Arxiv
Botanika İnstitutunun alimlərinin məqaləsi "Web of Science" bazasına daxil olan jurnalda dərc olunub
30.09.2022

Botanika İnstitutunun baş direktoru, Etnobotanika şöbəsinin müdiri b.e.d, professor Səyyarə İbadullayeva, aparıcı elmi işçilər b.ü.f.d., dosent Nuri Mövsümova və b.ü.f.d., dosent Gülnarə Şirəliyevanın həmmüəllifliyi ilə “Pteridophytes: Ethnobotanical use and active chemical composition” adlı məqalə “Indian Journal of Traditional Knowledge” jurnalında dərc olunub.

 Məqalədə göstərilib ki,  bitkilərin ilk  yaranmışlarından hesab edilən ali sporlu bitkilər kimi qıjıkimilərin etnobotaniki istifadəsi çox uzaq tarixlə bağlıdır və əksəriyyəti dərman bitkisi kimi dünyanın bir çox ölkələrində etnik qruplar arasında geniş tətbiq olunur. Hətta bəzi növlər rəsmi farmokopeyaya daxil olmuşdur. Tədqiqatların məqsədi Azərbaycan Respublikası florasında yayılmış qıjıkimilərin etnobotaniki xüsusiyyətlərinin öyrənilməsi, dərman bitkisi kimi aktiv farmokoloji tərkiblərinin və təsirlərinin müəyyən edilməsi olmuşdur.

Müəlliflər araşdırmalar zamanı Azərbaycan ərazisində yayılmış qıjıların dərman kimi potensial xüsusiyyətlərini müəyyən etməyə, onlardan hansı xəstəliklərin müalicəsində istifadənin daha yararlı  olacağını aydınlaşdırmağa  çalışıblar. Nəticələr göstərir ki, qıjılardan alınmış ikincili metabolik birləşmələr antibakterial, antihelmint, antivirus, antioksidant və bəlğəmgətirici (expectorant) təsirə malik yeni dərman preparatların və ya yeni qarışıqların hazırlanmasında başlıca rol oynaya bilər.