Yüksək bilik və təcrübənin effektiv təmərküzləşdirilməsini və idarə olunmasını özündə ehtiva edən fəaliyyət mühiti olan mükəmməllik mərkəzlərinin (MM) mövcudluğu müasir dövrün tələbidir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında da MM-nin yaradılması istiqamətində fəaliyyətlərə başlanılıb.
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin elmi müəssisələrinin rəhbərlərinin, institutların beynəlxalq əlaqələr üzrə məsul əməkdaşlarının iştirakı ilə keçirilən onlayn görüşdə bu mövzu ətrafında çıxışlar dinlənilib və müzakirələr aparılıb.
Toplantını giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İradə Hüseynova iştirakçıları müzakirə olunacaq məsələ ilə tanış edib, dünyanın aparıcı ölkələrində elmin müasir istiqamətlərinin inkişafında əhəmiyyətli rol oynayan mükəmməllik mərkəzləri ideyası haqqında ümumi məlumat verib. O, bu cür bir mərkəzin pilot layihə şəklində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsində formalaşdırılmasının tədqiqatların dünya standartları səviyyəsində aparılmasına və seçilmiş istiqamətlərdə yüksəkixtisaslı kadr hazırlığına ciddi təkan verə biləcəyinə böyük ümidlərin olduğuna diqqət çəkib.
Sonra akademik İradə Hüseynova MM haqqında məruzə ilə çıxış etmək üçün sözü AMEA-nın Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmova və Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayevaya verib.
Elmi-təşkilat idarəsinin rəisi Rüstəm Rüstəmov MM-nin mahiyyəti, elmin inkişafında onların rolu, əhəmiyyəti və üstünlükləri, belə mərkəzlərin yaradılması üçün prosedur və tələblər haqqında ətraflı məlumat verib. O qeyd edib ki, yüksəkixtisaslı alim və mütəxəssislərin elmi potensialının MM-də birləşdirilməsi prioritet sahələr üzrə qarşıya qoyulmuş məsələlərin səmərəli həllinə şərait yaradır. MM çərçivəsində fəaliyyət ardıcıl olaraq layihəni özündə əks etdirən prinsipləri, peşəkar komandanın formalaşdırılması, mövcud resursların effektiv şəkildə idarə olunması, həmçinin davamlı inkişaf məqsədilə mütəmadi monitorinq və dəyərləndirmə sisteminin qurulması və adaptasiyasını nəzərdə tutur. Belə fəaliyyət sonda əldə edilmiş elmi nəticələrin kommersiyalaşdırılması və praktiki tətbiqi üçün geniş imkanlar açır.
Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri Esmira Əlirzayeva isə AMEA-nın geniş beynəlxalq əlaqələrinin mövcudluğunu və bu əməkdaşlıqların MM-nin yaradılması üçün əhəmiyyətini diqqətə çatdırıb. O bildirib ki, 2013-cü ildən AMEA ilə TÜBİTAK arasında həyata keçirilən çox səmərəli əməkdaşlıq çərçivəsində tərəflərin müvafiq elmi müəssisələri arasında müştərək MM-nin yaradılması üzrə razılıq əldə edilib və hazırda təbiət və yer elmləri üzrə əməkdaşlıq imkanları istiqamətində müzakirələr aparılır. Müştərək MM üzrə razılıq əldə edilmiş digər təşkilatın Pakistanın Lahor Dövlət Kollec Universiteti olduğunu qeyd edən Esmira Əlirzayeva bu təşkilatda mövcud olan geniş imkanlar haqqında danışıb. Natiq, həmçinin 2022-ci ildə Slovakiya Elmlər Akademiyası ilə anlaşma memorandumunun imzalandığını, Polşanın Silesian Texnologiya Universiteti və Belçika Xarici Elmlər üzrə Kral Akademiyası ilə əməkdaşlıq sənədinin imzalanmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb və bu təşkilatlarla elmi əlaqələrin əhəmiyyətini qeyd edib.
Məruzələrdə qoyulmuş məsələlərə öz münasibətini bildirən akademik İradə Hüseynova AMEA-da MM-in yaradılması ilə bağlı artıq ilk addımların atıldığına diqqət çəkib, bu istiqamətdəki fəaliyyətlərə hər cür dəstəyin verilməsinin vacibliyini bildirib, institut rəhbərlərinə lazımi tövsiyə və tapşırıqlarını verib.