Arxiv
GÖRKƏMLİ ALİM, PEDAQOQ, UNUDULMAZ ŞƏXSIYYƏT SİRACƏDDİN SƏRKƏROVUN XATİRƏSİNƏ
25.04.2022

19 aprel 2022-ci il tarixində görkəmli alim, Azərbaycan Respublikasının əməkdar elm xadimi, kimya elmləri doktoru, professor Siracəddin Vəli oğlu Sərkərov ömrünün 88-ci ilində dünyasını dəyişmişdir. Ölkəmizdə və onun hüdudlarından kənarda tanınmış yüksək səviyyəli ziyalını itirmək tək İnstitutumuz üçün deyil, Azərbaycan elmi ictimaiyyəti üçün də böyük itkidir.

S.V. Sərkərov 28 dekabr 1934-cü ildə respublikamızın şimal bölgəsində Qusar rayonunun Yuxarı Tahircal kəndində anadan olmuşdur. 1952-ci ildə bu kənddə orta təhsilini müvəffəqiyyətlə başa vuran S.V. Sərkərov elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsinə daxil olmuş və 1957-ci ildə bu təhsil ocağını yaxşı göstəricilərlə bitirmişdir. 1961-ci ildə o, Botanika İnstitutunun aspiranturasına (hazırkı doktorantura) daxil olmuş və təhsil müddətində SSRİ EA-nın Leninqrad (indiki Sankt-Peterburq) şəhərində yerləşən Botanika İnstitutunun “Təbii birləşmələrin kimyası” laboratoriyasına ezam olunmuşdur. 1964-cü ilə qədər həmin laboratoriyada seçdiyi ixtisas üzrə tədqiqatlar apararaq, böyük təcrübə toplayan S.V.Sərkərov, 1967-ci ildə SSRİ EA N.D. Zelinski adına Üzvi kimya İnstitutunda namizədlik (hazırkı fəlsəfə doktorluğu) dissertasiyasını müdafiə etmişdir. Bundan sonra alim təbiətinə xas olan dəqiqlik və özünə tənqidi yanaşma prinsipi ilə elmi tədqiqatlarını uzun illər boyu davam etdirmiş və əldə etdiyi nəticələr və yeniliklərin dürüstlüyünə təkrar-təkrar əmin olduqdan sonra, 1991-ci ildə Özbəkistan EA-nın akademik A.S. Sadıkov adına Bioüzvi maddələrin kimyası İnstitutunda doktorluq dissertasiya işini uğurla müdafiə etmişdir.

AMEA Botanika İnstitutunun Bitki ehtiyatları şöbəsində aspirant kimi fəaliyyətə başlamış S.V.Sərkərov 60 ilə yaxın bir müddətdə (1964-2022) həmin şöbədə müxtəlif vəzifələrdə, 2004-cü ildən ömrünün sonuna qədər isə baş elmi işçi vəzifəsində çalışmışdır. Botanika İnstitutunda işlədiyi uzun illər ərzində o, həmişə işgüzarlığı, prinsipial mövqeyi və alicənablığı ilə seçilmişdir. Daima öz üzərində işləmək bacarığı, elmi axtarışda olması bitki mənşəli maddələrin kimyasının öyrənilməsi kimi məşğul olduğu nadir sahəyə dərindən yiyələnməkdə ona təkan vermişdir.

S.V.Sərkərov tərəfindən 40-dan çox bitki növlərindən müxtəlif birləşmələr sinfinə aid 200-ə yaxın maddə fərdi şəkildə alınmış, 300-dən çox maddə identifikasiya edilmiş və elm üçün yeni olan 45 maddənin fəza quruluş formulları təyin edilmişdir. Həmçinin alınmış fərdi maddələrin yeni dərman preparatlarının yaradılmasında tətbiq imkanları müəyyən edilmiş və bitki sistematikasının növ mənsubiyyətinə aid mübahisəli məsələlərin həllində - xemotaksonomiyasında istifadə edilməsi tövsiyə olunmuşdur.

S.V. Sərkərovun tədqiqat işlərinin nəticələri respublikada və xaricdə çıxan nüfuzlu dərgilərdə öz əksini tapmışdır. O, yüksək istinad indeksinin əksəriyyət təşkil etdiyi 300-ə yaxın elmi əsərin (75-dən çoxu ABŞ-ın Springer nəşriyyatında çapdan çıxan Chemistry of Natural Compounds jurnalında dərc olunmuş), o cümlədən 2 monoqrafiya, 5 müəlliflik şəhadətnaməsi və 4 patentin müəllifidir. S.V. Sərkərovun məruzələri iştirak etdiyi bir sıra Beynəlxalq konqres, konfrans və simpoziumlarda həmişə maraqla dinlənilmiş və dəyərləndirilmişdir.

