Arxiv
Dünya fotosintez elminə dəyərli töhfələr vermiş böyük alim
30.06.2022

Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin (ISPR) təşkilatçılığı ilə bu il 31 iyul-5 avqustda Yeni Zelandiyanın Dunedin şəhərində "Fotosintez tədqiqatları - enerji və ərzaq təhlükəsizliyi üçün fundamental və tətbiqi elm" mövzusunda hibrid formada XVIII Beynəlxalq Fotosintez Konqresi keçiriləcək. Konqresdə Melvin Calvin-Andrew Benson, Robert Hill və Jan Andersson kimi nüfuzlu alimlərin adına təsis edilmiş mükafatlarla yanaşı, Cəlal Əliyev adına mükafatın növbəti dəfə təqdimatı olacaq. Akademik Cəlal Əliyevin adını daşıyan mükafat ISPR rəhbərliyi tərəfindən fotosintez elminin inkişafına böyük töhfələr verən alimə təntənə ilə veriləcək.

Qeyd etmək lazımdır ki, Cəlal Əliyev mükafatına layiq görülən ilk alim Yaponiyanın Okoyama Universitetinin professoru Jian-Ren Shen olmuşdur. Mükafat alimə 2018-ci ildə Beynəlxalq Fotosintez Cəmiyyətinin təşkilatçılığı ilə Bakıda keçirilmiş "Davamlı inkişaf naminə fotosintez və hidrogen enerjisi tədqiqatları" mövzusunda IX Beynəlxalq Konfransda təqdim edilmişdir.

Azərbaycan xalqının elm və mədəniyyətini dünya miqyasında tanıtdıran, ona şərəf gətirən böyük şəxsiyyətləri hər zaman olmuşdur. Bu baxımdan yaşadığımız dövr də istisna deyil. Belə şəxsiyyətlərdən biri bütün həyatını elmə, elmin təmizliyi və həqiqətin təntənəsi prinsiplərinə həsr edən, dərin zəkası, geniş erudisiyası, sanballı tədqiqatları, parlaq əməlləri ilə yalnız Azərbaycan elminə deyil, dünya elminə dəyərli töhfələr verən, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsində misilsiz xidmətlər göstərən böyük alim, görkəmli müəllim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevdir.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,  Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının, Ukrayna və Belarus Aqrar Elmləri akademiyalarının xarici üzvü, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik ET İnstitutunun Bitki fiziologiyası və biotexnologiyası şöbəsinin müdiri,  respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Elmi Şurasının sədri, UNESCO yanında "Bioetika, elm və texnologiyanın etikası" üzrə Milli Komitənin səlahiyyətli  nümayəndəsi, AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri) jurnalının baş redaktoru, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradıcısı olmuş Cəlal Əlirza oğlu Əliyev 1928-ci il iyun ayının 30-da qədim Naxçıvan torpağında dünyaya gəlmişdir. 1944-cü ildə Naxçıvan Müəllimlər İnstitutunun Təbiətşünaslıq fakültəsini, 1951-ci ildə isə fərqlənmə diplomu ilə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişdir. 1948-ci ildə hələ üçüncü kurs tələbəsi olarkən Cəlal Əliyev Bitki fiziologiyası kafedrasında laborant vəzifəsində çalışmağa başlamış və biologiyanın bu sahəsini gələcək elmi fəaliyyəti üçün əsas seçmişdir. 1954-cü ildə Azərbaycan Elmlər Akademiyasının Bitki fiziologiyası ixtisası üzrə aspiranturasını bitirmiş və 1955-ci ildə "Mikroelementlərin buğdanın inkişafına və məhsuldarlığına təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Seçdiyi istiqamətdə elmi tədqiqatların sonrakı inkişafı 1971-ci ildə müdafiə etdiyi "Bitkilərin fotosintetik fəaliyyəti, mineral qidalanma və məhsuldarlığı" mövzusunda doktorluq dissertasiyasında öz əksini tapmışdır.

Elmi fəaliyyətinə 1954-cü ildən etibarən Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Bitki fiziologiyası şöbəsində kiçik elmi işçi kimi başlayan Cəlal Əliyev burada böyük elmi işçi və laboratoriya müdiri, 1962-ci ildən ömrünün sonunadək şöbə müdiri vəzifələrini tutmuşdur. O, eyni zamanda Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda 1971-ci ildən yaradıcı qrupun rəhbəri və laboratoriya müdiri işləmiş, 1990-cı ildən məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsinə rəhbərlik etmişdir. 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. Alim 1981-1990-cı illərdə AMEA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olmuşdur.

