Arxiv
Abşeronda qəhvəyi mərmər bağacığının yayılması və ona qarşı ekoloji mübarizə üsulları araşdırılıb
03.07.2026

Abşeron dendroflorasında qəhvəyi mərmər bağacığının yayılması və ona qarşı ekoloji mübarizə tədbirləri araşdırılıb.

Bu barədə Elm və Təhsil Nazirliyi Botanika İnstitutu Dendroxronologiya və bitki mühafizəsi laboratoriyasının əməkdaşı, aqrar elmlər üzrə fəlsəfə doktoru Şaməddin Qəhrəmanov bildirib.

Tədqiqat çərçivəsində Abşeron dendroflorasında mühüm təsərrüfat əhəmiyyətinə malik çoxillik ağac və kol bitkilərinin fitosanitar vəziyyəti öyrənilib, qəhvəyi mərmər bağacığının (Halyomorpha halys Stal.) yayılması, bioekoloji xüsusiyyətləri və ona qarşı mübarizə tədbirləri araşdırılıb. Tədqiqatların aparılması məqsədilə Abşeron ərazisində təsərrüfat əhəmiyyətli ağac və kol bitkilərində fitosanitar baxışlar keçirilib, xəstə və zədələnmiş bitkilərdən herbari nümunələri toplanaraq laboratoriyada təhlil olunub. Aparılan analizlər nəticəsində bitkilərdə rast gəlinən xəstəlik törədiciləri və zərərverici həşəratlar müəyyən edilib.

Müşahidələr zamanı 5–15 yaşlı cavan şam ağaclarında şam mənənəsi, şam yastıcası, şam qabıqyeyən böcəyi, qabıqaltı şam bağacığı və qəhvəyi mərmər bağacığı, həmçinin yarpaq ləkəliyi, pas və qətranlı xərçəng xəstəlikləri qeydə alınıb. Araşdırmalar göstərib ki, şam mənənəsi, şam yastıcası, qabıqaltı şam bağacığı və qəhvəyi mərmər bağacığı bitkilərin hüceyrə şirəsini soraraq onların inkişafına ciddi mənfi təsir göstərir.

Tədqiqatın əsas obyekti kimi seçilən qəhvəyi mərmər bağacığı son illər təkcə dekorativ ağac və kollarda deyil, həm də müxtəlif kənd təsərrüfatı bitkilərində geniş yayılmış təhlükəli invaziv zərərverici kimi qiymətləndirilib. İqlim dəyişiklikləri fonunda bu növün inkişaf xüsusiyyətləri və yayılma dinamikası izlənilib. Əvvəlki araşdırmalarda Abşeron dendroflorasında zərərvericinin bəzi bioekoloji xüsusiyyətləri öyrənilsə də, cari ildə onun artım dinamikasının və yayılmasının qiymətləndirilməsi istiqamətində tədqiqatlar davam etdirilib. Tədqiqatlar Botanika İnstitutunun Saray təcrübə stansiyasında, eləcə də Mərdəkan qəsəbəsinin Şüvəlan parkı ərazisində aparılıb. Burada müxtəlif dekorativ ağac və kol bitkilərində fitosanitar monitorinqlər həyata keçirilib. Müşahidələr zamanı cavan şam ağaclarında qəhvəyi mərmər bağacığının müxtəlif yaşlı nimfaları və yumurtaları aşkar edilib. Laboratoriya analizləri nəticəsində zərərvericinin növü təsdiqlənib, ərazidə bitkilərin orta dərəcədə yoluxduğu müəyyən olunub.

Araşdırmalar zamanı zərərvericinin təbii düşmənlərinin öyrənilməsinə də xüsusi diqqət yetirilib. Yoluxmuş şam ağaclarında yırtıcı hörümçəklər və vəhşi arılar müşahidə olunub, onların fotoşəkilləri çəkilərək növ təyinatı aparılıb. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, Abşeron yarımadasının Şüvəlan parkı ərazisində qəhvəyi mərmər bağacığının sayının tənzimlənməsində vəhşi arı (Trisssoicus japonicus) və yırtıcı hörümçək (Trichonephila clavata) mühüm rol oynayır.

Müəyyən olunub ki, vəhşi arı qəhvəyi mərmər bağacığının yumurtalarını parazitləşdirərək onların inkişafının qarşısını alır. Yırtıcı hörümçək isə zərərvericinin sürfə və yetkin fərdlərini ovlayaraq onun populyasiyasının azalmasına təbii şəkildə təsir göstərir. Alimlərin fikrincə, bu faydalı entomofaqların qorunması və onların bioloji mübarizə vasitəsi kimi tətbiq imkanlarının genişləndirilməsi gələcək tədqiqatların əsas istiqamətlərindən biri olmalıdır.

Qeyd edirlər ki, hazırda respublikamızda qəhvəyi mərmər bağacığına qarşı əsasən kimyəvi mübarizə üsullarından istifadə olunur. Xüsusilə zərərvericinin kiçik yaşlı sürfələrinin inkişaf mərhələsində tətbiq edilən sintetik piretroid tərkibli preparatlar yüksək toksiki təsirə və bioloji səmərəyə malikdir. Bununla belə, dekorativ yaşıllaşdırma sahələrində, park və bağlarda ekoloji təhlükəsiz yanaşmaların tətbiqi daha məqsədəuyğun hesab edilir.

Alim bildirib ki, qəhvəyi mərmər bağacığına qarşı cinsi feromon tələlərinin tətbiqi, təbii entomofaqların qorunması və onların bioloji mübarizədə istifadəsi gələcəkdə daha effektiv və ekoloji cəhətdən təhlükəsiz nəticələr verə bilər. Bu istiqamətdə elmi araşdırmaların genişləndirilməsi həm Abşeron yarımadasında, həm də ölkənin digər yaşıllıq və kənd təsərrüfatı ərazilərində zərərvericinin yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.

https://azertag.az/xeber/abseronda_qehveyi_mermer_bagaciginin_yayilmasi_ve_ona_qarsi_ekoloji_mubarize_usullari_arasdirilib-4299067