Arxiv
“Horizon Avropa” Tədqiqat və İnnovasiya Proqramı üzrə məlumat günləri davam etdirilir
27.07.2023

Avropa Komissiyasının (AK) "Horizon Avropa" Tədqiqat və İnnovasiya Proqramı üzrə məlumat günləri davam etdirilir. AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda keçirilən tədbirdə AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva, "Horizon Avropa" proqramının Rəqəmsal, Sənaye və Kosmos klasteri üzrə Milli Əlaqələndirici Şəxs (MƏŞ), AR Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun Xarici əlaqələr şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Tofiq Babayev, İqlim, Enerji və Mobillik klasteri üzrə MƏŞ, AR Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov və  Ərzaq, Bioiqtisadiyyat, Təbii ehtiyatlar, Kənd təsərrüfatı və Ətraf mühit klasteri üzrə MƏŞ, biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayev iştirak ediblər.

E.Əlirzayeva "Horizon Avropa" Proqramı üzrə istiqamətlər və MƏŞ Şəbəkəsinin fəaliyyəti haqqında məlumat verib, çağırışlarda uğurlu iştirak, konsorsiumlara qoşulmaq üçün yanaşmaları diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan tədqiqatçıları üçün "Horizon Avropa" Proqramında uğurlu iştirakın təmin edilməsi məqsədilə cari ilin sentyabr ayında AK-nın ekspertlərinin iştirakı ilə layihələrin hazırlanması üzrə növbəti təlimlərin və fərdi məsləhələtlərin təşkil edilməsi nəzərdə tutulub. Məruzəçi COST proqramı haqqında məlumat verib və qeyd edib ki, bu proqram "Horizon Avropa" çağırışlarında iştirak üçün konsorsiumlara qoşulmaq istiqamətində geniş imkanlar açır. Bu proqram çərçivəsində iştirak etdiyi layihə üzrə təcrübəsini bölüşüb və Azərbaycan mütəxəssislərinin qoşulduğu uğurlu layihələr haqqında məlumat verib.

T.Babayev AK-nın 1984-cü ildən fəaliyyətə başlayan çərçivə proqramları, "Horizon Avropa"nın məqsədləri, əldə edilmiş nəticələr, proqramın klasterləri, onların əhatə dairəsi və hər biri üzrə maliyyə imkanları, proqrama müraciət üçün tələblər, yeniliklər və perspektivlər üzrə ətraflı məlumat verib. Məruzəçi bu proqramlar çərçivəsində iştirak etdiyi layihələr, həmçinin hazırda Azərbaycanın müxtəlif təşkilatlarının alimləri tərəfindən həyata keçirilən layihələr üzrə təcrübə bölgüsü edib, iştirakçıları proqramın imkanlarından istifadəyə təşviq edib.

R.Kərimov "Horizon Avropa" portalında çağırışların araşdırılması, müvafiq çağırışlar üzrə tərəfdaşların müəyyən edilməsi üçün müxtəlif yanaşmaları, onlarla əlaqələrin qurulması qaydalarını praktik formada təqdim edib. Bildirilib ki, çağırışlar multidissiplinar xarakterli olduğuna görə müxtəlif klasterlər üzrə müvafiq imkanları müəyyən etmək mümkündür. Məruzəçi iqlim dəyişikliyi üzrə hazırda açıq olan və sentyabr-oktyabr aylarında elan ediləcək çağırışları, onların məqsədləri və büdcə imkanları haqqında məlumat verib.

F.Seyfullayev proqramın 2023-2024-cü illər üzrə İş proqramının araşdırılması, müvafiq çağırışların, onlar haqqında ətraflı məlumatın, məqsədlərinin, tələblərin müəyyənləşdirilməsi üzrə interaktiv təqdimat edib. Məruzəçi, biomüxtəlifliyin "Horizon Avropa" proqramında prioritet istiqamət olduğunu diqqətə çatdırıb və iştirakçıları bu istiqamət, həmçinin ərzaq təhlükəsizliyi və ətraf mühit problemlərini əhatə edən hazırda elan edilmiş və 2023-cü il ərzində elan ediləcək çağırışlarla tanış edib.

İştirakçılar "Horizon Avropa" Proqramında iştirakda maraqlı olduqlarını ifadə ediblər. Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva institutun mövcud beynəlxalq əlaqələri haqqında məlumat verib və müvafiq istiqamətlər üzrə çağırışlarla əlaqəli fikir mübadiləsi edib.

Məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.