Aprelin 1-də AMEA-nın Əsas binasında Akademiyanın Mikrobiologiya İnstitutunun yaradılmasının 50 illiyinə və bu elmi müəssisənin inkişafında əhəmiyyətli xidmətləri olan akademik Məmməd Salmanovun anadan olmasının 90 illiyinə həsr edilmiş yubiley tədbiri və “Yeni tendensiyalar və innovasiyalar: Azərbaycanda mikrobiologiya elminin inkişaf perspektivləri” mövzusunda respublika konfransı keçirilib.
Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və görkəmli alim, akademik Cəlal Əliyevin məzarları da ziyarət olunub, məzarları önünə gül dəstələri düzülüb.
Konfransdan öncə institutda 50 ildə əldə olunan elmi nailiyyətlərə həsr edilmiş sərgiyə baxış keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov müasir dövrdə mikrobiologiya elminin əhəmiyyətinə toxunub. O, Mikrobiologiya İnstitutunda 50 il müddətində uğurlu kadr potensialının formalaşdırılması ilə yanaşı, elm sahəsində də mühüm işlərin görüldüyünü bildirib. Akademik Arif Həşimov mikrobiologiya elminin müasir inkişaf səviyyəsinə çatdırılmasında görkəmli mikrobioloq alimlərimizin böyük xidmətləri olduğunu qeyd edərək, akademik Məmməd Salmanovun bu alimlər arasında elmimizə verdiyi töhfələri ilə seçildiyini, o cümlədən institutun yaradılmasında yaxından iştirak etdiyini diqqətə çatdırıb. Bildirib ki, akademik Məmməd Salmanovun elmi yaradıcılığı sıx şəkildə bu institutla bağlı olmuş, o, təşkilatın yaradılışının ilk günündən burada çalışmış, uzun illər bu müəssisəyə rəhbərlik etmişdir.
“Aparılan uğurlu dövlət siyasətinin nəticəsidir ki, Azərbaycan dünyada baş verən çaxnaşmalar, müharibələr dövründə belə öz stabilliyini qoruyub saxlayır”, - deyə bildirən akademik Arif Həşimov bu stabilliyin saxlanılması, ölkənin gələcək inkişafının təmin olunmasında elm adamlarının üzərinə də böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.
Onun sözlərinə görə, əhalisi getdikcə artan və qlobal problemlərlə üzləşən dünyamızda ərzaq və qida təhlükəsizliyinin, həmçinin bioloji təhlükəsizliyin təmin edilməsi həyati əhəmiyyət daşıyır. Bunun üçün isə müxtəlif istiqamətli fundamental və tətbiqi mikrobioloji tədqiqatların aparılması vacibdir.
Akademik Arif Həşimov çıxışının sonunda Mikrobiologiya İnstitutunun kollektivini müəssisənin 50 illiyi münasibətilə təbrik edib, onlara mikrobiologiya elminin inkişafında yeni nailiyyətlər, yaradıcılıq uğurları arzulayıb. Alim institutun əldə etdiyi təcrübəyə və mövcud kadr potensialına, eləcə də AMEA-nın dəstəyinə arxalanaraq bundan sonra da öz işini effektiv quracağına, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlmək üçün bütün gücünü səfərbər edəcəyinə əminliyini ifadə edib.
Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova “Azərbaycanda mikrobiologiya elminin inkişafı və müasir dövrün çağırışları” mövzusunda məruzə ilə çıxış edərək, bugünkü konfransın iki əlamətdar hadisəyə – Mikrobiologiya İnstitutunun yaradılmasının 50, akademik Məmməd Salmanovun anadan olmasının 90 illiyinə həsr olunduğunu bildirib.
Alim 100-dən çox yaşı olan mikrobiologiya elminin yaranması və inkişaf tarixi haqqında danışıb. Vitse-prezident 1902-ci ildə Gəncədə taun əleyhinə stansiyanın fəaliyyətə başladığını qeyd edərək, burada ilk dəfə olaraq insanlarda və heyvanlarda xəstəlik törədən patogen mikroorqanizmlərlə bağlı tədqiqatların aparıldığını bildirib. O, 1935-ci ildə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) Mikrobiologiya kafedrasının yaradıldığını, mikrobiologiya elminin əsaslı inkişafının isə AMEA ilə bağlı olduğunu qeyd edib. Akademikin sözlərinə görə, Azərbaycanda ümumi mikrobiologiyanın bir çox sahələri ilə bağlı tədqiqatlar 20 ilə yaxın bir müddətdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya, Zoologiya institutlarında kiçik bölmələrdə aparılmışdır.
