| Bakalavrların və digər ali təhsilli şəxslərin Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbulu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları” ilə tənzimlənir. Magistraturaya qəbul "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bakalavrların cari tədris ilində biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. İmtahanların məzmunu, forması, aparılma texnologiyası, davametmə müddəti, keçiriləcəyi yer və günlər DİM tərəfindən müəyyən edilir. İmtahanların məzmunu DİM tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir. Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu DİM tərəfindən müəyyən edilmiş müddətdə və qaydalara əsasən internet vasitəsi ilə aparılır. Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir: - bakalavrın ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil üzrə biliklərinin qiymətləndirilməsi imtahanı;
- ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı.
İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına birinci mərhələnin nəticələrinə əsasən proqram seçimində iştirak etmək hüququ qazanmış və proqram seçib təsdiq etmiş bakalavrlar buraxılırlar. Qəbul imtahanının hər bir mərhələsində iştirak etmək üçün bakalavrın ayrıca imtahana buraxılış vərəqəsi olmalıdır. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar DİM tərəfindən müəyyən edilmiş müddətdə"Bakalavrın imtahana buraxılış vərəqəsi"ni eservices.dim.gov.az/erizemag/brxvmag internet səhifəsinə daxil olaraq çap edib götürməli, imtahanın yeri və keçirilmə tarixi qeyd olunan buraxılış vərəqəsini (hər mərhələ üçün ayrıсa) və şəxsiyyətlərini təsdiq edən sənədi imtahana hökmən gətirməlidirlər. |