Arxiv
Botanika İnstitutunda 27 sentyabr - Anım Günü qeyd olunub
27.09.2023

Bu gün AR Elm və Təhsil Nazirliyinin Botanika Institutunda “27 sentyabr – Anım Günü”nə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən İnstitutun baş direktoru, professor, b.e.d. Səyyarə İbadullayeva bildirib ki, 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixinə silinməz səhifələr yazdı. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə göstərdi, bir yumruq kimi birləşərək əsl həmrəylik nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, möhkəm iradəsi, uzaqgörən strategiyası, uğurlu xarici-daxili siyasəti nəticəsində xalqımız 44 gün ərzində tarixinin ən möhtəşəm Qələbə qazandı.

 S.İbadullayeva Qarabağda baş verən son hadisələri vurğulayaraq, Vətən müharibəsinin sonunda qəbul edilən 10 noyabr bəyanatına əməl etməyən erməni separatçılarını tərkisilah etmək məqsədi ilə 19 sentyabr 2023-cü il tarixində başlanan anti-terror əməliyyatlarının növbəti qələbəmizlə başa çatdığını qeyd edib.

Tədbirdə çıxış edən b.e.d., professor Eldar Novruzov və b.ü.f.d., dosent Rəşad Səlimov 44 günlük müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi səfərbərlikdən, igidlərimizin müharibə dövründə göstərdikləri şücaətdən danışıb, torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında qəhrəmanlıq göstərərək, canını vətən uğrunda qurban vermiş şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Tədbir İnstitut əməkdaşlarının II Şəhidlər xiyabanına ziyarəti ilə davam edib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə çiçəklər düzülüb, onların yaxınlarına başsağlığı verilib.