AR ETN Botanika İnstitutunun alimlərinin müəllifi olduğu "Abşeron yarımadasının quru subtropik şəraitində becərilən Passiflora edulis L. meyvələrinin fitokimyəvi xarakteristikası, antioksidant potensialı və pektin xüsusiyyətləri" adlı elmi məqalə beynəlxalq elmi bazalarda indekslənən Q1 kvartilli Asian Journal of Agriculture and Biology jurnalında dərc olunub.
Tədqiqatın əsas məqsədi introduksiya edilmiş Passiflora edulis L. növünün Abşeron şəraitinə uyğunlaşmasını, meyvələrinin bioloji aktiv maddələrlə zənginliyini və onların qida, əczaçılıq və biotexnologiya sahələrində istifadə perspektivlərini müəyyənləşdirmək olub. Tədqiqat çərçivəsində meyvələrin tərkibində karotinoidlər, fenol birləşmələri, flavonoidlər, vitaminlər, makro və mikroelementlər, həmçinin pektinin fiziki-kimyəvi xüsusiyyətləri müasir analitik metodlarla öyrənilib.
Alınan nəticələr göstərib ki, Abşeron şəraitində yetişdirilən Passiflora edulis L. meyvələri yüksək antioksidant aktivliyə malikdir və β-karotin, fenol birləşmələri, flavonoidlər, eləcə də qida baxımından əhəmiyyətli mineral elementlərlə zəngindir. Meyvədən alınan pektinin molekulyar xüsusiyyətləri isə onun gələcəkdə funksional qida məhsulları, hidrogellər və əczaçılıq preparatlarının hazırlanmasında perspektivli xammal kimi istifadə oluna biləcəyini göstərir.
Tədqiqatın nəticələri sübut edir ki, Abşeron yarımadasının torpaq-iqlim şəraiti Passiflora edulis L. növünün uğurlu introduksiyası və bioloji aktiv maddələrin toplanması üçün əlverişlidir. Bu isə ölkəmizdə yüksək əlavə dəyərə malik subtropik bitkilərin becərilməsi və əczaçılıq sənayesinin xammal bazasının genişləndirilməsi baxımından mühüm elmi-praktiki əhəmiyyət daşıyır.