Arxiv
AMEA-nın gənc tədqiqatçıları üçün Horizon Tədqiqat və İnnovasiya Proqramı üzrə maarifləndirmə tədbiri keçirilib
09.03.2022

AMEA-nın elmi müəssisə və təşkilatlarının gənc tədqiqatçılarının Avropa Komissiyasının Tədqiqat və İnnovasiya Proqramı olan “Horizon Avropa” üzrə məlumatlandırılması məqsədilə onlayn görüş keçirilib.

“Zoom” platforması üzərindən keçirilən tədbirdə AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva, Elmi-təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmov, Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) bir qrup üzvü, eləcə də AMEA-nın elmi müəssisələrinin Gənc alim və Mütəxəssislər şuralarının üzvləri iştirak ediblər.  

Tədbiri giriş sözü ilə açan Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva MƏŞŞ-nin fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, şəbəkə Horizon proqramı ilə bağlı məlumatların ölkə üzrə müvafiq müəssisələrə, təşkilatlara və mütəxəssislərə çatdırılmasının təşkili işini həyata keçirir, həmçinin mütəxəssislərin “Horizon Avropa” proqramından daha fəal istifadə etməsinə və qarşılaşılan problemlərin qısa zaman ərzində, eləcə də səmərəli şəkildə aradan qaldırılmasına dəstək verir.

Daha sonra Rəqəmsal, sənaye və kosmos istiqaməti üzrə Milli Əlaqələndirici Şəxs (MƏŞ), AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Xarici əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev “Horizon Avropa” proqramı üzrə perspektivlər” mövzusunda təqdimatla çıxış edib. O, Avropa Komissiyasının 9-cu çərçivə proqramı olan “Horizon Avropa”nın məqsədinin Avropa Birliyi ölkələrində aparılan elmi tədqiqatları dünyanın ən güclü elmi tədqiqatları səviyyəsinə qaldırmaq, Avropa sənayesinin dünya üzrə rəqabətə davamlılığını təmin etmək, eləcə də insanların əlverişli mühitdə yaşaması üçün yeni iş yerlərinin yaradılması olduğunu diqqətə çatdırıb.

Məruzəçi, həmçinin proqramın hədəfləri, yeniliklər, yeni çağırış mexanizmləri, proqrama qoşulma yolları və maliyyə imkanları haqqında ətraflı məlumat verib, gənc tədqiqatçları beynəlxalq layihələrdə yaxından iştirak etməyə çağırıb.

Sonra “Azərbaycan alimləri üçün COST proqramı çərçivəsində imkanlar” mövzusunda məruzə ilə Avropa Tədqiqatları Mərkəzi və COST Action üzrə MƏŞ, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov çıxış edib.

İ.Hümbətov Avropanın elmi, texnoloji və ictimai çağırışlarına cavab vermək qabiliyyətini artırmaq məqsədilə tədqiqatçılara şəbəkələşmə imkanları təqdim etməyin COST proqramının əsas vəzifələrini təşkil etdiyini bildirib. O, 45 ilə yaxındır ki fəaliyyət göstərən bu proqramın Azərbaycan alimlərinin Avropanın digər ölkələrinin alimləri ilə əlaqələr qurması üçün böyük imkanlar açdığını deyib.

İ.Hümbətov COST-da iştirak qaydaları, üstünlükləri, mövcud layihələr və müraciət yolları, Azərbaycan mütəxəssislərinin son illərdə əldə etdiyi nailiyyətlər barədə də ətraflı məlumat verib.

Mariya Sklodovskaya Küri fəaliyyəti haqqında bu istiqamət üzrə MƏŞ, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov çıxış edib. O, proqramın əsas məqsədindən bəhs edərək bildirib ki, təqaüd proqramı yüksək səviyyəli elmi yenilikləri olan iştirakçıların təlimini və onlar üçün bilik mübadiləsi imkanlarının yaradılmasını həyata keçirir. O, Mariya Sklodovskaya Küri fəaliyyətinə 5 fərqli proqramın daxil olduğunu vurğulayıb.

Məruzəçi, həmçinin bu proqramın imkanları, “Horizon Avropa” çərçivəsində yeniliklər, ayrılmış büdcə, maliyyə mexanizmləri, doktorant və postdoktorant səviyyəsində fərdi və kollektiv mübadilə qrantları, onlara müraciət yolları haqqında iştirakçılara məlumat verib.  

İqlim, enerji və mobillik istiqaməti üzrə MƏŞ, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov “Horizon Avropa”: layihə təkliflərinin tərtibat qaydaları” mövzusunda çıxış edərək proqrama təqdim ediləcək layihələrin tərtibi, strukturu və düzgün yanaşmalar, həmçinin ekspetlər tərəfindən layihələrin qiymətləndirmə meyarlarından danışıb. O, layihələr hazırlanarkən ideyaların formalaşdırılmasına diqqətin artırılması, vəzifələrin düzgün bölgüsü, konsorsium üzvləri ilə mütəmadi görüş və müzakirələrin əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə, həmçinin Ərzaq, bioiqtisadiyyat, təbii ehtiyatlar, kənd təsərrüfatı və ətraf mühit istiqaməti üzrə MƏŞ, biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayev “Çağırışların araşdırılması” ilə bağlı çıxış edərək, nüvafiq klasterlər üzrə yeni çağırışlar və işçi proqramlarının araşdırılması barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Məruzəçi, həmçinin “Horizon Avropa” portalında araşdırmaların aparılmasını, yeni çağırışların və uyğun mövzuların seçimi, konsorsiumların yaradılması məqsədilə müvafiq tərəfdaşların müəyyənləşdirilməsi və müraciətlərin hazırlanmasını praktik olaraq nümayiş etdirib.

Onlayn görüşdə “Horizon Avropa” çərçivəsində yeni çağırışların elmi ictimaiyyətə çatdırılması, Azərbaycan alimlərinin layihələrinin hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb, bu kimi vebinarların mütəmadi olaraq təşkilinin vacibliyinə toxunulub.