Qarabağ və Şərqi Zəngəzurun zəngin florasının yenidən elmi tədqiqi Azərbaycanın botanika elmi üçün yeni mərhələ açıb. Bu ərazilərdə aparılan ekspedisiyalar nadir və endemik bitkilərin mövcud vəziyyətinin qiymətləndirilməsi, uzun illər müşahidə olunmayan növlərin yenidən qeydə alınması, habelə bölgənin biomüxtəlifliyinin bərpası istiqamətində mühüm elmi nəticələr əldə etməyə imkan verib. Qarabağ florasının öyrənilməsi, yeni “Qırmızı Kitab”ın hazırlanması və təbiət sərvətlərinin qorunması ilə bağlı həyata keçirilən tədqiqatlar həm ölkənin ekoloji təhlükəsizliyi, həm də gələcək nəsillər üçün böyük əhəmiyyət daşıyır. Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun direktoru vəzifəsini icra edən professor Səyyarə İbadullayeva AZƏRTAC-a müsahibəsində Qarabağ və Şərqi Zəngəzurda aparılan botanika tədqiqatlarının nəticələri, “Qarabağ florası” kitabının elmi yenilikləri, nadir bitkilərin mühafizəsi, Azərbaycanın bitki müxtəlifliyinin gələcəyi və biomüxtəlifliyin qorunmasının prioritetləri barədə danışıb.
-Ekspedisiyaların əsas nəticələri nədən ibarətdir? Ekspedisiyalar zamanı elm üçün yeni və ya uzun illər qeydə alınmayan bitki növləri aşkarlanıbmı?
-Qarabağ və Şərqi Zəngəzurda aparılan botaniki ekspedisiyalar regionun flora müxtəlifliyinin öyrənilməsi və biomüxtəlifliyin vəziyyətinin qiymətləndirilməsi baxımından mühüm nəticələr verib. Topxana meşəsində monitorinqlər zamanı meşə ekosisteminin antropogen təsirlərə məruz qaldığı müəyyənləşdirilib və meşə talalarında bəzi qida əhəmiyyətli bitkilərin becərilməsi üzrə tədqiqatlara başlanılıb. Bəsitçay Dövlət Təbiət Qoruğunda isə əsrlik çinar ağaclarının zədələndiyi, lakin təbii bərpa prosesinin başladığı da müşahidə olunub. Qoruqda araşdırmalar zamanı çaykənarı ərazilərdə və ağacların üzərində 6 mamır növü qeydə alınıb. Bundan əlavə, bir ağac nümunəsi üzərində elm üçün yeni hesab edilən 3 növ aşkarlanaraq molekulyar təsdiq üçün xarici laboratoriyalara göndərilib. Həmin tədqiqatların nəticələri nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunub. Dünya səviyyəsində “Qırmızı Siyahı”ya daxil edilmiş “Trifolium bobrovi” növünün yeganə yayılma ərazisi Şuşa ilə Laçın arasındakı Sarıbaba dağındadır. Xarici ekspertlərlə birgə keçirilən ekspedisiyalar zamanı sözügedən növə aid 3 nümunə aşkar edilərək təyin olunub, herbari nümunəsi hazırlanıb.
-Qarabağın flora biomüxtəlifliyi alimlər üçün hansı yeni imkanlar açır?
-Qarabağ florasının sistemli şəkildə öyrənilməsi Azərbaycan botanika elmi üçün 30 il aparılmayan tədqiqatların davamı hesab olunur. Uzun illər ərzində regionun flora müxtəlifliyi ayrıca fundamental nəşr şəklində tədqiq edilməmişdi. Aparılan araşdırmalar nəticəsində 2200-dən çox bitki növünə (1797 ali, 262 ibtidai (yosun, mamır və şibyələrə) və 341 göbələk növünə dair məlumatlar toplanaraq “Qarabağ florası” adlı fundamental əsərdə əks etdirilib.
Bu tədqiqatlar gələcəkdə yeni növlərin aşkarlanması, bitkilərin yeni areallarının dəqiqləşdirilməsi, endemik və subendemik növlərin yenidən qiymətləndirilməsi, həmçinin regionun biomüxtəlifliyinin beynəlxalq səviyyədə təqdim olunması üçün geniş imkanlar yaradır. Növbəti mərhələdə, ərazilər tam şəkildə tədqiq üçün əlçatan olduqdan sonra flora araşdırmalarının yenidən aparılması və əldə olunan yeni məlumatların elmi nəşrlərə əlavə edilməsi nəzərdə tutulur.
Tədqiqatlar zamanı Qarabağın nadir bitki sərvətlərindən olan və dünya miqyasında xüsusi əhəmiyyət daşıyan növlər də öyrənilib. Bu tədqiqatların nəticələri göstərir ki, Qarabağın flora müxtəlifliyi yalnız Azərbaycanın deyil, bütövlükdə dünya biomüxtəlifliyinin qorunması baxımından böyük elmi əhəmiyyət daşıyır.
-Həmin ərazilərdə nadir və endemik bitkilərin vəziyyəti necə qiymətləndirilir? Qarabağ florasının bərpası üçün hansı elmi tövsiyələr hazırlanıb?