İradə Hüseynova diqqətə çatdırıb ki, 1972-ci ilin fevralında Azərbaycan SSR EA-nın Rəyasət Heyətinin qərarına əsasən, Mikrobiologiya sektoru yaradılmış və 1994-cü ilə kimi həmin adla fəaliyyət göstərmişdir. Həmin illərdə bu sektora görkəmli alim, ictimai-siyasi xadim, Azərbaycan elminin müasir istiqamətlərinin yaradıcısı, akademik Cəlal Əliyev rəhbərlik etmişdir. Alim əlavə edib ki, 1994-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Mikrobiologiya bölməsinə institut statusu verilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən elmin mikrobiologiya və biotexnologiya sahələrinə aid fundamental elmi-tədqiqat işləri aparan dövlət müəssisəsi kimi dövlət qeydiyyatına alınmışdır.
“Hazırda Mikrobiologiya İnstitutu AMEA-nın struktur vahidi kimi AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin tərkibində fəaliyyətini davam etdirir, institutda mikrobiologiya və biotexnologiya sahəsində fundamental və praktiki tədqiqatlar aparılır”, - deyə vitse-prezident bildirib.
O, pandemiya dövrünün mikrobiologiya elminin inkişaf etdirilməsi zəruriliyini ortaya qoyduğunu, dünyanın ən zəngin ölkələrinin belə koronavirus qarşısında acizlik göstərdiyini bildirib. Bu baxımdan mikrobiologiya elminin maddi-texniki bazasının yaradılmasının, onun inkişafına daima diqqət göstərilməsinin mühüm məsələlərdən olduğunu vurğulayıb.
“Bu gün Mikrobiologiya İnstitutunda aparılan tədqiqat işləri bir çox sahələr üçün əhəmiyyətlidir və ölkəmiz üçün vacib xarakter daşıyır”, - deyən akademik İradə Hüseynova qeyd edib ki, topraqlarımızın öyrənilməsi, suların mikrobioloji təhlükəsizliyinin təmin olunması kimi problemlər akademik elmin innovativ xarakterli tədqiqatlarına önəm verən Mikrobiologiya İnstitutunda geniş tədqiq olunur.
Vitse-prezidentin sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi Zəfərlə başa çatdıqdan sonra Qarabağa böyük qayıdışda Azərbaycan alimləri də fəal iştirak edirlər: “Qarabağın su və torpaq resurslarında mikrobioloji tədqiqatların aparılması, burada bioloji təhlükəsizlik problemlərinin araşdırılması dövlət əhəmiyyəti daşıyır və alimlərimizin üzərinə mühüm vəzifələr qoyur. Mikrobiologiya İnstitutunun əməkdaşları tərəfindən artıq Qubadlı və Zəngilan rayonlarının, Şuşa və ətraf ərazilərin su ehtiyatlarının mikrobioloji tədqiqinə başlanılıb və onların əhatə dairəsi getdikcə genişlənir”.
İradə Hüseynova, həmçinin akademik Məmməd Salmanovun institutun formalaşmasında gördüyü əhəmiyyətli işlər barədə məlumat verib, alimin elmi fəaliyyətinin 20 ilinin bu institutla bağlı olduğunu diqqətə çatdırıb, eləcə də apardığı tədqiqatların böyük bir qisminin ölkəmizin sularının öyrənilməsinə həsr olunduğunu bildirib. O, görkəmli alimi 90 illik yubileyi münasibətilə təbrik edib, Məmməd Salmanova bundan sonra da uzun illər elmimizə dəyərli töhfələr verməyi arzu edib.
Yubiley tədbirində Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov “AMEA Mikrobiologiya İnstitutu – 50” mövzusunda məruzə ilə çıxış edərək müəssisənin 50 il ərzində keçdiyi yola nəzər salıb. Baş direktor akademiklər Məmmədtağı Qəniyev, Məhərrəm Məmmədyarov, prof. Nisəxanım Mehdiyeva kimi mərhum alimlərimizin institutun inkişafında göstərdiyi xidmətlərdən bəhs edib.
İnstitutda аpаrılаn еlmi-tədqiqat işlərinin əsаs istiqаmətlərini diqqətə çatdıran məruzəçi ölkəmizin su, meşə və torpaq ekosistemlərində məskunlaşan mikrооrqаnizmlərin yayılması qanunauyğunluqlarının fiziоlоji-biоkimyəvi, еkоlоji və biоtехnоlоji əsaslarının öyrənilməsi, onlardan praktiki məqsədlər üçün istifadənin elmi əsaslarının hazırlanması, eləcə də su, torpaq və meşələrin müasir ekoloji vəziyyətinin mikrobioloji və mikoloji cəhətdən qiymətləndirilməsi istiqamətində müəssisədə əhəmiyyətli elmi nailiyyətlərin əldə olunduğunu vurğulayıb.
Pənah Muradov, həmçinin su mikrоbiоlоgiyаsı, mikrobioloji biotexnologiya və nеftlə çirklənmiş tоrpаqlаrdа gеdən mikrоbiоlоji prоsеslərin öyrənilməsi və nеftin pаrçаlаnmаsındа iştirаk еdən mikrооrqаnizmlərin fəаliyyətlərinin intеnsivləşdirilməsi üçün Аzərbаycаndа nеft mikrоbiоlоgiyаsının inkişаfına institut tərəfindən verilən elmi dəstəyin əhəmiyyətindən danışıb.
