Martın 1-də AMEA Rəyasət Heyəti və Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) birgə təşkilatçılığı ilə “Yaşıl dünyamızı qoruyaq” mövzusunda konfrans keçirilib.
AMEA-nın Rəyasət Heyətinin üzvləri, millət vəkilləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın və əhatə etdiyi elmi müəssisə və təşkilatların direktorları iştirak ediblər.
Konfransı giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq tədbirin ölkə başçısının "Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Sərəncamına əsasən keçirildiyini diqqətə çatdırıb. O, sözügedən Sərəncamla bağlı AMEA-da Tədbirlər planının hazırlandığını və bugünkü konfransın “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Akademiya tərəfindən təşkil edilmiş ilk tədbir olduğunu bildirib.
AMEA rəhbəri cari ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin respublikamızda “yaşıl” iqtisadiyyatın, “yaşıl” enerjinin, "yaşıl" texnologiyaların, geniş mənada “yaşıl” dünyanın inkişafına hesablanmış strateji addım olduğunu söyləyib. O, qlobal ekoloji problemlərlə qarşılaşan müasir dünyamızda yeni, ekoloji cəhətdən təmiz enerji mənbələrinin tətbiqinin əhəmiyyətini önə çəkib. Qeyd edib ki, artıq bir sıra dünya ölkələri enerji təhlükəsizliyinin təmin edilməsi və bərpa olunan alternativ enerji mənbələrinin mənimsənilməsi məsələsini özünün prioritet vəzifəsi sayır.
Tədbirdə Botanika İnstitutunun direktoru, professor Səyyarə İbadullayevanın “Bitki örtüyünün dayanıqlılığının təmin edilməsi yolları: nadir və itmək təhlükəsində olan növlərin mühafizəsi”mövzusunda məruzəsi dinlənilib.