Ulu Öndər Heydər Əliyev deyirdi: "Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar".

Cəlal Əliyevin heç kəsə bənzəməyən, heç kimi təkrarlamayan  unikal  elm və həyat yolu olmuşdur. O, orijinal fundamental tədqiqatların, dünya elminə yeniliklər gətirən qlobal nəticələrin müəllifi idi. Alim çətinliklərlə, mübarizələrlə dolu şərəfli həyat yolu keçib. Cəlal müəllim həmişə "Elm - həqiqətdir!" fikrini əsas tutub, həqiqəti dərk etməyi həyatının əsas amalı hesab edib. O, böyük elmi məktəb yaradıb. Azərbaycan elminin dünyada tanınmasında, təbliğ olunmasında və beynəlxalq elmi təşkilatlarla əlaqələrin qurulmasında da alimin misilsiz xidmətləri olub.

Akademik Cəlal Əliyevin adı Azərbaycan elminin təxminən 65 illik bir dövrünü əhatə edən tarixinin simvoluna çevrilmişdir. Alim əsl elm fədaisi kimi gələcəyə inamla baxmış, yorulmaq bilmədən daim elmi axtarışlarını davam etdirmişdir. O, sadə, təvazökar bir ömürlə elmin ağır, keşməkeşli yollarında xalqına xidmət göstərən böyük bir alim idi. Ömrünü yer üzərində  həyatın əsasını təşkil edən, həm təbiətinə, həm də tədqiqinə görə unikal olan fotosintez prosesinin sirlərinin dərk edilməsinə həsr edən Cəlal Əliyev, sözün əsl mənasında, Tanrının öz işığına doğru yönəltdiyi insanlardan idi.

Cəlal Əliyevin həyat və fəaliyyəti taxılla, sünbüllə, çörəklə sıx bağlı olub. Çörək insanın özünüdərkinin və azadlığının mayasıdır. İnsan övladının tapmaq istədiyi, bütün dinlərdə, fəlsəfələrdə, elm və texnologiyada axtardığı o ilk şifrə, o ilahi kod məhz buğdadır. Akademik Cəlal Əliyev öz misilsiz elmi fəaliyyəti ilə bir insana yox, bütövlükdə insanlığa çörək vermək kimi müqəddəs bir işlə məşğul olmuşdur. Bu böyük insan hətta ictimai gərginliklər, iqtisadi böhranlar, maddi çatışmazlıqlar zamanı dərin zəkasının və yaradıcılığının məhsulu olan yeni taxıl sortları yaradaraq öz xalqına xidmət etmişdir.

Görkəmli alim apardığı multidissiplinar tədqiqat istiqamətlərinin inteqrasiyası ilə "yaxşı" fotosintez haqqında yeni təsəvvür yaratmış, kənd təsərrüfatı bitkilərindən yüksək və keyfiyyətli məhsul əldə edilməsi üçün prosesin optimallaşdırılması problemlərini həll edən ideyalar irəli sürmüşdür. Planetimizdə bütün metabolik proseslərin enerji mənbəyi Günəşdir. Günəş şüasının enerjisi biosferə fotosintez prosesi vasitəsilə daxil olur. Fotosintez vasitəsilə ali bitkilər, yosunlar və bəzi bakteriya növləri işıq enerjisini birbaşa mənimsəyərək onu bioenergetik proseslərdə istifadə olunan üzvi birləşmələrin kimyəvi enerjisinə çevirir və bu zaman oksigenlə karbon qazı arasında balans yaranır. Beləliklə, fotosintez yer üzərində həyatın mövcudluğu üçün zəruri olan nadir və mürəkkəb bir prosesdir.

Özünün ardıcıl və məqsədyönlü fəaliyyəti ilə Cəlal Əliyev məhsuldarlıq proseslərinin əsası kimi fotosintezin kompleks şəkildə tədqiqini həyata keçirmişdir. Bu tədqiqatlar bitkilərin məhsuldarlığının fizioloji, biofiziki, biokimyəvi və molekulyar-genetik əsaslarını, eyni zamanda bitkilərin həyatının struktur-funksional təşkilinin molekulyar səviyyədən başlayaraq bütöv bitki və əkinə qədər bütün mərhələ və formalarında məhsuldarlıq prosesləri əhatə etmişdir.