-Ekspedisiyalar nəticəsində Qarabağ ərazisində nadir və endemik bitkilərin vəziyyəti yenidən qiymətləndirilib. 2023-cü ildə Azərbaycanın “Qırmızı Kitab”ına Qarabağdan 86 növ daxil edilsə də, son tədqiqatlar nəticəsində bu rəqəm 99 növə çatdırılıb. Nadir bitkilərin qorunması məqsədilə “Qarabağın nadir bitkilərinin məlumat kitabçası” hazırlanaraq yerli icra strukturlarına, məktəblərə, bələdiyyələrə və digər qurumlara təqdim olunur. Alimlər həmin növlərin yayılma ərazilərinin mühafizəsinin gücləndirilməsi, qeyri-qanuni toplanmanın qarşısının alınması və əhalinin maarifləndirilməsi istiqamətində tövsiyələr hazırlayıblar.
-Hazırda Azərbaycanın “Qırmızı Kitab”ında neçə növ qeydə alınıb və onların yayılma arealları hansı bölgələri əhatə edir? Yeni nəşrlə bağlı hansı təkliflər nəzərdə tutulur?
-2023-cü ildə Azərbaycanın “Qırmızı Kitab”ında 462 bitki növü qeydə alınıb. Müqayisə üçün qeyd edim ki, 2013-cü il nəşrində bu göstərici 266-dan bir qədər çox idi. Hazırda növbəti nəşr üçün yeni növlərin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir. Təkcə bizim tədqiqat qrupumuz tərəfindən təxminən 9 növün növbəti “Qırmızı Kitab”a daxil edilməsi təklif olunur. Bununla yanaşı, meşəşünaslar, geobotaniklər və digər mütəxəssislər tərəfindən də müvafiq araşdırmalar aparılır. Məqsəd 2030-cu ilədək “Qırmızı Kitab”ın növbəti nəşrini hazırlayaraq təqdim etməkdir. Nadir bitkilərin yayılma areallarına gəldikdə, belə növlərlə ən zəngin ərazilərdən biri Naxçıvan Muxtar Respublikasıdır. Burada nadirliyin yaranmasına həm təbii iqlim amilləri, xüsusilə quraqlıq, həm də antropogen təsirlər səbəb olur. Son dövrlərdə dağ çaylarında baş verən sel və daşqınlar da suya tələbatı olan bitkilər üçün ciddi təhlükə yaradır. Bu səbəbdən həmin ərazilərdə yenidən monitorinqlərin aparılması və populyasiyaların vəziyyətinin qiymətləndirilməsi vacibdir.
“Qırmızı Kitab”da yalnız ali sporlu və çiçəkli bitkilər deyil, həmçinin yosunlar, mamırlar, şibyələr əhatə olunur. Gələcək tədqiqatlarda da nadir və endemik növlərin araşdırılması əsas istiqamətlərdən biri olacaq.
– Son illərdə hansı bitki növlərinin populyasiyası daha çox təhlükə altında qalıb?
-Son illərdə ən çox təhlükə altında olan bitkilər əsasən geofitlərdir. Bu qrupa daxil olan bitkilər dekorativ xüsusiyyətlərinə, eləcə də qida və müalicə məqsədləri ilə geniş istifadə edilmələrinə görə daha çox toplanır. Nəticədə onların təbii populyasiyalarında azalma müşahidə olunur. Botanika sahəsində aparılan müşahidələr göstərir ki, erkən yazda toplanaraq bazarlarda satılan bir sıra geofit bitkilər insanların yüksək marağı səbəbindən təbiətdə əvvəlki qədər geniş yayılmır. Bu növlər arasında Puşkiniya (el arasında “ələyəz” kimi tanınır) xüsusi yer tutur. Həm dekorativ görünüşü, həm də qida məqsədilə istifadə olunması onun həddindən artıq yığılmasına gətirib çıxarır.
Təhlükə altında olan növlərdən biri də “Rheum ribes” (uşqun) bitkisidir. Bu nadir növ əsasən Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərində yayılıb. Yaz aylarında bitkinin cavan zoğlarının qida məqsədilə kütləvi şəkildə toplanması onun çiçəkləmə və toxumvermə prosesini pozur. Nəticədə bitki öz təbii çoxalma imkanlarını itirir və populyasiyası ildən-ilə azalır.
Bitki ehtiyatlarından səmərəli istifadə edilməsi üçün hər növün bioloji xüsusiyyətləri nəzərə alınmalıdır. Bəzi yabanı meyvələrin müəyyən hissəsinin toplanmasına icazə verilsə də, nadir və məhdud yayılmış bitkilərin yalnız çox kiçik hissəsinin yığılması məqsədəuyğundur. Əks halda həmin növlərin bərpası çətinləşir və biomüxtəlifliyə ciddi zərər dəyir. Nadir bitkilərin qorunması yalnız dövlət qurumlarının deyil, həm də cəmiyyətin ümumi məsuliyyətidir.
-Biomüxtəlifliyin qorunması üçün hansı tövsiyələrinizi verərdiniz?
-Biomüxtəlifliyin qorunması yalnız alimlərin və ya dövlət qurumlarının vəzifəsi deyil, hər bir vətəndaşın məsuliyyətidir. Təbiətdə mövcud olan hər bir bitki növü ekosistemin sabitliyində mühüm rol oynayır və onların itirilməsi bütöv təbii zəncirin pozulmasına səbəb ola bilər. Bu gün qoruduğumuz hər bir ağac, bitki və təbii yaşayış mühiti gələcək nəsillərin ekoloji təhlükəsizliyinə verilən ən böyük töhfədir. Təbiəti qorumaq əslində öz gələcəyimizi, su ehtiyatlarımızı, torpaqlarımızı və həyat keyfiyyətimizi qorumaq deməkdir. Ona görə də biomüxtəlifliyin mühafizəsi elmi zərurət olmaqla yanaşı, cəmiyyətin davamlı inkişafının əsas şərtlərindən biridir.