Beynəlxalq Elmlər Akademiyası Assosiasiyası yanında MDB ölkələrinin Nəbatat Bağları Cəmiyyətinin Xəbərlər bülleteninin növbəti 15 saylı buraxılışı nəşr edilib.
Xəbərlər bülleteni MDB ölkələrinin Nəbatat Bağları Cəmiyyətinin illik yekun hesabatlarından ibarət topluda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan və Ukraynanın şəhər yaşıllaşdırılması istiqamətində park və bağlarda aparılan tədqiqatlar öz əksini tapıb.
Sözügedən bülletenin dərc etdirilməsində məqsəd hər il olduğu kimi 2021-ci ildə də MDB ölkələrinin Nəbatat Bağlarında və Dendrarilərdə aparılan elmi tədqiqat işlərinin nəticələri haqqında yeni məlumtlar verməkdən ibarətdir. Bülletendə MDB ölkələrinin Nəbatat Bağları Cəmiyyətinin üzvü olan AMEA-nın Dendrologiya İnstitutunun da yekun hesabatınnın qısa xülasəsi verilib. İnstitutun əməkdaşları tərəfindən Abşeron florasının taksonomik spektri və bitkiliyi tədqiq edilərək, mədəni və təbii dendroflorasında 183 fəsilə, 967 cins, 2455 növ aşkar edilməsi, aparılmış taksonomik təhlilin nəticəsi əsasında “Abşeron florasının taksonomik spektri” fundamental kitabının nəşri haqqında məlumatlar yer alıb.
Azərbaycanda yayılmış 37 dərman bitki növlərinin botaniki və ekoloji xüsusiyyətləri, fitokimyəvi tərkibi, əlamət və xüsusiyyətləri, torpaq-iqlim şəraiti və becərilmə xüsusiyyətləri, faydaları haqqında məlumatlar araşdırılıb, “Ürək-damar sistemi xəstəliklərində istifadə edilən şəfalı bitkilər” adlı kitab nəşr edilib.
Hirkan Milli Parkının dendroflorası araşdırılaraq 38 cinsə aid 62 növ, Göygöl Milli Parkında 84 cinsə aid 234 növ, Zuvand Dövlət Təbiət Yasaqlığı ərazisində 22 cinsə aid 32 növ qruplaşdırılıb. Səməd Vurğun Bağının ərazisində 23 fəsilə, 32 cins, 35 növ, Xaqani Bağının ərazisində isə 29 fəsilə, 41 cins, 46 növ dekorativ ağac, kol və ot bitkilərinin taksonomik tərkibi, bioloji xüsusiyyətləri tədqiq edilib, ümumiləşdirilib məlumatlar bülletendə öz əksini tapıb.
İşğaldan azad olunmuş Bəsitçay Dövlət Təbiət Qoruğu ərazisində aparılmış monitorinqlərin nəticəsində bitki taksonlarının təbii arealı araşdırılıb, 27 növ ağac, 18 kol və 11 ot növü, “Qırmızı kitab”a daxil edilmiş 5 növ qeydə alınıb. Ərazidə 17 ağac, 3 kol, 3 ot növü nadir və nəsli kəsilməkdə olan bitkilərin, 6 ağac, 2 kol növünün relikt və endemik bitkilər olması araşdırılaraq hesabatda qeyd edilib.
2021-ci ildə Dendrologiya İnstitutunda aparılan elmi-tədqiqat iş planında mərhələlərə uyğun elmi işçilər, disertant və doktorantlar tərəfindən əldə edilmiş nəticələr əsasında yerli və xarici mətbuatda 98 tezis və məqalə nəşr edilib. 17 məqalə yüksək reytinqli jurnallarda (İmpact factor, РИНЦ, AGRİS, Web of Science, Scopus, Ulakbim) dərc edilib. Dendrologiya İnstitutu tərəfindən aparılmış elmi tədqiqat işləri və onların nəticələri MDB ölkələrinin Nəbatat Bağları Cəmiyyətinin Xəbərlər bülleteninin 15(38) saylı buraxılışında öz əksini tapıb.
Dendrologiya İnstitutunda hazırda Böyük və Kiçik Qafqaz ərazilərinin dendroflorasının öyrənilməsi, “Azərbaycan Respublikası Qırmızı kitab”ına daxil olmuş nadir və nəsli kəsilmək təhlükəsində olan bitkilərin repatriasiyası, Qarabağ ərazisinin biomüxtəifliyi istiqamətində tədqiqat işləri davam etdirilir.