Arxiv
Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda çalışan Azərbaycan alimləri elmin inkişafına dair təkliflərini AMEA-nın Rəyasət Heyətinə təqdim ediblər
08.04.2022

Azərbaycan Milli Elmlər Akademiyasının beynəlxalq elmi əməkdaşlıq münasibətləri içərisində Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) ilə elmi əlaqələrin xüsusi yeri və rolu vardır. BNTİ Azərbaycan da daxil olmaqla on bir təsisçi dövlətin hökumət nümayəndələri tərəfindən 26 mart 1956-cı ildə Moskva şəhərində imzalanmış Saziş əsasında yaradılmış, 1957-ci il 1 fevral tarixində qeydiyyata alınmışdır. Hazırda bu elmi qurumun üzvlərinin sayı Azərbaycan da daxil olmaqla 18 dövlətdən ibarətdir. Müstəqil Azərbaycan Respublikası 1992-ci ildən BNTİ-nin tərkibinə tam hüquqlu üzv-dövlət kimi qəbul olmuş, ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bilavasitə təşəbbüsü və dəstəyi sayəsində  BNTİ, o cümlədən Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) kimi qabaqcıl beynəlxalq qurumlarla elmi və texnoloji əməkdaşlıq xüsusi olaraq inkişaf etdirilmişdir.

Hazırda BNTİ-də Azərbaycanın müxtəlif elm və təhsil müəssisələrini təmsil edən bir qrup alim fəaliyyət göstərməkdədir. Onlar prioritet hesab edilən bir sıra sahələrdə tədqiqat aparmaqla yanaşı, Azərbaycan elminin beynəlxalq əlaqələrinin inkişafında da yaxından iştirak edir, ölkəmizdə gedən ictimai, mədəni, elmi və elmi-təşkilati prosesləri yaxından izləyirlər. Həmin qurumda fəaliyyət göstərən Azərbaycan alimləri ölkənin elm və ali təhsil müəssisələri ilə BNTİ arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, ümumiyyətlə elmin inkişafına dair təkliflər hazırlayaraq AMEA Rəyasət Heyətinə təqdim etmişlər. Respublikada beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin inkişafı baxımından əhəmiyyətini nəzərə alaraq, həmin təklifləri oxuculara təqdim edirik.

Ölkənin elm və ali təhsil müəssisələri ilə BNTİ arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə dair təkliflər:

