sellüloz sənayesinin inkişafı üçün qarğı və qamışvari - qarğı bitkilərinin yerüstü kütləsinin ehtiyatının müəyyənləşdirilməsi üçün təşkil olunmuş dəstəyə rəhbərlik etmişdir.
Çöl geobotaniki tədqiqatlarının metodologiyasına dərindən yiyələnən V.C.Hacıyev daim onları təkmilləşdirmiş və geobotanikada yeni metodik üsullar hazırlanmasına səy göstərmişdir. Alimin uzun illərdən bəri apardığı hərtərəfli elmi müşahidələri və çöl tədqiqatları zamanı topladığı zəngin materiallar ardıcıl olaraq bir neçə sanballı monoqrafiyalarının meydana çıxmasına əsas vermişdir. Bunların içərisində əsas müəlliflərindən olduğu, 2 hissədən ibarət “Azərbaycanın otlaq və biçənəklərinin yem bitkiləri” - (I hissə, 1965; II hissə, 1969) - kitabları tez bir zamanda yemçilik sahəsində çalışanların, geobotanika və flora ilə məşğul olan tədqiqatçıların, heyvandarlıq və s. kənd təsərrüfatı mütəxəssislərinin stolüstü kitabına çevrilir. Az sonra o, Azərbaycanda yüksək dağ bitkiliyinə həsr olunmuş “Böyük Qafqazın yüksək dağ bitkiliyi (Az.SSR daxilində) və onun təsərrüfat əhəmiyyəti” (1970), “Böyük Qafqazın yüksək dağ bitkiliyi formasiyalarının dinamikası və məhsuldarlığı” (1974) monoqrafiyalarını nəşr etdirir. Həmin əsərlərdə dağ yamaclarının bərpasında və heyvandarlığın inkişafında xüsusi əhəmiyyəti olan Böyük Qafqazın yüksək dağ bitkiliyinin tam floristik təhlili verilmiş, dominant və subdominant bitki formasiyalarının geobotaniki səciyyəsi və bitki örtüyünün dinamikası, ekzogen və endogen, xüsusilə antropogen amillərin təsiri açıqlanmışdır. Bu dəyərli əsərlər V.C.Hacıyevin Azərbaycan ərazisi daxilində olan yüksək dağ çəmənlərinin ən görkəmli tədqiqatçısı kimi tanınmasında və yeni tədqiqatçılar nəslinin inkişafında müstəsna rol oynamışdır.
“Talışın yüksək dağ çəmənlərinin florası və bitkiliyi” (1979) əsərində o, apardığı elmi tədqiqat işlərinə istinad edərək Talışın yüksək dağ bitkiliyi tərkibində rast gəlinən endemik növləri əmələ gəlmələrinə görə bir sıra qruplara ayırmış, bu endemik növlərdən bəzisinin üçüncü dövrün sonu və dördüncü dövrün əvvəllərində öz klassik əmələgəlmə mərkəzlərindən ayrıldığını, bəzilərinin isə növdaxili hibridləşmə nəticəsində avtoxton yolla əmələ gələrək formalaşdığını qeyd etmişdir. Endemik növlər üzərində tədqiqatlarını davam etdirən alim Talışın endemik növlərinin Hirkan mənşəli bitkilər olmaqla genetik cəhətdən Mərkəzi Anadolu və İran növəmələgəlmə mərkəzləri ilə sıx qohumluq əlaqələri ilə bağlı olduğu fikrini də irəli sürmüşdür. Əsərdə ilk dəfə olaraq Talışın yüksək dağ-çəmən bitki tiplərinin formalaşmasının əsas fitosenoloji parametrlərinin dinamikası araşdırılmışdır ki, bu da öz növbəsində geobotanika və floristika sahəsində çox mühüm elmi və tətbiqi nəticələrin alınmasının əsas vermişdir.
Vahid Hacıyevin elmi tədqiqatları içərisində faydalı, nadir və nəsli kəsilməkdə olan bitkilərin öyrənilməsi baxımından Moskvada 1985-ci ildə nəşr edilən “Zaqatala qoruğu” adlı iri həcmli əsəri də diqqəti cəlb edir. Əsərdə Zaqatala qoruğunun təşkilindən, onun flora və bitkiliyindən, yayılmış nadir bitkilərinin qorunmasından ətraflı bəhs olunur və elmi tövsiyələr verilir.