S.V. Sərkərov kadr hazırlığına da çox böyük məsuliyyətlə yanaşmışdır. Alimin elmi rəhbərliyi altında 10 fəlsəfə doktoru və 1 elmlər doktoru hazırlanmışdır. Fəlsəfə doktoru hazırlığı üzrə 2 dissertantın işi müdafiə ərəfəsindədir. Onun kadr hazırlığına münasibətdə çox ciddi və prinsipial mövqedən çıxış etməsi respublika hüdudlarından kənarda da əks-səda doğurmuşdur. Bu baxımdan, S.V. Sərkərovun vaxtilə Qazaxıstan Respublikasında kimya, farmakologiya və tibb profilləri üzrə elmi və elmi-pedaqoji kadrların magistratura, PhD və doktorantura yolu ilə hazırlanması işində gələcək iddiaçıların elmi rəhbəri qismində iştirak etmək üçün həmin respublikadan rəsmi dəvət alması heç də təsadüfi olmamışdır.

S.V.Sərkərov həmçinin İnstitutun Elmi və Dissertasiya Şuralarının üzvü kimi də fəaliyyət göstərmişdir. Elmi diskussiyalarda yerində söylədiyi iradları və münasib tövsiyyələri onun İnstitutun elmi potensialına laqeyd olmadığını və alimi plagiatdan ayırd etmək bacarığını nümayiş etdirmiş, geniş diapazonlu alim kimi səciyyələndirilməsinə əsas vermişdir. Məhz bu xüsusiyyətləri Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya və kənd təsərrüfatı elmləri üzrə ekspert şurasının üzvü kimi dissertasiyaların və attestasiya sənədlərinin qiymətləndirilməsi işinə dəfələrlə cəlb olunmasını, müxtəlif illərdə Azərbaycan Tibb Universitetində əczaçılıq fakültəsində dövlət imtahan komissiyasının sədri seçilməsini zəruri etmişdir.

S.V. Sərkərov ciddi olduğu qədər son dərəcə sadə, mehriban, xeyirxah, yüksək intellekti sayəsində istənilən mövzularda maraqlı həmsöhbətə çevrilə bilən, həqiqətin gözünə düz baxmağı bacaran, insanlarda səmimiyyəti yüksək qiymətləndirən, öz əqidəsini gözə xoş görünmək xatirinə heç vaxt qurban verməyən mübariz və eyni zamanda sülhsevər bir insan və geniş dünyagörüşünə malik alim kimi tanınmışdır.

S.V. Sərkərovun faydalı və qüsursuz iş üslubu respublika rəhbərliyinin nəzərindən qaçmamış və Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. O, həmçinin Əmək veteranı medalı və dəfələrlə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilmişdir. Həmçinin 2015-ci ildə Qazaxıstan Respublikasının Qarağanda şəhərində keçirilmiş “Fitokimyanın nailiyyətləri və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfransda S.V.Sərkərov 80 illik yubileyi münasibətilə təntənəli şəkildə Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin “Elmin inkişafında xidmətlərinə görə nişanı” ilə təltif olunmuş və ona Qazaxıstanın milli geyimi hədiyyə edilmişdir.

         Yaşasaydı, daha çox yaradardı... Təəssüf ki, 19 aprel 2022-ci il gecəsi onun bu dünya ilə vida gecəsi oldu. Alim uzun sürən xəstəlikdən sonra dünyasını dəyişərək, əbədiyyətə qovuşdu. Allah ona qəni-qəni rəhmət eləsin.

Biz, AMEA Botanika İnstitutunun çoxsaylı əməkdaşları, elmin tərəqqisi naminə yorulmaq bilmədən çətin və şərəfli yol keçmiş, yarım əsrdən çox tarixə malik zəngin elmi baza yaratmış professor Siracəddin Sərkərovun müasiri olduğumuzdan həmişə çox böyük qürur və şərəf duymuşuq.

İllər keçsə də, şəxsiyyəti və ziyalılığı ilə özünə dərin hörmət qazanmış istedadlı alim, qayğıkeş pedaqoq və son dərəcə diqqətli, təmkinli insan olaraq tanınmış əməkdar elm xadimi, k.e.d., professor Siracəddin Sərkərov heç zaman unudulmayacaq, xatirələrdə yaşayacaqdır və biz əminik ki, onun elmdə qoyduğu izlərlə hələ neçə-neçə kəşflərin açarları tapılacaqdır.

 

 

AMEA Botanika İnstitutunun baş direktoru,

b.e.d., professor S.C.İbadullayeva

 

AMEA Botanika İnstitutunun elmi katibi,

b.ü.f.d., dosent X.C.Xəlilova