  1. Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (Rusiya Federasiyası, Dubna şəhəri) beynəlxalq əməkdaşlıq üzrə yerinə yetirilməsi nəzərdə tutulan elmi tədqiqat işlərinin problem-tematik planlarının “Azərbaycan Respublikasının 2022-2030-cu illərdə elmin dayanaqlı inkişafı üzrə Milli Strategiya”ya uyğun hazırlanması və Azərbaycan Respublikası Hökumətinin Səlahiyyətli Nümayəndəsinə (ARHSN) təqdim olunması;
  2. Bu elmi tədqiqat planlarının icrası üçün BNTİ-də müvafiq laboratoriya və mərkəzlərində tədqiqat planlarına elmi rəhbərlərin təyin olunmasına dəstək verilməsi;
  3. BNTİ-yə ezamolunmuş əməkdaşların elmi tədqiqat işlərinin problem-tematik planlara uyğun yerinə yetirilməsi üçün Azərbaycan Respublikası Hökumətinin Səlahiyyətli Nümayəndəsi (ARHSN) tərəfindən nəzarət mexanizminin hazırlanması;
  4. Elmi tədqiqat işlərinin problem-tematik planına uyğun olaraq fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə əməkdaşlar üçün ezamiyyət müddətlərinin müəyyən edilməsi;
  5. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarından, ali təhsil müəssisələrindən BNTİ-yə qısa müddətli təcrübələrin yerinə yetirilməsi üçün ezamiyyət mexanizminin hazırlanması;
  6. Azərbaycan Milli Qrupunun Üzvləri (AMQÜ) tərəfindən qısa müddətdə ezam olunmuş əməkdaşların eksperimental təcrübələrinin yerinə yetirilməsinə dəstək verilməsi;
  7. AMQÜ-nün BNTİ-də yerinə yetirdikləri tədqiqat işləri nəticələrinin AMEA-nın Fizika və Riyaziyyat və Texnika ElmləriBölməsinin hesabatlarına daxil edilməsi;
  8. BNTİ-də çalışan Azərbaycan Milli Qrupunun üzvlərinin fəaliyyətini özündə əks etdirən vahid bazanın yaradılması və aşağıdakı məlumatların həmin bazaya daxil edilməsi:
  • beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (“Web of Science”, “Scopus” və. b) daxil olan dövri elmi nəşrlərdə dərc olunan məqalələr (İmpakt faktoru və Quartile əmsalı (Q1-Q4) göstərilməklə) haqqında məlumatlar:
  • konfrans materialları, tezislər, iştirak edilən beynəlxalq və yerli konfranslar, elmi və ya elmi-texniki seminarlar haqqında məlumatlar:
  • xarici və Rusiya daxili ezamiyyətlər haqqında məlumatlar:
  • əməkdaşın birbaşa məsul olduğu və ya icraçı qismində iştirak etdiyi xarici və ölkədaxili layihə və qrantlar haqqında məlumatlar:
  • elmi tədqiqat fəaliyyətlərinə görə təltif və ya mükafatlar haqqında məlumatlar:
  • əməkdaşların H-istinad indeksi (hər ilin sonundakı istinadların cəmi göstərilməklə) haqqında məlumatlar:
  • əməkdaşların uzunmüddətli ezamiyyət müddətindən asılı olaraq ardıcıl siyahısı.
  1. Bu bazaya hər kəsin sərbəst girişinin təmin edilməsi və bu göstəricilərin illik hesabatlara daxil edilməsi;
  2. Gənc tədqiqatçıların (tələbə, magistr, doktorant və dissertantların) BNTİ-nin və üzv dövlətlərin universitet və beynəlxalq təşkilatlarla əməkdaşlıq müqavilələri əsasında akademik-elmi təcrübə mübadiləsinə cəlb edilməsi və onların BNTİ-nin laboratoriyalarında tədqiqat planlarına uyğun olaraq müxtəlif eksperimentlərdə iştirakına səmərəli şəraitin yaradılması;
  3. Azərbaycanın elm və təhsil müəssisələrində BNTİ haqqında dolğun məlumatın formalaşdırılması üçün BNTİ-də çalışan Azərbaycan Milli Qrupunun üzvləri ilə həmin müəssisələrdə çalışan elmi işçilər, təhsil alan magistr və bakalavrlar arasında informasiya mübadiləsinin artırılması və bu istiqamətdə xüsusi proqramın hazırlanması;
  4. AMQÜ-nün apardığı elmi-tədqiqat işləri, onun laboratoriyanın elmi istiqamətləri və maddi-texniki bazası (qurğu və cihazları), gələcək planlar haqqında dolğun təsəvvür yaradılması üçün AMEA-nın elmi müəssələrində və ali təhsil müəssisələrində seminarların həyata keçirilməsi;
  5. BNTİ-də çalışan Azərbaycan Milli Qrupunun üzvləri ilə AMEA-nın fərqli institut və laboratoriyaları arasında müştərək elmi tədqiqatların aparılması;
  6. AMEA-nın Mexanika-Riyaziyyat və İnformasiya Texnologiyaları İnstitutlarının əməkdaşlarının BNTİ-də həyata keçirilən eksperimentlərin riyazi modelləşdirilməsi və proqramlaşdırılmasına cəlb edilməsi;
  7. AMEA-nın doktorantlarının və magistrlərinin müasir eksperimentlərin iştirakçısı olması və məqalələrinin yüksək reytinqli jurnallarda çap olunmasına şərait yaradılması üçün müvafiq ixtisaslar üzrə ikinci elmi rəhbərin BNTİ-dən təyin olunması;
  8. AMEA-nın magistrantlarına onlayn dərslərin təşkil olunması və BNTİ-nin yüksək ixtisaslı əməkdaşlarının bu dərslərə cəlb edilməsi;
  9. BNTİ-da və digər elmi mərkəzlərdə çalışan kadrların müasir elmi istiqamətlərlə daha çox əlaqədə olduğuna əsaslanıb, onların Azərbaycanda da bu elmi istiqamətlərin təbliği və inkişafı üçün münbit şəraitin yaradılması;
  10. Ölkəmizdə perspektivliyini itirmiş, artıq heç bir tətbiq sahəsi olmayan elmi istiqamətlərin daha yeni, müasir dövrün tələblərinə cavab verən və tətbiq sahəsi genişlənməkdə olan elmi istiqamətlərlə əvəz olunması;
  11. Azərbaycanlı alimlərinin BNTİ-nin meqa-layihələrində yaxından iştirakına şərait yaradılması və onların mütəmadi olaraq iştirak etdiyi layihələrdə əldə olunan elmi yeniliklər və yeni texnologiyalarhaqqında məlumat verilməsi;
  12. BNTİ-da çalışan Azərbaycan Milli Qrupunun üzvləri ilə mütəmadi olaraq görüşlərin keçirilməsi, Azərbaycanın BNTİ-də səlahiyyətli nümayəndəsinin əməkdaşların elmi fəaliyyəti ilə yerində tanış olub, təşkilati problemləri həllinə köməklik göstərilməsi;
  13. Azərbaycan Milli Qrupuna rəhbərin seçki ilə müəyyən edilməsi, Azərbaycan Respublikası Hökumətinin səlahiyyətli nümayəndəsi ilə razılaşdırmaq şərti ilə Milli Qrupun rəhbərinə müəyyən səlahiyyətlərin verilməsi;
  14. Milli Qrupun illik hesabatının (milli qrup üzvlərinin köməyi nəzərə alınmaqla) qrup rəhbəri tərəfindən hazırlanması və müzakirəsinin təşkil edilməsi;
  15. Azərbaycan Milli Qrupu ilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi və Rusiyada (xüsusilə Moskva və Moskva ətrafı) fəaliyyət göstərən mövcud Diaspora cəmiyyətləri ilə qarşılıqlı sıx əlaqələrin qurulması və inkişaf etdirilməsi;
  16. Azərbaycanın BNTİ-də səlahiyyətli nümayəndəsi ilə bağlı məsələlərin bu qurumla bağlı müvafiq normativ-hüquqi sənədlərə, xüsusən də nizamnaməyə uyğunlaşdırılması;
  17. AMEA-nın tədqiqat institutları ilə BNTİ arasında ortaq tədqiqat işlərin həyata keçirilməsinin gücləndirilməsi;
  18. BNTİ-ya uzunmüddətli ezam olunmuş əməkdaşların ezam olunduğu müddətdə əmək haqqlarının saxlanması mexanizmin hazırlanmasıvə Azərbaycan Respublikası Hökumətinə təqdim edilməsi;
  19. AMEA-da BNTİ-nin təbliği məqsədi ilə rəsmi ofisinin yaradılması, məktubların və illər üzrə sənədlərin arxivinin yaradılması;
  20. Azərbaycan Milli Qrupunun əməkdaşları tərəfindən BNTİ-də yerinə yetirilən dissertasiya işlərinin müdafiə prosesinin sadələşdirilməsi məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi.