Arxiv
AMEA Botanika İnstitutunun “Sistematika və biomüxtəliflik” şöbəsinin müdiri, biologiya elmləri doktoru Aydın Əsgərovun APA-ya müsahibəsi
12.04.2022

- Siz “Qırmızı kitab”ın III nəşrinin hazırlanması üçün yaradılmış İşçi qrupun rəhbərisiniz. III nəşrin hazırlanması prosesi hansı mərhələdədir?

Tarixən insan və təbiət münasibətlərində tarazlığın qorunmasına çalışılıb. Amma bu tarazlıq pozulub. Təbiətdə antropogen təsirlər artıb. Bu təsir ilk növbədə ən həssas qrup olan bitkilər aləmində, eyni zamanda heyvanlar aləmində özünü göstərir. Bunları nəzərə alaraq, BMT 1948-ci ildə “Qırmızı kitab”ların nəşr edilməsi qərarını qəbul edib. Dünyada hər saat bir bitki orqanizmi yer üzündən silinir. Hər hansı bitkinin itib getməsi özü ilə ciddi informasiyalar apara bilər. Ola bilər ki, bizə adi alaq bitkisi kimi görünən bitki hər hansı bir ciddi xəstəliyin müalicəsində istifadə oluna bilən maddəyə malikdir. Bitkilərin arealının kiçilməsi və məhv olması ciddi beynəlxalq məsələdir. Onların qorunması üçün çoxlu mühafizə tədbirləri var. Milli parklar, qoruqlar, yasaqlıqlar yaradılır. Yaxud, nadir itmək təhlükəsi olan bitkilər götürülüb mədəni halda əkilir. Sonra toxum əldə edilir və reintroduksiya edilir. O metodlardan biri də “Qırmızı kitab”ların hazırlanmasıdır. Bu, dövlət sənədidir. Bu kitabın hazırlanması üçün Prezident sərəncam imzalayır, Baş nazirə tapşırıq verir və onun da öz sərəncamı olur. Daha sonra bu iş Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) tapşırılır. Onlar da müvafiq institutlarla birgə bu işi təşkil edir. “Qırmızı kitab”ların yeni nəşri bir qayda olaraq 10 ildən bir hazırlanır.

II nəşr 2013-cü ildə hazırlanıb. AMEA və ETSN rəhbərliyi tərəfindən qərara alınıb ki, növbəti nəşr 2023-cü ilin may ayında yüksək keyfiyyətdə hazırlanıb təqdim edilsin. Bununla bağlı bitki və heyvanat aləminin araşdırılması üçün işçi qruplar yaradılıb. İlkin olaraq son tədqiqatlar və Herbari fondlarında olan materiallar əsasında nadir bitkilərin siyahısı düzəldilib və ekspertizası aparılıb. Hazırda bu bitkilər siyahı üzrə müəyyən metodlarla təbiətdə axtarılır, ekspedisiyalar təşkil edilir, monitorinqlər aparılır, fotolar çəkilir, çünki bəziləri çox az rast gəlindiyi üçün onları toplamaq olmaz.

https://apa.az/az/sosial/isci-qrupun-rehberi-qirmizi-kitabin-evvelki-nesrlerinde-monitorinqlerin-neticesi-kifayet-qeder-deqiq-olmayib-musahibe-697360