Arxiv
Botanika İnstitutunun Elmi şurasının 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat yığıncağı keçirilib
12.12.2022

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Elmi şurasının iclasında institutun 2022-ci ildəki elmi-təşkilati fəaliyyətinin yekunları müzakirə olunub.

İclasa sədrlik edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Botanika İnstitutunun 2022-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyəti barədə məruzəsini təqdim etmək üçün sözü institutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayevaya verib.

Səyyarə İbadullayeva Botanika İnstitutunda aparılan tədqiqatların Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Dövlət proqramlarındakı tapşırıqlar əsasında həyata keçirildiyi haqda məlumat verib. O, institutun elmi-tədqiqat işlərinin mövzu planına müvafiq 2 istiqamətə uyğun 2 problem çərçivəsində 9 mövzunu əhatə edən 16 işin 44 mərhələsi üzrə elmi-tədqiqat işlərinin yerinə yetirildiyini qeyd edərək, 14 mühüm nəticənin əldə olunduğunu qeyd edib.

Məruzəçi nəşriyyat fəaliyyətini diqqətə çatdıraraq, hesabat ilində institut üzrə 128 elmi əsərin, 1 monoqrafiyanın, 2 kitab fəslinin (xaricdə), 72 məqalə (37-si xaricdə) və 51 tezisin (14-ü xaricdə) işıq üzü gördüyünü və cari ildə əməkdaşların əsərlərinə 361 istinad edilidiyini bildirib.

Professor qeyd edib ki, cari ildə Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinə 443 növ üçün oçerklər, xəritələr və şəkillər hazırlanmış, o cümlədən Qarabağ florasına aid herbari nümunələrinin təftişi, məlumat bazaları və elektron kataloqlarının yaradılması üzrə tədqiqatlar aparılmışdır. 2022-ci ildə ilk dəfə olaraq Şuşa, Zəngilan, Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl rayonlarına ekspedisiyalar təşkil olunmuş, Topxana meşəsi təftiş edilmişdir. Qarabağa aid 11700 herbari nüsxəsi rəqəmsallaşdırılaraq siyahıya alınmışdır. Baş direktor bildirib ki, hal-hazırda Botanika İnstitutunda elmin informasiya təminat sisteminin təkmilləşdirilməsi və gücləndirilməsi məqsədinə xidmət edən 4 yerli və 2 beynəlxalq məlumat bazası fəaliyyət göstərir. İnstitutda 2 jurnal, hər biri ildə 2 dəfə olmaqla nəşr edilir.

Məruzəçi daha sonra kadr hazırlığı, magistratura, doktorantura və dissertantura təhsili, ali məktəblərlə əlaqələr, elmlə təhsilin inteqrasiyası, elektron elmin vəziyyəti, beynəlxalq əlaqələr, layihələr üzrə işlər, xarici ölkələrə elmi səfərlər, yerli və beynəlxalq səviyyəli konfrans və digər tədbirlərdən ətraflı şəkildə bəhs edib. Sonda institutun dayaq məntəqələrində aparılmış işlər, maddi-texniki təchizat və sosial məsələlərlə bağlı müvafiq məlumatlar təqdim olunub.

Daha sonra hesabat ətrafında geniş müzakirələr aparılıb, məruzəçiyə ünvanlanan suallar ətraflı cavablandırılıb.

AMEA-nın müxbir üzvləri Maqsud Qurbanov, Elşad Qurbanov, b.e.d., professor Eldar Novruzov, b.e.d. Aydın Əsgərov, b.ü.f.d. Ələddin Qədimov, b.ü.f.d. Rəşad Səlimov görülən işlərdən danışıb, gələcək planlar barədə fikirlərini söyləyiblər.

Sonda akademik İradə Hüseynova müzakirələrə yekun vuraraq bir sıra məsələlər üzrə tapşırıq və tövsiyələrini verərək, institutun fəaliyyətini müsbət qiymətləndirib.