Botanika İnstitutunun alimləri əczaçılıq üzrə fəlsəfə doktoru Elvin Kərimli, biologiya elmləri doktorları, professor Səyyarə İbadullayeva və dosent Adilə Ələsgərovanın həmmüəllifi olduğu “Ferula persica köklərindən alınan kristallik seskviterpen lakton konfedrol maddəsinin Hirşfeld səthi analizi və 100K alınmış yeni enantiomorfu” adlı məqalə Belarusiyanın Tibb Universitetinin Web of Science platformasına daxil olan impakt faktorlı “Вестник фармации” jurnalında nəşr olunub.
Tədqiqatın nəticəsi olaraq Azərbaycanın Qırmızı Kitabının 3-cü nəşrinə daxil edilən Ferula persica (İran ilankölgəsi) nadir növünün kökləri fitokimyəvi tədqiq edilmiş və etanolla ekstraktından yapışqanabənzər qətranlı maddələr kütləsi alınmışdır. Məqalədə qeyd olunur ki, əvvəlki ədəbiyyatlarda bu maddənin strukturunun öyrənilməsi otaq temperaturunda aparılmış, lakin müəlliflər tərəfindən ilk dəfə onun yeni enantiomorfu müəyyən edilmişdir. Dərman əhəmiyyətinə malik Ferula persica nadir növünün ex situ şəraitdə toxumla çoxaldılması təmin olunmuş, eləcə də təbiətdə mühafizəsi üçün mikrorezervatların yerləri təyin edilmişdir.