Türkiyənin Dokuz Eylül Universiteti (DEU) və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə 19 noyabr 2021-ci il tarixində 5 elm sahəsini (biologiya, kimya, fizika, riyaziyyat, kompüter elmləri) əhatə edən ikitərəfli beynəlxalq onlayn elmi seminar böyük uğurla həyata keçirilib və tədbirin materialları onlayn nəşr edilərək yayılıb.
DEU tərəfindən 2022-ci ildə 2-ci beynəlxalq elmi seminarın daha geniş formatda keçirilməsi ilə bağlı AMEA-ya müraciət edilib və bununla bağlı AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın universitetin Fənn fakültəsinin dekanı, professor Aylin Alınla “Zoom” proqramı üzərindən onlayn görüşü keçirilib.
Görüşdə Türkiyə tərəfindən DEU-nun Fənn bölümləri fakültəsinin professorları Levent Çavaş, Aylin Altınişık, Azərbaycan tərəfindən isə vitse-prezident xidmətinin elmi katibi və baş mütəxəssisi iştirak ediblər.
Səmimi şəraitdə keçən tədbirdə akademik İradə Hüseynova və professor Aylin Alın, professor Levent Çavaş, eləcə də digər iştirakçılar Türkiyə və Azərbaycan arasında mövcud olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən, 2021-ci ildə keçirilmiş beynəlxalq seminarın uğurundan, universitetlə AMEA arasında elmi əlaqələrin inkişaf perspektivlərindən danışıblar.
Görüşdə hərtərəfli müzakirələr nəticəsində 2-ci beynəlxalq seminarın 2022-ci ilin noyabr ayında hibrid formada və paralel sessiyalarla keçirilməsi, elmi istiqamətlərinin və iştirakçıların coğrafiyasının daha da genişləndirilməsi, elmi və texniki təşkilat komitələrinin ən qısa zamanda formalaşdırılması, təkmil veb saytının yaradılması və s. məsələlərlə bağlı vacib qərarlar qəbul olunub.