AR ETN Botanika İnstitutunun Bitkiliyin transformasiyası, ekologiyası və xəritələndirilməsi laboratoriyasının əməkdaşları tərəfindən Mil-Qarabağ massivində yerləşən Ağcabədi və Beyləqan rayonlarının qış otlaqlarında ekspedisiya həyata keçirilib.
Ekspedisiyanın əsas məqsədi qış otlaqlarında bitki örtüyündə baş verən transformasiya proseslərinin (deqradasiya, dominant növ tərkibinin dəyişməsi və antropogen təzyiqin təsiri) qiymətləndirilməsi və sənədləşdirilməsi olub.
Mil-Qarabağ massivi Kür-Araz ovalığının qərb hissəsində yerləşərək Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Ağdam, Füzuli, İmişli və Yevlax rayonlarını əhatə edir. Uzun illər ərzində heyvandarlığın inkişafında mühüm rol oynayan bu ərazi son dövrlərdə antropogen təsirlərin güclənməsi, suvarma sistemlərinin dəyişməsi, torpaq ehtiyatlarından intensiv istifadə və iqlim dəyişiklikləri nəticəsində ciddi ekoloji dəyişikliklərə məruz qalıb.
Tədqiqatlar çöl müşahidələri, müqayisəli təhlil və geobotaniki üsullar əsasında aparılıb. Ekspedisiya zamanı müxtəlif fəsilələrə aid 80-ə yaxın bitki nümunəsi toplanıb, GPS koordinatları qeydə alınıb, herbari materialları hazırlanıb və onların identifikasiya işlərinə başlanılıb. Əldə olunan məlumatlar gələcək GİS əsaslı xəritələndirmə və monitorinq tədqiqatları üçün sistemləşdirilib.
Aparılan müşahidələr zamanı qış otlaqlarında müxtəlif bitki formasiyaları qeydə alınıb. Beyləqan rayonunun Allahyarlı kəndi ətrafındakı otlaq sahələrində Soviç yovşanı (Artemisia szowitsiana) dominantlığı ilə səciyyələnən bitki qruplaşmaları müəyyən olunub. Ağgöl Milli Parkının sərhədində yerləşən ərazilərdə, eləcə də Ağcabədi rayonunun bir sıra qış otlaqlarında adi dəvətikanının (Alhagi pseudoalhagi) dominant və bəzi sahələrdə monodominant olduğu müşahidə edilib. Ağcabədi rayonunun digər otlaq sahələrində isə barmaqvari çayırın (Cynodon dactylon) üstünlük təşkil etdiyi bitki örtüyü qeydə alınıb.
Tədqiqatın nəticələrinə əsasən qış otlaqlarının bitki birliklərinin xüsusiyyətlərinin öyrənilməsi onların səmərəli istifadəsi, otlaq ekosistemlərinin qorunması və səhralaşma proseslərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.