Fotosintetik fəaliyyətin göstəricilərinin və əlamətlərinin, morfofizioloji və aqronomik xüsusiyyətlərinin, buğda genotiplərinin real və potensial imkanlarının xarici mühit amilləri ilə birlikdə öyrənilməsi sayəsində ideal buğda tipinin yüksək məhsuldarlığını təyin edən prinsiplər işlənib hazırlanmışdır. İdeal buğda tipi təsəvvürünün əsasını yarpağın parametrlərinin sabit qalması təşkil edir ki, bu da gövdənin optimal hündürlüyü və yarpaqların şaquli orientasiyası ilə yanaşı, yarpaqların fəzada əlverişli yerləşməsini təmin edir və əkin üçün əla arxitektonika yaradır. Beləliklə, günəş enerjisinin səmərəli mənimsənilməsi, vegetativ və təsərrüfat əhəmiyyətli orqanların əmələ gəlməsi hətta zəngin azot qidalanması zamanı və çoxlu suvarılma aparıldıqda belə təmin olunur. Bu və ya digər faydalı əlamətlərin irsən keçməsinin mümkünlüyü müəllifin həyata keçirdiyi seleksiya işlərinin elmi əsasını təşkil edir.

Cəlal Əliyev tərəfindən karbon qazı assimilyasiyasının genotiplərin morfofizioloji əlamətlərindən və donor-akseptor münasibətlərindən asılı olaraq, ontogenezdə geniş diapazonda dəyişməsi aşkarlanmışdır. Yeni yüksək məhsuldar genotiplər fotosintezin daha sabit intensivliyi, yəni vegetasiya müddətində fəal fotosintezin çoxsaylı piklərlə uzun müddət davam etməsi ilə səciyyələnir. Sünbülün yüksək fotosintetik aktivliyi akseptor qabiliyyəti ilə birlikdə bol məhsulun əsasını təşkil edir.

Akademik Cəlal Əliyevin əldə etdiyi nəzəri və təcrübi nəticələr fototənəffüs prosesinin dərindən dərk olunmasına imkan yaratmışdır. Bu ideya tarla şəraitində yetişdirilən müxtəlif buğda genotipləri üzərində çoxillik məqsədyönlü tədqiqat işlərinin nəticələrinə əsasən yaranmışdır. Bir neçə min buğda genotipindən, həmçinin xəstəliklərə və ətraf mühitin əlverişsiz amillərinə (quraqlıq, torpaq şoranlığı və s.) davamlı, yüksək məhsuldar buğda sortlarından ibarət unikal genofond yaradılmışdır. Müəyyən olunmuşdur ki, yüksək məhsuldarlığa malik genotiplər intensiv fotosintezlə yanaşı, həm də effektiv fototənəffüs qabiliyyətinə malikdir. Orta və aşağı məhsuldar genotiplər CO2-nin assimilyasiyasının və fototənəffüsün nisbətən aşağı intensivlikləri ilə fərqlənir. Müxtəlif məhsuldarlığa malik genotiplərdə həqiqi fotosintezin fototənəffüsə nisbəti orta hesabla 3:1-ə bərabərdir. Yarpağın ontogenezində fotosintez və fototənəffüsün intensivliklərinin dəyişməsi qlisin+serinin biosintez zəncirindəki dəyişmənin xüsusiyyəti, Rubisco fermentinin karboksilaza-oksigenaza nisbətinin aktivliyi, CO2-nin assimilyasiyasının intensivliyi ilə paralel gedir. Buna əsaslanaraq akademik Cəlal Əliyev fototənəffüsün israfçılıq olması haqda əvvəllər çox geniş yayılmış fikirlərin əksinə olaraq, sahə şəraitində məhsuldarlığına görə fərqlənən buğda genotiplərində qaz mübadiləsinin intensivliyini, karbon metabolizmi, RBFK/O fermentinin aktivliyini tədqiq etməklə müxtəlif istiqamətlərdə apardığı 40 illik tədqiqatlar nəticəsində sübut etmişdir ki, fototənəffüs təkamülün gedişində formalaşmış həyati əhəmiyyətli metabolik prosesdir. Belə ki, bitkilərin yüksək məhsuldarlığı həm fotosintezin, həm də fototənəffüsün intensivliyi ilə səciyyələnir. Fotosintez və fototənəffüsün əsas fermentləri olan fosfoenolpiruvatkarboksilaza və fosfoqlükolatfosfotazanın tam nukleotid və aminturşu ardıcıllıqları təyin olunmuşdur. Alınan nəticə 2011-ci və 2013-cü illərdə Bakıda keçirilən fotosintez konfranslarında plenar məruzə kimi təqdim olunmuş və konfrans iştirakçıları tərəfindən yüksək səviyyədə qarşılanmışdır. Eyni zamanda Avropa Bitki Bioloqları Cəmiyyətinin rəsmi dövri nəşri olan nüfuzlu, yüksək impakt faktorlu "Physiologia Plantarum" jurnalında çap olunmuşdur. Dünyada ilk dəfə olaraq azərbaycanlı alimin məqaləsini əks etdirən görüntünün jurnalın üz qabığında verilməsi və məqalənin 1-ci iş kimi çap edilməsi onun nə qədər yüksək elmi dəyərə malik olduğunu göstərir. Gözəl təsvirlərlə verilmiş və 60 illik gərgin əməyin nəticəsi olan bu iş qısa bir zamanda dünya alimlərinin diqqətini cəlb etmiş, məqaləni əldə etmək üçün dünyanın müxtəlif ölkələrindən çoxsaylı müraciətlər olunmuş və ona çoxsaylı istinadlar edilmişdir.