1990-cı ildə nəşr edilmiş “Kiçik Qafqazın bitki örtüyü” adlı monoqrafiyasında müəllif Alp qurşağının petrofil bitki qruplaşmasının Qafqazın qədim kriofil bitkilərindən biri kimi səciyyələndirmiş, qayalı, daşlı və çınqıllı sahələrdə rast gəlinən bitkilərin isə pleystosen və yuxarı Miosen dövründə avtoxron yolla əmələ gəldiklərini açıqlamışdır. Müəllif həmçinin bölgənin xinofil bitkilərinin qədim buzlaşmaya qədər əmələ gəlməsi və formalaşması barədə qeydlər etmişdir.
AMEA müxbir-üzvü S.H.Musayevin həmmüəllifliyi ilə 1996-cı ildə nəşr edilmiş “Azərbaycanın Qırmızı və Yaşıl kitablarına tövsiyə olunan bitki və bitki formasiyaları” adlı kitabı da bu baxımdan çox böyük maraqla qarşılanmışdır. Əsərdə nadir və ya məhv olmağa məruz qalan 416 növ bitkilər haqqında, otlaq və biçənəklərimizdə sıradan çıxmış bitki formasiyaları haqqında dəyərli məlumatlar toplanmışdır.
V.C.Hacıyevin geniş elmi tədqiqatları bitkilərin təsnifatı sahəsini də əhatə etmişdir. Belə ki, müəlliflərindən biri olduğu 8 cildlik “Флора Азербайджана” əsərinin Y-YIII cildləri üçün o, 5 fəsilə, 25 cinsə aid işlədiyi 84 növün elmi təsvirini vermişdir. V.C.Hacıyev həmçinin 1989-cu ildə kollektivin ümumi səyi nəticəsində tərtib olunaraq, nəşr edilmiş Azərbaycan florasının nadir, relikt, endemik növlərindən olan 140 bitkini əhatə edən “Azərbaycanın Qırmızı kitabı” adlı əsərində həmin bitkilərin yayılması, qorunmasına dair kifayət qədər əməli təkliflər vermişdir.
Azərbaycanda geobotaniki tədqiqatların əsasını qoymuş, yüksək dağ çəmənləri üzrə bitki formasiyalarının biocoğrafi yayılması və yerləşməsi qanunauyğunluqlarını aşkar etmiş, ilk dəfə olaraq yüksək dağ çəmənlərinin bitki örtüyünü rayonlaşdırmış, Azərbaycanda qış və yay otlaqlarına dair mühüm elmi və tətbiqi əhəmiyyətli tövsiyyələr vermiş akademik V.C.Hacıyev respublikamızda və həmçinin keçmiş Sovet İttifaqı və digər xarici ölkələrdə nəşr edilmiş 350-dən çox elmi əsərin, o cümlədən 7 monoqrafiyanın müəllifi, flora, bitki örtüyü və bitki ehtiyatlarına həsr edilmiş 30-dan yuxarı kitabın, o cümlədən dərslik və terminoloji lüğətlərin elmi redaktorudur.
V.C.Hacıyev həmçinin geobotanikanın əksər sahələrinə - xəritələşdirməyə, yemçiliyin başlıca problemlərinə, fitomeliorasiyaya, bitki ehtiyatlarına və onun qorunmasına dair onlarca elmi məqalə və əsərlərin müəllifidir. 1979-cu və 1987-ci illərdə tərtib etdiyi müxtəlif miqyaslarda “Azərbaycan bitki örtüyü” xəritələrində ilk dəfə olaraq yüksək dağ çəmənlərinin bitki örtüyü rayonlaşdırılmış və assosiasiya səviyyəsində təsnifatı verilmişdir. V.C.Hacıyevin rəhbərliyi və bilavasit iştirakı ilə 1992-ci ildə yenidən hazırlanmış və sonrakı illərdə rus və ingilis dillərində nəşr edilmiş “Azərbaycanın bitki örtüyü” xəritəsi respublikanın bitki örtüyünün, bitkiliyinin, qismən florasının tam aynasıdır. Alimin “Bilik” cəmiyyəti xətti ilə Azərbaycanın yay-qış otlaqlarının səmərəli istifadəsi və yaxşılaşdırılması yollarına dair bir neçə elmi-kütləvi kitabçaları, təbii bitki örtüyünə antropogen təsirlə əlaqədar məsələlərə və müasir bitki örtüyünün tarixi inkişafı və formalaşmasına həsr olunmuş əsərləri də diqqətəlayiqdir. Respublikada heyvandarlıq və yemçiliklə məşğul olan kənd təsərrüfatı mütəxəssislərinə, o cümlədən biologiya müəllimlərinə kömək məqsədilə V.C.Hacıyev respublikanın əksər rayonlarında seminar-müşavirələrdə iştirak etmişdir. Bu səyyar konfranslarda kənd təsərrüfatı mütəxəssisləri, qoruq işçiləri və bioloq müəllimlər botanika, geobotanika, yemçilik və təbiətin qorunmasının ən müasir nailiyyətləri ilə tanış edilmişlər.
Elmi nailiyyətlərinə görə V.C.Hacıyev 1970-ci ildə professor, 1983-cü ildə Azərb. SSR EA-nın müxbir üzvü, 1989-cu ildə isə Azərb.SSR EA-nın həqiq üzvü (akademiki) seçilmişdir.
V.C.Hacıyevin elmi xidmətləri öz müasirləri tərəfindən də yüksək qiymətləndirilmişdir. 1975-ci ildə V.Q.Xrjanovski və A.T.İsgəndərov tərəfindən Azərbaycanda Roza L. cinslərinin və b.e.d. R.Q.Əsgərovanın Gagea yeni növü tapılmışdır ki, bu da aparıcı geobotanik kimi uzun illər Azərbaycanın bitki örtüyünü tədqiq etmiş Vahid Cəlal oğlu Hacıyevin şərəfinə adlandırılımışdır. Bu yeni növ məşhur göstərici – “Index Kewensis”nə daxil edilmişdir.
V.C.Hacıyev botanikanın inkişafı və təbliği sahəsində çox çalışmış və xarici ölkə alimlərinin diqqətini Azərbaycanda aparılan tədqiqat işlərinə yönəldə bilmişdir. O, 1985-ci ildə b.e.d., AMEA müxbir-üzvü S.H.Musayev ilə birlikdə İngiltərənin Sautqempton universitetində təşkil edilmiş The international programe of Legume Database and information servise - ILDIS əlaqələndirmə mərkəzinin sifarişi ilə Azərbaycan və ayrılıqda Naxçıvan MR florasının paxlalılara dair sorğular əsasında geniş materiallar hazırlamışdır. Bu məlumatlar 1994-cü ilin mayında Şimali - Avro - Asiya və həmin ilin sonunda isə Dünya paxlalıları bankına daxil edilmişdir. Dünya paxlalıları arasında müstəqil Azərbaycan Respublikası ayrılıqda təmsil olunmuşdur. V.C.Hacıyev həmçinin 1986-cı ildə tanınmış fitosenoloq kimi İsveçrə botanikləri və fitosenoloqlarının dəvətilə İsveçrəyə ezam edilmiş, burada görülən tədqiqatlar, xüsusilə yüksək dağlıq zonanın flora və bitki örtüyü ilə məşğul olan alimlərin işləri ilə tanış olmuşdur. Səfər zamanı o, bir sıra şəhərlərdə və elmi-tədqiqat institutlarında və Universitetlərdə məruzələr etmişdir. Akademik V.C.Hacıyev 1990-1991-ci illərdə ABŞ, Yaponiya, Avstriya, Türkiyə və İtaliyada keçirilmiş Beynəlxalq forumlarda iştirak edərək, Azərbaycanın flora və bitkiliyinə, bitki ehtiyatlarının öyrənilməsinə dair əhatəli məruzələrlə çıxış etmişdir. V.C.Hacıyev həmçinin 1992-ci ildə Macarıstana ezam edilmiş və “Qafqazın sənaye əhəmiyyətli bitkiləri” mövzusunda mühazirə kursu oxumuşdur.
1993-cü ildən sonra cənab H.Ə.Əliyevin hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi elm aləmində də dirçəliş yaratdı. Müstəqil Azərbaycanın dünyanın bütün ölkələri ilə sərbəst elmi əlaqələrinin möhkəmlənməsi alimlərimizin müxtəlif konfrans, simpozium və başqa beynəlxalq forumlarda iştirakı və bir çox layihələr üzərində çalışmaları üçün geniş imkanlar açdı. Heç də təsadüfi deyildir ki, akademik V.C.Hacıyevin xarici dövlətlərə elmi səfərləri məhz həmin illərdə daha intensiv olmuşdur. Müxtəlif vaxtlarda Avstraliya (1993), İran İslam Respublikası (1993, 1999), İsveçrə (Bern ş., 1994; Tiçino ş. , 2001), Türkiyə (İzmir ş. 1995), Braziliya (1996), Yunanıstan (Tesoloniki, 1997), Polşa (Krakov ş.,1997), Almaniya (Braunşveyq ş., 1998), ABŞ (Sent-Luis ş.,1999), Şimali Kipr (1999), Gürcüstan (1999), Orta Asiya (1999, 2000), İsveç (Conkopinq ş., 2002) və başqa ölkələrdə keçirilmiş beynəlxalq səviyyəli müşavirələrdə onun iştirakı və respublika üçün aktual olan bozqır bitkiliyinin təhlilinə, Azərbaycan florasının genbankının qorunmasına, Transqafqaz səhra bitkiliyinin təsnifat prinsiplərinə Azərbaycanın yarımsəhralarında otlaq mozaikliyinin dinamikasına, yüksək dağ otlaqlarının təbii bitkiliyinə zəlzələ faktorunun monitorinq tədqiqinə, Azərbaycanın meşə genetik ehtiyatlarına və s. həsr olunmuş dolğun məzmunlu məruzələri çox böyük əks-səda doğurmuş, Azərbaycan flora və bitkiliynə xarici mütəxəssislərin marağını artırmışdır. Bu baxımdan 2001-ci ildə Avstraliyadan olan tədqiqatçı - alim Devid Spenserin Eldar şamının təbii massivi olan Eldar oyuğunu tədqiq etmək üçün Bakıya gəlməsi heç də təsadüfi olmamışdır. O, akademik V.C.Hacıyevlə birlikdə həmin ərazidə beynəlxalq ekspedisiyanın üzvü kimi iştirak etmiş, təbii şam massivinin genetik ehtiyatı və müxtəlifliyinin qorunub saxlanılması üçün tədbirlər layihəsinin işlənib hazırlanmasında maraqlı olduğunu bildirmişdir.
V.C.Hacıyev görkəmli alim-tədqiqatçı, bacarıqlı təşkilatçı olmaqla bərabər həm də qayğıkeş müəllim kimi tanınmışdır. O, gənclərin geobotanika sahəsində dərin bilik əldə etməsi üçün elmi fəaliyyəti ilə yanaşı 1956-cı ildən ömrünün sonunadək pedaqoji fəaliyyətini də davam etdirməyi özünə borc bilmiş, öz bilik və təcrübəsini ali məktəb tələbələrinə, aspirantlara, gənc bioloq və elmi işçilərə həmişə həvəslə çatdırmağa çalışmışdır və əməyi hədər getməmişdir. V.C.Hacıyev tərəfindən geobotanik və biogeosenoloqlardan ibarət böyük bir məktəb yaradılmışdır. Onun rəhbərliyi altında 3 doktorluq və 36 namizədlik dissertasiyası hazırlanmışdır.
Azərbaycanda geobotanika məktəbinin yaradıcısı, uzun illər İnstiutun Elmi Şurasının və İnstitutun nəzdindəki İxtisaslaşdırılmış Müdafiə Şurasının, Azərbaycan Botaniklər Cəmiyyətinin sədri V.C.Hacıyev, həmçinin Kaliforniya (ABŞ) ştatının Los-Anceles şəhəri Tiller adına mükafatın icraiyyə komitəsinin, yüksək dağ florası və bitkiliyi üzrə keçmiş Ümumittifaq problem elmi şurasının üzvü, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissyianın sədr müavini olmuşdur. O, bu şərəfli və məsuliyyətli ictimai vəzifələri layiqincə yerinə yetirmiş, respublikada elmi potensialın gücləndirilməsinə səy göstərmiş, ekologiya və təbiətin qorunması sahəsində biliklərin təbliğinə və əhali arasında geniş yayılmasına da daim böyük diqqət yetirirərək, mütəmadi olaraq televiziya, radio dalğalarında, mətbuat səhifələrində çıxışlar etmişdir. Akademik V.C.Hacıyev eyni zamanda ölkədə baş verən hadisələrə, siyasi duruma həmişə öz münasibətini bildirməyə çalışaraq, xalqımızı ən ağrılı məsələlərinin həlli yollarının araşdırılmasında respublika Prezidentinin ətrafına toplanmağa çağırmışdır.
Akademik V.C.Hacıyevin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş və o, “Şöhrət”, “Şərəf nişanı” ordenlərinə, “Əmək veteranı” medalına, Azərbaycan respublikası Ali Sovetinin Fəxri Fərmanına, eləcə də XTNS-nin 1 qızıl, 2 gümüş medallarına layiq görülmüşdür. İntensiv elmi və ictimai fəaliyyətinə görə akademik V.C.Hacıyev dəfələrlə bir sıra beynəlxalq elmi təşkilatların “Fəxri fərman”ları və görkəmli elm xadimlərinin adına təsis edilmiş medallarla mükafatlandırılmışdır.
Artıq 14 ildir ki, Vahid müəllim aramızda deyil. Onun yoxluğu istər respublika, istərsə də beynəlxalq elm aləmi və eləcə də akademikin tez-tez göründüyü mavi ekran və maraqlı söhbətlərini dinləmiş radio izləyiciləri və bütövlükdə ictimaiyyət üçün böyük itkidir.
