Fevralın 23-də AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov Akademiyanın Kimya Elmləri Bölməsinin elmi müəssisələrinin rəhbərləri və icraçı direktorları ilə görüşüb.
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda baş tutan görüşü giriş nitqi ilə açan akademik Arif Həşimov bildirib ki, Kimya Elmləri Bölməsinin elmi müəssisələrinin rəhbər şəxsləri ilə keçirilən bugünkü görüşün əsas məqsədi istər ümumən Akademiya qarşısında, istərsə də ayrı-ayrı institutlar qarşısında duran vəzifələri, mövcud olan problemləri, onların aradan qaldırılması yollarını birlikdə müzakirə etmək, təklifləri dinləməkdir. Akademik Arif Həşimov qeyd edib ki, həm dünyanın yeni çağırışları, həm də ölkəmizin sosial-iqtisadi inkişafı, xüsusən düşmən üzərində tarixi Qələbədən sonra bölgədə yaranmış reallıqlar Azərbaycan elmi qarşısında yeni vəzifələr müəyyənləşdirib.
“Azərbaycan elmi bu çağırışlara nə dərəcədə cavab verir? Həmin vəzifələrin yerinə yetirilməsi, elmi müəssisələrdə fəaliyyətimizin bu tələblərə uyğun qurulması üçün nə etməliyik? Bu fəaliyyətə mane olan amillər hansılardır? Onların aradan qaldırılmasının yolları nələrdir? Nə kimi təkliflər vardır? Elmin prestij bir fəaliyyət sahəsi kimi nüfuzunun yüksəldilməsi nələrdən asılıdır? Hesab edirik ki, yalnız dialoq, yalnız qarşılıqlı fikir mübadiləsi, yalnız elmi ünsiyyət əsasında bu suallara birlikdə cavab axtarmaq və tapmaq mümkündür. Dünyanın inkişaf etmiş ölkələrində elmin inkişafı sübut edir ki, effektif işləyə bilən elmi infrastrukturun qurulması, fundamental və tətbiqi elmi tədqiqat sahələrində ciddi elmi nəticələrin əldə edilməsi, elmi kadrların potensialının maksimum reallaşması inteqrativ sosial sahə yarada bilməkdən bilavasitə asılıdır. Yalnız inteqrativ sosial sahə yarananda hər kəsin əməyi ümumi işin ayrılmaz hissəsi olur, ümumən əldə edilən uğur və nailiyyət isə hər kəsə məxsus olur. İnteqrativ sosial sahə isə yalnız dialoq və qarşılıqlı fikir mübadiləsi ilə əldə edilir”, - deyə akademik Arif Həşimov diqqətə çatdırıb.
Belə görüşlərin digər elmi bölmələrdə də keçirilməsinin nəzərdə tutulduğunu qeyd edən natiq Kimya Elmləri Bölməsinin və bölmənin tərkibindəki institutların fundamental və tətbiqi elmi tədqiqatların tutumuna, innovativ fəaliyyətinə, tarixi təcrübəsinə və mövcud kadr potensialına görə Akademiyada xüsusi yeri və çəkisi olduğunu söyləyib. Vurğulayıb ki, zəngin elmi ənənələrə malik Azərbaycan kimya elmi sovet hakimiyyəti illərində olduğu kimi, müstəqillik illərində də öz potensialını qoruyub saxlamağa nail olub və bu gün də Azərbaycan elminin əsas ağırlıq mərkəzlərindən birini təşkil edir. Akademikin sözlərinə görə, son illər dünyada yaranan qlobal problemlər, onların aradan qaldırılması yolları kimya elmlərini xüsusi olaraq aktuallaşdırıb və hazırda Azərbaycan kimya elminin həm dünyanın prioritetlərinə, həm də ölkəmizin real ehtiyaclarına uyğun ciddi elmi potensialı var. Akademik Arif Həşimov, həmçinin istər Qarabağ ərazisində həyata keçirilən bərpa-quruculuq işləri, istər respublikanın hərbi qüdrətinin artırılması, istər ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi, istərsə də sənayenin inkişafı baxımından Kimya Elmləri Bölməsində həyata keçirilən elmi tədqiqatların böyük əhəmiyyət daşıdığını bildirib.