Akademik Cəlal Əliyevin diqqəti nəinki fundamental tədqiqatların geniş spektrinə, həmçinin tətbiqi elmə də yönəlmişdir. Cəlal müəllim dərin fundamental elmi böyük praktika ilə birləşdirməyi bacaran nadir alimlərdən idi. Alimin fundamental tədqiqatlarda aldığı elmi nəticələrdən seleksiya işində məharətlə istifadəsi sayəsində məhsuldarlığı 7-8 t/ha və əla keyfiyyətli toxumu olan Qaraqılçıq-2, Vüqar, Şir Aslan-23, Bərəkətli-95, Əlincə-84, Tərtər, Qiymətli-2/17, Əkinçi-84, Əzəmətli-95, Nurlu-99, Qırmızı gül, Ruzi-84, Qobustan-99, Tale-38 və s. kimi bərk (Triticum durum Desf.) və yumşaq (Triticum aestivum L.) buğda sortları yaradılmışdır. Azərbaycan ərazisində əkin sahəsinin böyük hissəsini tutan bu sortlar Türkmənistan, Özbəkistan və Gürcüstanda da yaxşı göstəricilərə malik olmuşdur.

Bu qədər geniş proqramın uğurla həyata keçirilməsi məqsədilə ötən əsrin 70-ci illərindən başlayaraq Cəlal Əliyev tərəfindən ali məktəblərin biologiya, kimya, fizika, riyaziyyat, agrokimya ixtisasları üzrə məzunlarından ibarət elmi kollektivin formalaşdırılmasına başlanmışdır. Bu elmi ixtisasların bir-birinə qovuşması nəticəsində respublikamızda ilk dəfə biologiya və kənd təsərrüfatının bir çox nəzəri və praktiki məsələlərinin həllində riyazi metodlardan və kompüter texnologiyalarından istifadə etmək mümkün olmuşdur. Bu isə nəinki Azərbaycanda, hətta dünyada görünməmiş bir hadisə idi. Cəlal Əliyev biologiya elminin digər elmlərlə (xüsusilə riyaziyyat, kibernetika, kimya, fizika, kompüter və informasiya texnologiyaları) sintezinin inkişafının vacibliyini hiss edən uzaqgörən alimlərdən biri olmuşdur.

Akademik Cəlal Əliyev fundamental araşdırmaları və əldə etdiyi nailiyyətləri ilə elmin inkişafına sanballı töhfələr vermişdir. Respublikamızda biologiya elminin yeni istiqamətlərinin, o cümlədən molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya, kompüter biologiyası və bioinformatikanın bünövrəsinin qoyulması və əsaslı surətdə inkişaf etdirilməsi məhz onun adı ilə bağlıdır. Bu istiqamətlər elm qarşısında duran bir sıra aktual problemlərin həllinə xidmət etmişdir.

