AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) əməkdaşlarının “Azərbaycanın şimal-qərb bölgəsinin müalicəvi və təsərrüfat əhəmiyyətli bitkiləri” adlı kitabı “Elm” nəşriyyatında çapdan çıxıb.
Kitabın müəllifləri ŞREM-nin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov, Ekoloji biofizika şöbəsinin müdiri v.i.e. Yevgeniya Bəkirova və Coşqun Məmmədovdur.
Yeni nəşr Azərbaycan Milli Elmlər Akademiyasının 75, Şəki Regional Elmi Mərkəzinin isə 50 illik yubileyi münasibətilə hazırlanıb.
2015-ci ildən başlayaraq işçi qrupu tərəfindən şimal-qərb bölgəsindən Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının düzənlik, aşağı, orta və yuxarı dağ qurşaqları ərazilərində intensiv olaraq rekoqnostik tədqiqat və bioaraşdırma işləri yerinə yetirilib, regionda təbii arealda yabanı halda yetişən 223 dərman bitkisi aşkarlanıb və onlar müvafiq olaraq üç qrupda təsnif ediliblər.
Beynəlxalq təsnifata uyğun olaraq, effektiv qrupda biokimyəvi tərkibi və farmokoloji xüsusiyyətləri öyrənilmiş və geniş yayılmış 84 bitki, ikinci perspektiv qrupda biokomyəvi tərkibi və farmokoloji xüsusiyyətləri az öyrənilmiş, ehtiyatı az olan 62 bitki, üçüncü potensial qrupda biokimyəvi və farmokoloji xüsusiyyətləri öyrənilməmiş, əlçatmaz və ehtiyatı məhdud olan 77 bitki təsnif edilib.
Kitabda hər bir qrupda təsnif olunmuş bitkilərin çiçəklənmə və meyvələrinin yetişmə dövründə fotoşəkilləri, onların hansı fəsiləyə, cinsə və növə aid olduqlarına dair latın və Azərbaycan dilində adları, hər bitkinin biologiyası, ekologiyasına dair aşkar edildiyi ərazinin koordinatları və dəniz səviyyəsindən hündürlük göstəriciləri, həmçinin bitkinin kimyəvi tərkibi, müalicəvi xassələri və istifadə olunma sahələrinə dair geniş və müfəssəl məlumatlar verilib.
Son dərəcə zəngin bitki biomüxtəlifliyinə malik şimal-qərb bölgəsində son 40 ildə oxşar tədqiqatların, xüsusən də dərman bitkilərinin biomüxtəlifliyinin öyrənilməsi işlərinin yerinə yetirilmədiyini nəzərə alaraq deyə bilərik ki, təqdim olunan əsər yüksək dəyərə və elmi tutuma malikdir.
Nəşrin elmi əhəmiyyətini şərtləndirən amillərdən biri də ondan ibarətdir ki, müəlliflər tərəfindən ilk dəfə olaraq müalicəvi bitkilərin beynəlxalq standartlara uyğun təsnifatı aparılıb, bitkilərin kimyəvi və biokimyəvi tərkibinə dair məlumatlar bölmələrində ayrı-ayrı xəstəliklərin müalicə və profilaktikasında istifadəsinə icazə verilən dərman bitkilərinin siyahısı verilib, kimyəvi və biokimyəvi tərkibi, farmokoloji xüsusiyyətləri ümumiyyətlə öyrənilməmiş bitkilər xüsusi bölmədə əks olunub, ehtiyatı tükənməkdə, məhv olmaq təhlükəsi altında olan bitkilər isə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə nəşrə hazırlanan “Qırmızı kitaba” daxil edilməsi üçün təklif olunub.
Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi Dendrologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, texniki redaktoru Pakizə Əliyevadır.
Təqdim olunan kitab regionun, həm də ölkənin elmi ictimaiyyəti üçün dəyərli tədqiqat əsəri olmaqla yanaşı, eyni zamanda bilogiya, tibb, farmakoqnoziya və farmokologiya üzrə təhsil alan tələbələr üçün dərs vəsaiti, həmçinin oxucular üçün məlumat mənbəyi kimi əhəmiyyətlidir.