“Son illər dayanıqlı inkişafla bağlı sosial-iqtisadi və iri texnoloji layihələrdə klassik yanaşmadan heterogen yanaşmaya - sistem layihələndirməsinə keçid məsələsinə tez-tez toxunulur. Sistem layihələndirməsi nəinki texniki innovasiyaların həyata keçirilməsini, eləcə də bu və ya digər təşkilati həlləri, idarə strukturlarını, ictimai əlaqələr şəbəkəsini, elm və ətraf mühit kimi müxtəlif mövzular da daxil olmaqla, iqtisadi təhlilləri və s. özündə cəmləyən bütöv kontekstlərin yaradılmasını nəzərdə tutur. Sistem layihələndirməsinə keçid üçün fundamental və innovativ tədqiqatlar arasında inteqrasiyanı gücləndirmək lazımdır. Mən hesab edirəm ki, Akademiyanın kimya elmləri ilə bağlı elmi tədqiqat müəssisələrinin sistem layihələndirməsi ilə bağlı araşdırmalara keçməsi üçün daha çox potensialı var”, - deyə akademik Arif Həşimov vurğulayıb.
2030-cu ilədək “Azərbaycan elminin inkişaf Strategiyası”nın layihəsinin hazırlandığı barədə danışan akademik Arif Həşimov sözügedən sənədin ərsəyə gəlməsində Kimya Elmləri Bölməsinin alimlərinin böyük əməyi olduğunu deyib, yaxın vaxtlarda geniş müzakirəyə təqdim ediləcək layihənin dövlət səviyyəsində təsdiqini tapmasından sonra Azərbaycan elminin inkişafına mühüm töhfə verəcəyini söyləyib.
Akademik Arif Həşimov çıxışının sonunda güclü elmi potensiala malik Azərbaycan elminin öz fəaliyyətini və inkişafını qlobal hədəflərə doğru yönəltməsinin önəminə toxunub, xüsusilə bu gün üçün aktual olan elmi potensialımızın qorunub saxlanması barədə kimyaçı alimlərin təkliflərini dinləməyə hazır olduğunu bildirib.
Daha sonra görüşdə çıxış edən AMEA-nın vitse-prezidenti, Kimya Elmləri Bölməsinin Elmi şurasının sədri, akademik Dilqəm Tağıyev bu gün elmin səmərəliliyinin artırılmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu deyib. Rəhbərlik etdiyi bölmənin mühüm nəticələr əldə etdiyini və dünyanın aparıcı elmimetrik bazalarında kimyaçı alimlərin bir çox məqaləsinin işıq üzü gördüyünü qeyd edən akademik Dilqəm Tağıyev bugünkü görüşün elmi müəssisələrin real vəziyyətinin aydınlaşdırılması və önəmli təkliflərin nəzərə alınaraq gələcəkdə dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”na toxunan akademik sözügedən sənədin ikinci mərhələsi üzrə dünya elminin və respublikanın çağırışlarına uyğun prioritet istiqamətlərdə və effektiv mövzular üzrə tədqiqatların aparılmasının vacibliyini bildirib.
Görüşdə, həmçinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev, akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov və Polimer Materialları İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov çıxış edərək dünya elminə inteqrasiya, elmi nəticələrin istehsalatda tətbiqi, respublikanın iqtisadiyyatına töhfə verəcək tədqiqatların aparılması, xaricdə yaşayan azərbaycanlı alimlərlə əlaqələrin gücləndirilməsi, gənc kadrların yetişdirilməsi, onların təcrübə keçmələri üçün xaricə göndərilməsi, elmi müəssisələrdəki avadanlıqların təmiri və s. istiqamətlərdə təkliflərini səsləndiriblər.