Akademik V.C.Hacıyev Qafqaz florasının istedadlı mütəxəssisi, Azərbaycan təbiətinin əsil fanatı olub, onu vətənpərvərcəsinə sevirdi. O insan zəkasının tələb olunduğu bir çox sahələrdə özünü sınamış və istədiyinə nail olmuşdu. Vahid müəllimi yaxından tanıyanlar onun sanballı elmi əsərlərin, monoqrafiyaların müəllifi olmaqla yanaşı, klassik sənət nümunələrini ifadəli şəkildə əzbər söylədiyinin dəfələrlə şahidi olmuş və özünün də gözəl şerlərin müəllifi olduğunu yaxşı bilirlər.
Akademik Vahid Hacıyevin yubileylərinə həsr olunmuş tədbirlər keçirilən zaman hər dəfə ona növbəti ad gününün ana diyəri olan Şuşada qeyd olunmasını arzulayardıq və buna ümid bəsləyirdik. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dilbər guşəsi olan Şuşanın başı üstünü almış qara buludlar bir ildən yuxarı müddətdir ki, birdəfəlik dağılmışdır və əminik ki, Vahid müəllimin də ruhu şaddır. Artıq 14 ildir ki, aramızda yoxdur. O, vurğunu olduğu təbiətin oyandığı, sevdiyi çiçəklərin açdığı, ağacların qönçələdiyi bir vaxtda, 2008-ci ilin 7 aprel səhərində əbədiyyətə qovuşdu... Bu, Vahid müəllimin həyatının sonuncu baharının sonuncu səhəri oldu...
Qəbriniz nurla dolsun, əziz Vahid müəllim… Siz bizim üçün tək müəllim deyil, yeri gələndə ata, ən yaxın dost və həmişə arxa olmusunuz. Nigaran qalmayın.. Biz yarımçıq qalmış bütün istəklərinizi, tövsiyələrinizi həyata keçirməyə çalışacaq, adınızı, əməllərinizi yaşadacağıq. Sizin hazırladığınız alimlər “ayaq izlərinizin açdığı cığırlarla” alp çəmənlərindən başlamış bozqır yaylalara qədər qarış-qarış gəzərək, Azərbaycan florasını tədqiq edəcəklər. Məzarınızın üzərini bir baxışla təyin edə bildiyiniz və bundan çox böyük zövq aldığınız gözəl çiçəklərdən hörülmüş çələnglər bəzəyəcək. Sizi heç zaman unutmayacaq, həmişə hörmətlə yad edəcəyik. Ruhunuz qarşısında baş əyir və Sizə Allahdan qəni-qəni rəhmət diləyirik.
Təqdim etdiyimiz yazı parçasını biz akademik Vahid Hacıyevin vəfatından cəmi 10 gün öncə qələmə aldığı son yazısının – təbiətin, yaşıllığın qədrini bilən və həmişə onun mühafizəsinin qeydinə qalan ümumilli lider Heydər Əliyevin 85-illiyinə həsr olunmuş tədbirdə çıxış etmək arzusu ilə hazırladığı, ancaq əfsuslar olsun ki, qismət olmadığı və sonralar Elm qəzetində yerləşdirdiyimiz məruzəsinin son sətirlərini sizin diqqətinizə çatdırmaq istərdik: “…Təbiətin bizə bəxş etdikləri çox böyük sərvətdir. Biz ölməz H.Ə.Əliyevin ənənələrini davam etdirməli, gözəllikləri yaşatmalıyıq. Çünki bu gözəlliklər bizimdir, sizindir və gələcək nəsillərindir. Gəlin, özünə qarşı etik və qayğılı münasibətdən başqa bizdən heç nə istəməyən ana təbiətin nəvazişinə nəvazişlə cavab verək, onu sevək və qoruyaq...”.
Sanki bir çağırış kimi səslənən bu müdrik kəlmələr sağlamlıq durumunun qənaətbəxş olmadığı bir vaxtda həyatının son günlərini yaşadığından xəbərsiz olan görkəmli alim, elm təşkilatçısı, unudulmaz şəxsiyyət, ana təbiətin vurğunu akademik V.C.Hacıyevin öz oxucularına miras qoyub getdiyi son fikri, elmi yaradıcılığının son nöqtəsi oldu.
AMEA Botanika İnstitutunun baş direktoru,
b.e.d., prof. S.C.İbadullayeva
AMEA Botanika İnstitutunun elmi katibi,
b.ü.f.d., dosent X.C.Xəlilova