AMEA Botanika İnstitutu Gənc alimlər və mütəxəssislər şurasının təşkilatçılığı ilə “Coğrafi İnformasiya Sistemlərinin biomüxtəliflik tədqiqatlarında tətbiqi” mövzusunda seminar keçirilib.
İnstitutun Sistematika və biomüxtəliflik şöbəsinin elmi işçisi Yusif Abiyev CİS texnologiyalarının ümumi anlayışları, iş prinsipləri, program və avadanlıq təminatları haqqında informasiya verərək bildirib ki, bu metodologiya dünyada biomüxtəliflik, botanika, meşəçilik sahələrində geniş istifadə olunur. Azərbaycanın “Qırmızı Kitabı”nın yeni nəşrində CİS texnologiyalarından istifadə edilərək, bitki populyasiya xəritələrinin qurulması və elektron məlumat bazasının yaradılması nəzərdə tutulub.
Məruzəçi bütün ekosistem tədqiqatlarında elektron xəritələrin mövcudluğunun vacibliyini vurğulayaraq, çöl ekspedisiyalarında müvafiq vasitələrlə işləmə, mümkün verilənlər bazası və ondan botanika sahəsinə uyğun yeni analitik analizlərin aparılması metodlarından bəhs edib.
Sonda müvafiq mövzularda müzakirələr aparılıb, İnstitutun gənc alimləri üçün ArcGIS program təminatı üzrə dərslərin keçirilməsi nəzərə alınıb.