Yubiley tədbirində institutun laboratoriya müdiri, professor Nəriman İsmayılov “Akademik Məmməd Salmanovun elmi və elmi-təşkilati fəaliyyəti” mövzusunda məruzəsini təqdim edib. Bildirib ki, akademik Məmməd Salmanovun su mikrobiologiyası sahəsində son 60 ildə Xəzər dənizində apardığı tədqiqatlarda əldə etdiyi nailiyyətlər yerli və xarici mütəxəssislər tərəfindən fundamental tədqiqatlar kimi qiymətləndirilib.
Məruzəçi Məmməd Salmanovun indiyə kimi dünyanın müxtəlif ölkələrində 600-ə yaxın elmi əsər, monoqrafiya, kitab, məqalə-oçerk və s. xarakterli yazılarının dərc edildiyini, alimin rəhbərliyi altında onlarla fəlsəfə doktorunun yetişdirildiyini diqqətə çatdırıb.
Professor Nəriman İsmayılov qeyd edib ki, akademik Məmməd Salmanovun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, alim “Şöhrət” ordeni və Azərbaycan Respublikası Prezidentinin Fəxri dipomu ilə təltif olunub. Görkəmli alim elmin populyarlaşdırılması, xüsusilə ekologiyanın təbliğində, tədris-tərbiyə məqsədli dərslik vəsaitlərinin çap olunmasına görə müxtəlif medal və mükafatlara layiq görülüb.
Qeyd olunub ki, 2002-2020-ci illərdə Mikrobiologiya İnstitutunun direktoru kimi çalışmış Məmməd Salmanov hazırda həmin institutda baş elmi işçisi kimi elmi tədqiqatlarını, pedaqoji fəaliyyətini və ictimai işlərini davam etdirir.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev çıxış edərək akademik Məmməd Salmanovla uzun illər davam edən dostluq münasibətlərindən danışıb, alimlə bağlı xatirələrini bölüşüb və yubilyarı təbrik edib.
“Mikrobiologiya İnstitutunun AMEA-nın Kimya Elmləri Bölməsinə daxil olan institutlarla sıx əməkdaşlıq əlaqələri mövcuddur”, - deyən akademik Dilqəm Tağıyev bu əlaqələrin daha da genişləndirilməsinin zəruriliyinə toxunub.
AMEA-nın vitse-prezidenti 2022-ci ilin UNESCO tərəfindən “Fundamental Elm İli” elan edildiyinə diqqət çəkərək bu gün keçirilən konfransın da məhz belə bir əlamətdar tarixə təsadüf etdiyini bildirib.
Akademik Dilqəm Tağıyev institut kollektivini müəssisənin yaradılmasının 50 illiyi münasibətilə təbrik edib, onlara yeni elmi nailiyyətlər arzulayıb.
Konfransda, həmçinin Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev, Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, Botanika İnstitutunun icraçı direktoru, b.e.d. Şakir Qasımov, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun icraçı direktoru, b.ü.f.d. Ələmdar Məmmədov, Azərbaycan Tibb Universitetinin əməkdaşı, b.ü.f.d. Aynur Ənsərova və digərləri çıxış edərək AMEA-nın Mikrobiologiya İnstitutunun fəaliyyət göstərdiyi müddətdə Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən danışıb, akademik Məmməd Salmanovla bağlı xatirələrini bölüşüblər. Çıxış edənlər akademik Məmməd Salmanovun Azərbaycan elminin inkişafında çoxillik zəngin və məhsuldar fəaliyyətindən, alimin zəngin elmi irsindən, yüksək mənəvi və insani keyfiyyətlərindən bəhs ediblər.
Daha sonra Mikrobiologiya İnstitutuna və akademik Məmməd Salmanova həsr edilmiş filmin nümayişi olub.
Konfrans işini onlayn formatda “Mikrobiologiyanın müasir problemləri”, “Leyşmanioza qarşı mübarizənin müasir aspektləri”, “Göbələklər vasitəsilə gümüş nanohissəciklərin alınması” və digər aktual mövzulara həsr olunmuş plenar məruzələr, eləcə də “Torpaq mikrobiologiyasının dünəni, bugünü və gələcək perspektivləri: nəzəriyyədən təcrübəyə”, “Azərbaycanın müxtəlif biotoplarına aid mikromisetlərin eko-fizioloji xüsusiyyətləri”, “Yem bitkilərinin becərildiyi torpaqların tərkibindəki qida elementlərinə tələbatı”, “Antropogen təsirə məruz qalmış meşələrdə patogen mikobiotanın formalaşması” və s. mövzularda seksiya çıxışları ilə davam etdirib.
Sonda təqdim olunmuş məruzələrə dair müzakirələr aparılıb, suallar cavablandırılıb.