Görkəmli alim Cəlal Əliyevin tövsiyəsi əsasında və dəstəyi ilə onlarca istedadlı gənc alim Rusiyanın Moskva, Sankt-Peterburq, Novosibirsk, Kiyev və başqa şəhərlərinin, dünyanın ən qabaqcıl elmi-tədqiqat mərkəzlərində öz təhsillərini davam etdirmişlər. Alim üçün əsas məsələ istedad və elmi işlə məşğul olmaq üçün zəruri keyfiyyətlərin olması idi. Cəlal müəllimin tələbəsi, ABŞ-nin Ümumi Genom İnstitutunun Energetika Bölməsinin əməkdaşı Asəf Salamov yazırdı: "O dövrdə Cəlal Əliyev Azərbaycanda bəlkə yeganə alimlərdən idi ki, öz əməkdaşlarının SSRİ-nin aparıcı akademik institutlarında təcrübə kursu keçmələrini təşkil edirdi. Şəxsən mən Novosibirskdə olan Sitologiya və Genetika İnstitutuna göndərildim. Hazırda Kaliforniya Universitetinin nəzdində fəaliyyət göstərən Ümumi Genom İnstitutunda işləyirəm. Əlbəttə, öz elmi karyeramda olan irəliləyişləri ilk növbədə mənim ilk elmi rəhbərim, akademik Cəlal Əliyevin xidmətləri ilə əlaqələndirirəm. Fotosintezin fundamental molekulyar prosesləri ilə bitki biologiyasının tətbiq aspektləri arasında əlaqələrin müəyyən edilməsi, xüsusən mühüm kənd təsərrüfatı bitkilərinin davamlılığının və məhsuldarlığının artırılması məhz onun xidmətləri sayılmalıdır. O, SSRİ-də birincilər sırasında bioloji proseslərin sistemli şəkildə öyrənilməsini, bu işə müxtəlif profilli mütəxəssislər cəlb etməyin vacibliyini əvvəlcədən görürdü. Hələ 40 il bundan əvvəl bizim elmi rəhbərimiz Cəlal Əliyev riyazi analizin və kompüter texnologiyalarının biologiyada tətbiq edilməsinin vacibliyini dərindən dərk edirdi. Halbuki həmin illərdə hətta Qərbdə bunun mümkünlüyünü anlayanlar az idi".

Azərbaycan elminin dünyada tanınmasında, təbliğində və beynəlxalq elmi təşkilatlarla əlaqələrin qurulmasında Cəlal Əliyevin əvəzsiz xidmətləri olmuşdur. 5-9 iyun 2013-cü ildə Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyət tərəfindən Bakı şəhərində dünyanın 32 ölkəsindən 350 nümayəndənin iştirakı ilə Cəlal Əliyevin yubileyinə həsr olunmuş konfransın keçirilməsi də bunun bariz nümunəsidir. Bu konfrans beynəlxalq səviyyədə azərbaycanlı alimə həsr olunan ilk tədbir idi.

Görkəmli alimin şəxsiyyətinə və elmi irsinə dünya elmi ictimaiyyətinin göstərdiyi diqqət sübut edir ki, Cəlal müəllimin tez-tez təkrar etdiyi "Əgər Tanrı mənə ikinci bir həyat bəxş etsəydi, heç düşünmədən yenə də elm yolunu seçib həyatımı ona həsr edərdim" ifadəsi heç də təsadüfi, sözgəlişi olmamışdır. Cəlal müəllimin müdrik fikirləri arasında onun bir cümləsinin xüsusi çəkisi və yeri var: "Elmlə məşğul olan insanın əsas məqsədi həmişə qabağa baxmaq, yeni sahələri inkişaf etdirmək, təzə ideyalar irəli sürməkdir". Böyük ustad öz fəaliyyətində bu fikirləri reallaşdırmaqla hamıya örnək olmuşdur.

