Arxiv
Quba–Xaçmaz iqtisadi rayonunda bitki müxtəlifliyi araşdırılıb
17.06.2026

AR ETN Botanika İnstitutunun Bitki müxtəlifliyi və tətbiqi tədqiqat mərkəzinin əməkdaşları Quba–Xaçmaz iqtisadi rayonunda ekspedisiya həyata keçiriblər.

Ekspedisiyanın məqsədi bölgənin bitki müxtəlifliyini öyrənmək, təsərrüfat əhəmiyyətli bitki növlərini tədqiq etmək, onların çoxaldılma imkanlarını araşdırmaq və müasir elmi metodlarla tanış olmaq olub.

Tədqiqatlar zamanı ərazinin müxtəlif hissələrində monitorinqlər aparılıb, bitkilərin yayılma xüsusiyyətləri, ekoloji şəraitə uyğunlaşması və inkişaf mərhələləri öyrənilib. Həmçinin elmi-praktik əhəmiyyət daşıyan bitki nümunələri toplanılıb, foto və video çəkilişlər həyata keçirilib.

Ekspedisiya zamanı əməkdaşlar Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda tətbiq olunan müasir bitki seleksiyası və mikroklonal çoxaltma laboratoriyası və istixana kompleksi ilə tanış olublar. Burada in vitro şəraitdə bitkilərin sürətli çoxaldılması, sağlam əkin materialının əldə olunması və müasir biotexnoloji üsulların tətbiqi barədə məlumat verilib.

Ekspedisiya müddətində bitki xəstəliklərinin diaqnostikasında istifadə olunan ELISA metodu, eləcə də efir yağlı bitkilərdən efir yağlarının alınma texnologiyaları öyrənilib. Bitki örtüyünə təsir göstərən ekoloji və antropogen amillər də qiymətləndirilib, otlaq fəaliyyəti və digər təsərrüfat işlərinin biomüxtəlifliyə təsiri araşdırılıb. Toplanmış materiallar gələcək tədqiqatlar, introduksiya işləri və yeni bitki kolleksiyalarının formalaşdırılması üçün istifadə ediləcək.