SSRİ Elmlər Akademiyasının həqiqi üzvü İ.Tarçevski öz dostu Cəlal Əliyevi belə xarakterizə edirdi: "Mən Cəlal Əliyevi demək olar ki, yarım əsrdir tanıyıram. Onun bitkilərin fotosintezi və yeni buğda sortlarının yaradılması ilə bağlı araşdırmalarının nəticələri haqqında etdiyi çıxışlarını beynəlxalq və ümumittifaq konfranslarda dinləmişəm. Bundan başqa, mən onun doktorluq dissertasiya işi və müəllif materialları ilə də yaxından tanışam. Nə vaxtsa bu insanın doktorluq dissertasiyasına, demək olar ki, özü ilə hələ tanış olmadığım bir vaxtda müsbət rəy vermişdim". Bütün bu fikirlər onu deməyə əsas verir ki, Azərbaycan xalqı öz böyük alimi ilə öyünməkdə həmişə haqlı olmuşdur.

Akademik Cəlal Əliyevin tələbələri yeni-yeni uğurlara imza atmaqla böyük alimin elmi məktəbinin şöhrətini daha yüksəklərə qaldırırlar. 2021-ci ildə Türkiyənin Biotexnologiya İnstitutunun Peyvənd Elmi Komitəsinin üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən yeni texnologiya əsasında protein əsaslı vaksin hazırlanmış və Ümumdünya Səhiyyə Təşkilatının sınaq mərhələsində olan peyvənd namizədlər siyahısına daxil edilmişdir.

Akademik Cəlal Əliyev məktəbinin daha bir yetirməsi, biologiya sahəsində tanınmış azərbaycanlı alim, Rusiya Elmlər Akademiyasının Bitki Fiziologiyası İnstitutunun laboratoriya rəhbəri, Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, Moskva Dövlət Universitetinin professoru, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru Süleyman Allahverdiyev bir ay öncə elmin inkişafında və elmi kadr hazırlığında böyük xidmətlərinə və çoxillik səmərəli fəaliyyətinə görə "Fiziki-kimyəvi biologiya" ixtisası üzrə Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Xatırlatmaq yerinə düşərdi ki, tanınmış alim Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 21 mart 2022-ci il tarixli sərəncamı ilə Rusiya Federasiyasının Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. O, əldə etdiyi elmi nailiyyətlərə görə 2021-ci il üçün Qlobal Enerji Assosiasiyasının bəşəriyyətin maraqları naminə enerji mənbələri üzrə daha yüksək səmərəliliyi və ekoloji təhlükəsizliyi təmin və təşviq edən görkəmli elmi tədqiqat nəticələri və elmi-texniki işləmələrin müəlliflərinə verilən nüfuzlu "Qlobal enerji" mükafatına layiq görülmüşdür. Bu da fəxarət hissi yaradan faktdır ki, Rusiya EA-nın müxbir üzvü Süleyman Allahverdiyev son illərdə əsərlərinə edilən istinadların sayına görə Rusiyanın ən reytinqli alimləri siyahısında, bir qayda olaraq, ön sıralarda gedir.

Böyük alimin elmi məktəbinin ardıcılları sırasında həmçinin Böyük Britaniya Kembric Universitetinin Kompüter kristalloqrafiyası qrupunun rəhbəri professor Qərib Mürşüdovun, ABŞ Fraunhofer Molekulyar Biotexnologiya Mərkəzinin icraçı direktoru olmuş, hazırda ABŞ-nin İndiana Universitetinin proqram rəhbəri vəzifəsində çalışan professor Vidadi Yusibovun, Cənubi Koreya Pusan Dövlət Universitetinin professoru olmuş İsmayıl Zülfüqarovun, Avstraliyanın (Melburn) RMİT Universitetinin professoru Aydın Muradovun, ABŞ-nin Ümumi Genom İnstitutunun əməkdaşı doktor Asəf Salamovun və başqalarının adlarını da fəxrlə çəkmək olar.

Akademik Cəlal Əliyevin qiymətli əmanəti və yadigarı olan AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu bu gün yeni inkişaf dövrünü yaşamaqdadır. Bu fakt özünü əldə edilən elmi tədqiqatların nəticələrində, beynəlxalq əməkdaşlığın təşkilində və kadr hazırlığında xüsusilə göstərir.

İnstitutun Birləşmiş Krallığın Kembric Universiteti ilə, ABŞ-nin Franhofer Molekulyar Biotexnologiya Mərkəzi və Delaver Universiteti, Cənubi Koreyanın Pusan Milli Universiteti, Fransa Milli Kənd Təsərrüfatı Tədqiqatları İnstitutunun Bordo və Aviqnon mərkəzləri, İtaliyanın Milli Tədqiqatlar Şurası Dayanıqlı Bitki Mühafizəsi İnstitutu, Almaniyanın Bonn və Osnabruk universitetləri, Türkiyənin Ankara, Mustafa Kamal Atatürk və Akdeniz universitetləri, Avstraliyanın Brisbon Universiteti, Rusiya EA-nın Biologiyanın Fundamental Problemləri və Bitki Fiziologiyası institutları, Moskva Dövlət Universiteti, Ukrayna MEA Molekulyar Biologiya və Genetika, Hüceyrə Biologiyası və Genetik Mühəndislik institutları, Belarusiyanın Biofizika və Hüceyrə Mühəndisliyi İnstitutu və s. ilə geniş elmi əməkdaşlıq əlaqələri mövcuddur.

Təkcə 2021-ci ildə institut əməkdaşları tərəfindən 68 məqalə (35-i xaricdə, 21 məqalə Web of Science və Scopus bazalarında indeksləşən impakt faktorlu jurnallarda), 48 tezis (9), 1 dərs vəsaiti nəşr edilmiş, 2 monoqrafiya çapa təqdim olunmuşdur. İnstitut əməkdaşlarının elmi əsərlərinə 1200-ə qədər istinad olunmuşdur. Əsas elmi nəticələr respublikada və xaricdə keçirilmiş bir sıra konfrans, konqres və simpoziumlarda məruzə edilmişdir.

Hazırda institutda fəlsəfə doktoru hazırlığı üzrə 17 doktorant və 16 dissertant, elmlər doktoru hazırlığı üzrə 7 dissertant öz tədqiqatlarını davam etdirir. 2021-ci ildə institutun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasında 2 nəfər dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş, 1 nəfərin dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının böyük elmi işçisi Rəfiqə Məsməliyeva tərəfindən Azərbaycanda ilk dəfə olaraq "Riyazi biologiya, bioinformatika" ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Atom yerdəyişmə parametrlərinin statistik analizi və validasiyası" mövzusunda dissertasiya müdafiəsi reallaşdırılmışdır. Hazırda biologiya üzrə fəlsəfə doktoru Rəfiqə Məsməliyeva Almaniyanın Hamburq Universitetində çalışmaqla tədqiqatlarını davam etdirir. Doktorant və magistrlərin dünyanın aparıcı elmi mərkəzlərində hazırlanması işinə diqqət daha da artırılmışdır. İnstitutun gənc mütəxəssisləri İslam İnkişaf Bankının fəlsəfə doktorluğu üzrə təqaüd proqramı, "Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı", AMEA və Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq sazişi əsasında elan edilən müştərək doktorantura proqramları çərçivəsində dünyanın aparıcı universitetlərinin doktoranturalarında təhsillərini davam etdirirlər. Onların demək olar ki, hamısı institutun magistraturasının məzunlarıdır. Hazırda "Molekulyar biologiya" ixtisası üzrə doktorant Fidan Hüseynova Fransanın Monpelye Universitetində, "Molekulyar biologiya" ixtisası üzrə dissertant Gülnar Abdullayeva Böyük Britaniyanın Oksford Universitetində, "Biotexnologiya" ixtisası üzrə dissertant Elnarə Sadıqova Belçika Krallığının Gent Universitetində, Fədinə Kuryayeva "Molekulyar Biologiya və Genetika" ixtisası üzrə Türkiyənin Bilecik Şeyx Ədəbali Universitetində təhsil alırlar. Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının elmi işçisi Güman Qarayev İtaliyanın Modena və Reggio Emilia Universitetində magistratura təhsilini başa vuraraq, Fransa Respublikasının Grenoble Politexnik İnstitutunun (Grenoble İNP-Phelma) 2021/2022-ci tədris ilində "Nanoelmlər-Nanotibb Master 2" proqramı üzrə elan etdiyi müsabiqədə uğurla iştirak etmiş və hazırda bu institutun "Nanotibb və Struktur Biologiyası" ixtisası üzrə doktoranturasında təhsil alır. Cari ildə institutun daha 5 gənc əməkdaşı xaricdə təhsil almaq hüququ qazanmışdır. 2022-ci il gənclər üçün Prezident mükafatçıları sırasında institutun doktorantı, Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Lalə Axundovanın da adının olması qürur hissi doğurur. İnstitutun digər gənc əməkdaşı Gülmirə Əlibəyova isə gənclər günü münasibətilə AMEA Rəyasət Heyətinin Fəxri diplomu ilə təltif olunmuşdur.

Hazırda institutda maddi-texniki bazanın gücləndirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilir, yeni metodikalar mənimsənilir, laboratoriyalar yeni avadanlıq və kompüterlərlə təchiz olunur. Əminliklə demək olar ki, görülən elmi-təşkilati tədbirlərin və kadr hazırlığının müasir dövrün tələbləri səviyyəsində gücləndirilməsi sayəsində yaxın illərdə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Azərbaycanın dünya elmindəki reytinqinə ciddi təsir edəcək yeni-yeni mühüm fundamental və innovativ elmi nailiyyətlər qazanılacaq, Cəlal Əliyev məktəbinə yeni töhfələr veriləcəkdir.

"Bütün həyatım boyu biologiya elmi ilə məşğul olmuşam, fotosintez prosesini öyrənmişəm, yeni buğda sortları yaratmışam, elmi məqalələr və monoqrafiyalar yazmışam. Baxmayaraq ki, çətin və keşməkeşli həyat yolu keçmişəm, amma hesab edirəm ki, mən çox xoşbəxtəm. Həmişə sevdiyim işlə məşğul olmuşam və kifayət qədər əhəmiyyətli nəticələr əldə etmişəm. Həyatım boyu elə bir hərəkət etməmişəm ki, sonradan buna görə utanım. Mən çoxsaylı ağıllı, istedadlı, mərd insanlarla rastlaşmışam. Onlardan bəziləri mənə kömək edib, çoxlarına da mən kömək eləmişəm. İnsanın xoşbəxtliyi üçün ona çox şeymi lazımdır? Fikirləşirəm ki, sadaladıqlarım tamamilə kifayətdir". Bu sözlər bütün mənalı həyatı və fəaliyyəti elmə, doğma xalqına və vətəninə həqiqi xidmətin parlaq nümunəsi olan, Azərbaycan elminin və dövlətçiliyinin tarixində daim yaşayacaq akademik Cəlal Əliyevə məxsusdur.

Böyük alimin bitkilərin fotosintetik məhsuldarlığının artırılması ilə bağlı  tədqiqatları zaman keçdikcə öz aktuallığını xeyli artırmışdır. Bu gün qlobal ərzaq təminatında, xüsusən ərzaqlıq buğda istehsalında yaranmış ciddi vəziyyət, dünyanın əkinəyararlı torpaqlarındakı eroziya və şoranlaşma problemlərinin, iqlimdə baş verən ciddi dəyişikliklərin intensivləşməsi Cəlal Əliyevin uzaqgörənliyinin daha bir təzahürü hesab edilə bilər. Cəlal müəllimin elmi kəşfləri, irəli sürdüyü nəzəriyyə və hipotezlər, yaratdığı sortlar xalqımızın qeyd edilən problemlərlə mübarizəsində, milli strateji maraqlarının xarici rəqabətin əlverişsiz təzahürlərindən qorunmasında ən yaxşı müttəfiq rolunu oynayır. Bunlar həmçinin dövlətimizin müstəqilliyinin etibarlılığına böyük dəstəkdir.

Ərzaqlıq buğda ilə daxili təminatın 25 faizdən 75 faizə qədər artırılması və istehsal edilən məhsulun keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəldilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulmuş mühüm strateji vəzifələrin icrası Cəlal müəllimin yaratdığı buğda sortlarının respublikanın kənd təsərrüfatı sistemində geniş şəkildə tətbiqi və onlardan istifadə etməklə yeni sortların yaradılması vasitəsilə də reallaşa bilər.

Tatar xalqının böyük şairi Musa Cəlil yazırdı: "Gərək elə yaşayasan ki, öləndən sonra da yaşaya biləsən". Bu fikir insanın öz ağlı, zəhməti, xeyirxahlığı, ən başlıcası da xalqına, dövlətinə sədaqətlə, böyük ürəklə xidmət etməsinin həyat düsturudur. Akademik Cəlal Əliyev həyatdan köçdükdən sonra yaşayan insanlardandır.

İradə HÜSEYNOVA, AMEA-nın vitse-prezidenti, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik

“Azərbaycan” qəzeti